Dövlət Komissiyası bu qurumlardan narazıdır
Bizi izləyin

Qırmızı.az

Dövlət Komissiyası bu qurumlardan narazıdır

“Dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələbləri əsasən 3 istiqamətdə pozulur. Bunlar vakant inzibati vəzifələrin qanunvericiliyə uyğun olaraq tutulması məqsədilə dövlət orqanları tərəfindən Komissiyaya təqdim edilməməsi, müsabiqədən uğurla keçən namizədin vakant vəzifəyə təyin olunmasında gecikmələr və müsabiqə qalibinin iddia etdiyi vəzifəyə təyin edilməməsi və ya başqa vəzifəyə təyin edilməsidir”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vafadar Misirov “Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat” mövzusunda keçirilən dəyirmi masada bildirilib.

Komissiyanın dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini deyən V. Misirov qeyd edib ki, bəzi dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları da aşkar edilib:

"Bəzi qurumlar, o cümlədən Dənizkənarı Bulvar İdarəsi indiyə kimi heç vaxt Komissiyanın vakansiyalarında iştirak etməyib. Bəzi nazirliklər, o cümlədən Təhsil Nazirliyi, Tarif Şurası, Maliyə Nazirliklərinin xidmətləri və digər bu kimi qurumlar bizə il ərzində heç bir vakansiya təqdim etmirlər".

V. Misirov həmçinin qeyd edib ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanı və müsahibə nəticəsində ümumilikdə 4786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub.

Tədbirdə qeyd olunub ki, 2007-2014-cü il ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrdə ümumilikdə 153 dövlət orqanı üzrə 13387 vakanat dövlət qulluğu çıxarılıb. Müsabiqə və müsahibələrdə 58527 namizəd iştirak edib, onlardan 5485 nəfəri vakant vəzifələrə uyğun hesab edilib və 4786 nəfər isə müvafiq vəzifəyə təyin edilib.

2012-2015-ci illər ərzində dövlət qulluqçuları tərəfindən davranış qaydalarının pozulmasıyla bağlı Komisiyaya 34 şikayət daxil olub və şikayətlər araşdırılıb.

Tədbirdə həmçinin qeyd olunub ki,”Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun müddəalarını pozan dövlət orqanları tərəfindən 343 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 319 nəfərə töhmət verilib, 10 nəfər dövlət qulluğundan azad edilib, 10 nəfərin vəzifə maaşı azaldılıb, 4 nəfər isə aşağı vəzifəyə keçirilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm