• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Narkotik satan qarmonçalanın “İran təranələri”

Narkotik satan qarmonçalanın “İran təranələri”

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Beyləqan rayon sakinləri Ramil Məmmədzadə və İsmayıl Alışovun məhkəməsi başa çatıb.

İsmayıl Alışov şəxsiyyətləri istintaqa məlum olmayan İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq dövlət sərhədindən gizli şəkildə Azərbaycan ərazisinə narkotik keçirməyi planlaşdırıb. 10075 qram həşiş qətranı o, dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçirib.

İsmayıl Alışov ikinci dəfə eyni qaydada və eyni miqdarda həşiş qətranını İrandan gecə saat 01.00 radələrində nəzarət-buraxılış məntəqələrindən kənar hissədən Beyləqan rayonu ərazisinə keçirməyə cəhd edib. Bu dəfə onu Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb. İstintaq zamanı onun Ramil Məmmədzadə ilə əlbir olduğu üzə çıxıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Məmmədzadə 12 il 6 ay, İsmayıl Alışov isə 12 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ramil Məmmədzadə apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayətə Şirvan Apelyasiya Məhkəməsi baxıb.

“Bakıda çoxlu musiqiçi tanıyıram”

Hakim Etibar Camalovun sədrliyi ilə keçən apelyasiya prosesində Ramil Məmmədzadə musiqiçi kimi toylarda qarmon ifa etdiyini bildirib: “Sənətimlə əlaqədar Bakıda çoxlu musiqiçi tanıyıram. Arif Alışov həmkəndlimdir. Onun oğlanları İsmayıl və Validi uşaqlıqdan tanımışam. Arif oğlu Validin toyuna musiqiçiləri dəvət etməyi mənə tapşırmışdı. Mən Bakı şəhərindən toya musiqiçi gətirdim. Musiqiçilər gecikdiyi üçün toy 15 dəqiqə gec başladı. Buna görə Arif mənə pul verməyəcəyini dedi. Amma toyun sonunda 300 manat verdi, 300 manat da borclu qaldı. Arif dedi, toya pul yığılmayıb.

Toydan sonra İsmayıldan pulu istəyəndə “atam qoca kişidir, onunla işin olmasın” deyib 15-20 günə pulu çatdıracağını bildirdi. Bundan bir müddət sonra İsmayılla zəngləşib görüşdüm, borcumu istədim. İsmayıl narahat olmamağı və pulu verəcəyini dedi. Sonra bir dəfə də ona zəng etdim, görüşdük. Həmin vaxt görüşə İsmayılın atası da gəlmişdi. Onlar mənə pul verməyəcəklərini bildirdilər. Həmin gecə İsmayılı tutdular. Mənim qalan hadisələrdən xəbəri yoxdur.

İsmayılla yalnız borcu olduğu 300 manat pula görə zəngləşmişəm, görüşüb danışmışam. Görüş zamanı İsmayılla dalaşmamışam, mehriban söhbət etmişik. Narkotik alqı-satqısı ilə məşğul olmamışam. İsmayıla iranlılardan narkotik alıb gətirməyi tapşırmamışam. Onun barəmdə verdiyi ifadənin məqsədini başa düşmürəm".

Qəbiristanlıqda görüş

İsmayıl Alışov deyib ki, həmkəndlisi Ramil Məmmədzadə ona zəng vuraraq görüşüb: “Ramil mənə İrandan 50 mobil telefon göndərildiyini, həmin telefonları götürmək üçün birgə getməyi təklif etdi. Saat təxminən 19 radələrində birlikdə Beyləqanın Birinci Şahsevən kənd qəbiristanlığının yanında gözləyərkən, Ramilin telefonuna zəng gəldi. Zəng vuran iranlı Ramilə sərhəddə əsgərlərin olduğunu, ona görə gələ bilməyəcəklərini dedi. Ramillə geri qayıtdıq”.

İsmayıl Alışovun sözlərinə görə, ertəsi gün Ramillə yenidən görüşüb: “Həmin vaxt Ramil mənə İran nömrəsi verdi və bildirdi ki, telefonla İrandan Azərbaycana sərhədi keçən şəxs əlaqə saxlayım. Ramil həmin şəxslərlə görüşdən əvvəl nömrəni telefondan çıxarmağı tapşırdı. Bundan başqa, iranlının içərisində 50 telefon aparatı olan çanta verəcəyini dedi, bu işin müqabilində mənə telefon aparatı vəd elədi.

Həmin gün saat təxminən 18 radələrində ov silahını və patronları götürərək Birinci Şahsevən kənd qəbiristanlığının yaxınlığındakı su arxına çatdım. Orada təxminən 1 saata yaxın gözlədikdən sonra Ramilin verdiyi nömrəyə zəng vurdum, o da məndən harada olduğumu soruşdu. Qəbiristanlığın yaxınlığında olduğunu dedim. İranlı fermanı keçərək İkinci Şahsevən kəndinə tərəf gəlməli olduğumu söylədi. Həmin vaxt Ramil də mənə zəng vurdu. Ona iranlılarla danışıb görüşə getdiyimi dedim. Ramil ehtiyatlı olmağı tapşırdı.

Bundan sonra biz fənərlə biri-birimizə işarə verərək görüşdük. Ramilin tapşırığına görə, iranlılarla görüşdən əvvəl mobil telefonu simkartdan ayıraraq hərəsini bir tərəfə tulladım. Sonra fənərlə işarə verən şəxslərə yaxınlaşdım. Onlardan kim olduqlarını soruşdum. Gələn iki şəxs Nadirin adamları olduqlarını bildirdilər. Ramil tapşırmışdı ki, İranlı yaxınlaşanda Nadirin adamları olduqlarını deyəcəklər. Həmin adamlar 1500 ABŞ dolları məbləğində pul gətirib-gətirmədiyimi soruşdular. Heç bir pul gətirmədiyimi dedim. Bu səbəbdən Nadirə zəng vuraraq pulun gətirilmədiyini dedilər və daha sonra telefonu mənə verdilər.

Telefonda Nadirə pul gətirmədiyimi bildirdim. Sonra İranlılar gətirdikləri kisəni mənə tərəf atdılar, özləri isə İran tərəfə qaçdılar. Çantanı götürərək kəndə sarı gedərkən yolda qarşıma sərhədçilər çıxdılar. Zastavada iranlıların verdikləri kisəyə baxış keçirilərkən içərisində narkotik vasitəyə oxşar maddələr aşkar edildi, amma hər hansı mobil telefon yox idi. Sorğu-sual zamanı həmin kisəni həmkəndlim Ramil Məmmədzadəyə çatdırmalı olduğunu bildirdim.

İbtidai istintaq zamanı Ramil Məmmədzadə ilə üzləşdik, ifadəmdə göstərdiklərimi onun üzünə qarşı da təsdiq etdim. Mənim Ramilə heç bir borcu olmayıb. Ramil qardaşımın toy mərasimində qarmon çalıb. Həmin gün də ona vəd olunmuş 350 manat haqqı alıb. Mənim iranlılardan aldığım torba Ramilə məxsus olub".

Ramil Məmmədzadənin vəkili Toğrul Babayev müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prosesdə çıxış edən prokuror Ceyhun Əliyev müdafiə tərəfinin apelyasiya şikayətini əsassız hesab edib.

Tərəflərini fikirlərini öyrənən hakim sonda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR