• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ərzaq bazarında qiymətlər sabitdir - RƏSMİ

Ərzaq bazarında qiymətlər sabitdir - RƏSMİ

Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi 21 fevral 2015-ci il tarixinindən etibarən qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınmış və çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılması təmin edlmişdir. Hazırda pərakəndə ticarət obyektlərində çörək və çörək məhsulları əvvəlki qiymətlərlə satılır və qiymətlər sabitdir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində manatın məzənnəsinin dəyişdirilməsindən sonrakı ilk günlərdə dərman preparatlarının qiymətlərində müşahidə olunan qiymət artımının qarşısı alınmış və dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılmışdır.

Dövlət Xidmətinin ölkə ərazisini və bütünlükdə istehlak bazarını əhatə edən monitorinqləri zamanı bəzi ticarət obyektlərində bir sıra ərzaq malları üzrə süni qiymət artımı, habelə süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılması halları müəyyən edilmişdir. Bununla əlaqədar, həmin malların istehlak bazarında əsas təchizatçıları barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış və qanunvericiliyə uyğun tədbirlər görülür.

Monitorinqlər zamanı həmçinin, bəzi marketlərdə süni qıtlıq yaratmaq məqsədilə malların dövriyyədən çıxarılması, istehlakçıların qiymətdə və çəkidə aldadılması halları da aşkar edilmiş və bu qanunsuzluqların qarşısı alınmışdır. Qanun pozuntusuna yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görülmüşdür.

Dövlət Xidməti tərəfindən bir sıra ticarət obyektlərində əsassız qiymət artımı və istehlakçıların qiymətdə aldadılması üzrə yoxlamalar aparılmış və müvafiq tədbirlər görülmüşdür. Artıq bir sıra ticarət müəssisələrində də həmin əlamətlər üzrə yoxlamalar aparılır.

Bildiririk ki, görülmüş tədbirlərin nəticəsi olaraq, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir, artım müşahidə edilmir və manatın məzənnəsinin dəyişdirilməsindən əvvəlki dövrdəki səviyyədədir.

Bununla belə, İqtisadiyyat və Sənaye Nazirliyi intensiv nəzarət tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR