Astarada 81 yaşlı atadan vəhşilik - lal və kar oğlunu öldürdü -TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Astarada 81 yaşlı atadan vəhşilik - lal və kar oğlunu öldürdü -TƏFƏRRÜAT

Astara rayon sakini, 1934-cü il təvəllüdlü Qurban Nəsirov öz doğma oğlunu qətlə yetirib.
Publika.
az xəbər verir ki, hadisə Astara rayonunun Ərçivan kəndində törədilib.

Qurban Nəsirovun lal və kar olan oğlu Rüfət Nəsirov həmişə evə sərxoş gəlib və bu səbəbdən də ata və oğul arasında daim mübahisə olub. Rüfət natəmiz və tüfeyli həyat tərzi keçirərək, ailə üzvlərinə narahatlıq yaradıb.

Yaşlı atası onun bu hərəkətlərinə iradını bildirib. Sərxoş oğul isə atasının iradlarına həmişə kobud cavab verib. Sonuncu dəfə də evə sərxoş gələn Rüfət yenə də dava salıb. Onun hərəkətləri 81 yaşlı kişini özündən çıxarıb.

Bu zaman ata əvvəlcə sərxoş oğlunu daşla vurub. Sərxoş olan Rüfətin müqavimət göstərməyə gücü çatmayıb və atasının zərbələrindən yerə yıxılıb. Yaşlı kişi yerdə köməksiz vəziyyətdə olan oğlunu döyə-döyə öldürüb.

“Rüfət narkotikə və içkiyə meyilli olub”

Qurban Nəsirov Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən yaşlı kişi elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, 12 övladı olub: “Həyat yoldaşımı erkən itirmişəm və uşaqlarımı təkbaşına böyütmüşəm. Digər övladlarımdan fərqli olaraq, Rüfət ailə həyatı qurmayıb, onunla bir evdə yaşamışam. Rüfət narkotikə və içkiyə meyilli olub, tüfeyli həyat tərzi keçirib”.

“Oğlumun öldüyünü xəbər verdim”

Qurban Nəsirovun sözlərinə görə, oğlu natəmiz olub: “Rüfət aylarla paltarını dəyişməyib və yuyunmayıb. Oğlum gündüzlər rayonun ərazisində fəhləliklə məşğul olub. O, pul qazanaraq həmin pullara da spirtli içkilər alıb içərək, sərxoşluq edib. 2012-ci il dekabrın 16-dan 17-nə keçən gecə qızım Zeynəb və gəlinim Pərvanə həyətə çıxarkən Rüfəti yerə uzanmış vəziyyətdə görüblər. Onlar mənə Rüfətin pilləkənin qarşısında yerdə uzandığını dedilər. Bu vaxt Rüfətin arxasınca deyinərək qızıma və gəlinimə yatmalarını söylədim. Həmin vaxt özüm də yatdım. Səhər saat 8 radələrində yuxudan durarkən Rüfətin yenə də pilləkənin qarşısında yerdə üzü üstə uzanıqlı vəziyyətdə olduğunu gördüm. Ona yaxınlaşdım və çevirəndə onun öldüyünü başa düşdüm. Buna görə də uşaqlarıma, qohum-qonşuya xəbər verdim”.

“Oğlumu öldürməmişəm”

Təqsirləndirilən şəxs bildirib ki, ora gələnlərə Rüfəti səhər vaxtı pilləkənin qarşısında ölmüş vəziyyətdə aşkar etdiyini, onun alkoqollu içki və ya narkotik vasitə qəbul edərək öldüyünü deyib: “Oğlumun ölməsi ilə əlaqədar kənd icra nümayəndəsindən ölüm kağızı istəmişəm. O isə bu barədə polisə məlumat verməli olduğunu bildirib. Bundan sonra məni polis şöbəsinə çağırıblar. Hadisə barəsində müstəntiqə də ətraflı məlumat vermişəm. Oğlumun mənim tərəfimdən deyil, digər şəxs və ya şəxslər tərəfindən öldürüldüyünü bildirmişəm. 17 dekabr 2012-ci ildə Rüfətin gecədən xeyli keçmiş evə sərxoş halda gəlməsinə baxmayaraq, onu vurmamışam, döyərək ona xəsarət yetirməmişəm”.

Məhkəmənin hökmü ilə Qurban Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qurban Nəsirov apelyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılmaq üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Qurban Nəsirovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm