• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Konserti təxirə salınan reper danışdı

Konserti təxirə salınan reper danışdı

Reper Həbib Rüstəm: “Konserti yaxın günlərdə başqa ünvanda təşkil edəcəyik”

Xəbər verildiyi kimi polis repçi “Kabus”un “Ergenekon” adlı solo-konsertinə imkan verməyib. (http://publika.az/p/6553).

Konsert fevralın 16-da Bakının “Vətən” kinoteatrında baş tutacaqdı. Məlumata görə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları kinoteatra gələrək konsertin təxirə salınmasını və bunun üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmasını tələb ediblər.

Konsertin təxirə salınması ilə bağlı sosial şəbəkələrdə çoxsaylı müzakirələr gedir. Xüsusən də konsertin afişası müzakirə mövzusuna çevrilib. Bəzi şəxslər sosial şəbəkədə yazırlar ki, reperin afişada istifadə etdiyi simvollar faşizm simvoludur.

Araşdırma zamanı məlum oldu ki, konsertin dəstəkçisi Milli Fikir Mərkəzi, informasiya dəstəkçisi etatist.com saytıdır. Maraqlıdır ki, konsertin afişasında istifadə olunan şriftlər də adıçəkilən saytın şriftləri ilə eynidir. Bəzi mənbələrdə bu simvolların, qartal işarəsinin radikal millətçi işarəsi olduğu da qeyd olunur.

Deyilənlərlə bağlı reperin fikirlərini öyrəndik. Reper Həbib Rüstəm Publika.Az saytına bildirdi ki, qanunda konsert təşkil etmək üçün hansısa qurumdan icazə almağa lüzum yoxdur: “Biz mitinq keçirmirik ki, Bakı Şəhər İcra Hakimiyyətindən icazə alaq. Bu konsertdir. Konsert zamanı isə icazə alınmır. Həmin ərazi Nəsimi rayonunda yerləşir. Biz Nəsimi rayon Polis İdarəsinə də getmişdik. Ancaq onlar dedilər ki, bizim heç bir əməkdaşımız konsertin qarşısını almayıb. Dedilər ki, bu barədə məlumatımız yoxdur”.

Reper simvollar haqda deyilənlərə də toxundu: “Bu simvol Berkutun türk mifologiyasıdır. Yüksəkdə durmaq mənasını verir. Ancaq sonradan Adolf Hitlerin simvolu kimi tanınıb. Amma kökündə Berkut dayanır. Məhz bu simvolun əsl mənasının “yüksəkdə durmaq” olduğunu nəzərə alaraq onu afişaya daxil etmişəm. Əgər polis simvola şübhə ilə yanaşıbsa, gələrdilər biz onlara izah edərdik.

Konsertə gəldikdə isə deyə bilərəm ki, bu konsert keçiriləcək. Lakin konsertin yeri və saatı dəqiqləşdikdən sonra məlumatları yayacağıq. Hesab edirəm ki, yaxın müddətdə konsert baş tutacaq. Ancaq konsert tamamilə ləğv olunmayacaq”.

Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq” radiosuna faktı təsdiqləyib, deyib ki, konsertə imkan verilməməyinin səbəbi təhlükəsizlik məsələləri olub.

Elmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR