• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“AMAY” rəhbəri hakimdən xahiş etdi: “İçəridə saatlarımı sayıram...”

“AMAY” rəhbəri hakimdən xahiş etdi: “İçəridə saatlarımı sayıram...”

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, eləcə də mərkəzin işçiləri Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın məhkəməsi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesin əvvəlində təqsirləndirilən şəxslərin yeni vəkillərlə müqavilə bağladığı üzə çıxıb. Hakim bildirib ki, bundan sonra Vidadi Qurbanovu vəkil Yavər Hüseyn, Nadejda İlyasovanı isə vəkil Məzahir Sadıqov müdafiə edəcək.

Vəkillər məhkəmə zalının kiçik olduğunu, prosesin daha böyük zalda keçirilməsini istəyiblər. Hakim qeyd edib ki, bütün cinayət işlərinə bu zalda baxırlar. Məlum olub ki, Nadejda İlyasovanın vəkili prosesə qatılmayıb. Nadejda İlyasova yeni vəkillə müqavilə bağlamadığını söyləyib: “Mən vəkili görməmişəm və onunla müqavilə bağlamamışam. Vəkilin prosesdə iştirak etməməsinə problem yoxdur. Proses təxirə salınmasın”.

Abdulla Abdullayevin vəkilli Əkbər Bağırov deyib ki, 26 fevral Xocalı soyqırımının növbəti ildönümüdür, buna görə məhkəmə iclasında bir dəqiqəlik sükut elan olunsun. Vəkilin təklifi qəbul olunub, faciə qurbanları bir dəqiqəlik sükutla anılıb.

Abdulla Abdullayevin digər vəkili Osman Kazımov bildirib ki, müdafiə etdiyi şəxsə ittihamın mahiyyəti aydın deyil, prokuror Abdulla Abdullayevə ittihamın mahiyyətini izah etməlidir. Abdulla Abdullayevin başqa bir vəkili Murad Əliyev əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Deyib ki, Texnikabank”ın müşahidə şurasının sədr müavini Samir Baxışəliyevin əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyir.
Vəsatətlərə münasibət bildirən prokurorun sözlərinə görə, müdafiə tərəfi ittihamın mahiyyəti ilə bağlı ötən iclasda məsələ qaldırıb və müzakirə aparılıb: “Müdafiə tərəfi ittihamın mahiyyətinin həm Abdulla Abdullayevə, həm də onların özünə aydın olmadığını bildiriblər. İttihamın mahiyyətinin təqsirləndirilən şəxsə izah edilməsi qanunla nəzərdə tutulmuş qaydada mümkündür.

Burada olan vəkilləri çoxdan tanıyıram, onların savadına şübhəm yoxdur. Amma vəkilə ittihamın mahiyyətinin aydın olmaması müsbət hal deyil. Çünki onlar təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirirlər. Bir hüquqşünasa ittihamın mahiyyətinin aydın olmaması mümkün deyil. Əgər ittiham aydın deyilsə, onların təqsirləndirilən şəxsi necə müdafiə edəcəkləri şübhə altına düşür. Buna görə də vəkillər çıxış edərkən fikirlərinə diqqət yetirsinlər.

Əkbər Bağırova böyük hörmətim var, onun savadına şübhə eləmirəm. Deyir, ittiham mənə aydın deyil. Prokurorun ittihamı izah eləmək vəzifəsi yoxdur. Prokuror ittihamın nəticəvi hissəsini elan edir, sonrakı məsələlər məhkəmədə araşdırılır.

Təqsirləndilən şəxs isə ittihamın mahiyyətini başa düşməyə bilər. Ona ittihamın mahiyyətini qanunla nəzərdə tutulmuş qaydada məhkəmə sədri izah etməlidir. Buna görə də məhkəmədən vəkillərin vəsatətlərinin bu hissəsinin təmin edilməsini xahiş edirəm”.

Prokuror müdafiə tərəfinin digər vəsatətlərini əsassız sayıb. Onun çıxışı zamanı prosesdə gərginlik yaranıb. Vəkillərlə prokuror arasında söz atışması olub. Aranı sakitləşdirən hakim heyəti yerində müşavirə keçirərək qərarı açıqlayıb.

Hakim Əfqan Hacıyev bildirib ki, Abdulla Abdullayevə ittihamın mahiyyətinin izah edilməsi ilə bağlı vəsatət təmin olunub. Digər vəsatətlərsə təmin edilməyib.

Fasilədən sonra hakim Abdulla Abdullayevi ittihamın mahiyyəti ilə tanış edib. Lakin “AMAY” rəhbəri özü haqqında səsləndirilən ittihamlarda mənimsəmə ilə bağlı məqamların olmadığını bildirib. O, qeyd edilən məbləğin kredit məqsədi ilə götürüldüyünü deyib.

Abdulla Abdullayev hakimə müraciət edərək məhkəmə proseslərini həftədə iki dəfə keçirməyi xahiş edib: “İnsan içəridə saatlarını sayır. Mən orada günahsız yerə saxlanılıram. Xahiş edirəm, nə cəza verəcəksinizsə, tez verin. Gedək işimizin-gücümüzün dalınca”.
Növbəti proses martın 5-nə təyin olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR