• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bir yol var ki dünyada, söyüş gəlir fəryada... - VİDEO

Bir yol var ki dünyada, söyüş gəlir fəryada... - VİDEO

Sizə nədən deyim, kimdən danışım.... Bizim tıxaca düşmədikdə darıxdığımız Bakı - Sumqayıt yolundan və bu yolun əzəli, əbədi qulağı “bipppp”, “düüüt” səslərinə öyrəşən binəva yolçularından. Yeri gəlmişkən, elə bu binəvalardan biri də mən özüməm. Nəql edəcəyim hekayə də nə ikinci, nə də üçüncü şəxsin dilindəndir. Sadəcə gördüyümü, eşitdiyimi necə var, elə də yazacam. Əlqərəz, söhbəti uzatmayım.

Həmişəki kimi, səhərin şirin yuxusuna zəhər qatıb sübh tezdən durdum. Nə var-nə var, “üzü təraş olunmuş” yolda “keçəl” təkərlə şütüyən marşrutların tıxac problemindən bir balaca yan keçim deyə. Amma deyir, sən saydığını say, gör fələk nə sayır. Onu da deyim ki, fələyin nə saydığından xəbərim olmasa da, bir şeyi tam dəqiq bilirəm: o, bizi heç adam yerinə qoymur. Nə isə... bir az kadrı yığaq, gələk günümüzün əsas qəhrəmanlarına.

Tarix 27.02.2015, saat 07.45. Qurbanı olduğum tıxacda mürgü necə tutubsa, özümdən keçmişəm. Marşrutdakı xeyir-dua sədalarına oyandım. Gördüm ki, 06.20-də Sumqayıtdan çıxsam da, hələ “Şamaxinkaya”çatmamışam. 08.30-da olmalı olduğum ünvana gecikmə riski yaranıb. Necə edim deyirdim ki, bir də gördüm millət düşüb yolun ağına. Əsəbdən onsuz da beyinə qan işləmir, dedim, bir az mən gəzim, bəlkə, heyrətdən donan qanım da hərəkətə gələr.

Qanımız hərəkətə gəlmişdi ki, gördüyüm mənzərə qarşısında yenə mənfi selsidə donmağa başladı. Avtovağzalın qarşısında bir həftədi “təraş olunan” yolda bir maşın digərini bir balaca sürtüb. Söhbət başlayıb, özü də necə. Necə deyərlər, çeynəyib, dişləyib, didib və nəhayət, bir-birlərini “al qana” qərq edən iki sürücü və onları tamaşaya çıxan sərgərdan yolçular. Şəkil çəkən kim, video çəkən kim, selfie çəkən kim. Bu arada o çəkənlərdən biri də mən idim. Amma o əsnada mənim çəkdiyim bir şey də vardı – DƏRD. Çox ağır bir dərd. Axı necə də olmasın. Savaşan sürücülərdən birinin maşınında qadın əyləşib, digərində isə 12-13 yaşlarında qorxudan bağrı yarılan, “dalaşmayın” deyə qışqıran uşaq. Bu arada səslənən söyüşlərə gəlincə, biri bir qəpik. Gözəl vətəndaşım, bəs harada qaldı sənin hər şeydən öndə gedən insanlığın, mentalitetin (hərçənd, bu sözün keyfiyəti ölüb). Bəs harada qaldı qadına, uşağa olan hörmət? Hə... harada qaldı? Yaxın-uzaq keçmişə baxaq, yoxsa?.. Deyəcəksiz, yoxsa NƏ? Onu deməyim, nöqtələrin yerinə özünüz bir şey taparsız...

Əslində, mənim işim bir fotomüxbir kimi ancaq şəkil çəkməkdir. İşimi də çox sevirəm. Çünki əksər hallarda bizi bizə göstərən yeganə vasitə elə fotodur. Artıq söz də öz taxtından düşüb. Molla Nəsrəddinin bir əhvalatı yadıma düşdü – “qovurğa məsələsi”. Külək hardan əsirsə, mollanın qovurğası kimi, sözləri də o səmtə tullayır. Mollanın mədəsi, bizimsə vicdanımız ac qalır...

Gözəlim vətəndaşım, canbirim, qanbirim. Özünə bir də bu videoda və fotolarda bax... Bu qədər aqressiv olma. Sürtülən bir dəmir parçasına görə qadınını, uşağını hörmətdən salma. Yol ortasında o ucuz söyüşlər dilində pərvaz edib arvad-uşağının qulağında məskən qazanmasın.

Bu qədər...

Elçin MURAD

Xəbər lenti

DAHA ÇOX XƏBƏR