Binə sakinlərinin qorxulu yuxusu -Yağış! - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Binə sakinlərinin qorxulu yuxusu -Yağış! - FOTOLAR

“İl boyu əlimiz göydə olub ki, güclü qar, yağış yağmasın. Yağsa, batıb qalacağıq palçığın içində. Elə bil alınmaz qalada yaşayırıq, yağış yağdı, evimizə maşın çıxmır. Ayaqla da gediləsi yol deyil. Nə xəstəmizi həkimə apara bilirik, nə uşaqlarımızı dərsə…”

Bunlar Binə qəsəbə sakini Mahuzar Qafarovanın şikayətinin kiçik bir hissəsidir. Mərdəkan şossesi Atçılıq mərkəzinin yaxınlığında yaşayan sakinlər üst-üstə yığılmış problemlərin çoxluğundan başlarını itiriblər. Şikayətçilərin sözlərinə görə, bərbad vəziyyətdə olan yolları sakinlər öz vəsaitləri hesabına düzəldir: “Camaat pul yığıb, traktor gətirib yolu babat düzəldir, amma yağış yağan kimi yenə də əvvəlki vəziyyətinə qayıdır. Baxan, maraqlanan yoxdur”.

Digər bir problem isə küçələrdə qoyulmalı olan zibil qabları ilə bağlıdır. Sakinlərin sözlərinə görə, İcra Hakimiyyətindən onların problemləri ilə maraqlanan yoxdur. Küçələrdə zibil qutuları qoyulmadığından hər kəs öz qapısının yanına bir zibil qutusu yerləşdirib. Bu problem də sakinlərin öz vəsaiti hesabına həll olunur. Əlbəttə, həll olunur demək olarsa: “Qonşularla yığışıb zibil maşını danışmışıq. Ona ayda 5-6 manat pul veririk ki, gəlib zibillərimizi yığıb aparsın. Maşın da həftədə bir dəfə gəlir, o gəlincə zibillərimiz küçədə qalıb iylənir. Şikayət eləmirik, həftədə bir dəfə də gəlsə, böyük işdir. Elə olur ki, maşın xarab olur, heç bir ay gələn olmur. Onda küçələrimizdən gələn qoxunu özünüz təsəvvür edin də…”

Şikayətçilərin sözlərinə görə, çox vaxt şəhərə gedəndə zibillərini də özləri ilə daşıyıb oradakı zibil qutularına atırlar.

Qəsəbənin digər vacib problemlərindən biri də uşaqların təhsili ilə bağlıdır. Qeyri-rəsmi məlumatlara görə, burada yaşayan əhalinin sayı 100 000 nəfəri keçib. Buna görə də qəsəbədəki məktəblər uşaqlara azlıq edir. Qəsəbə sakini Qəmər Məmmədovanın sözlərinə görə, uşaqlar ora getmək üçün hər gün kilometrlərlə yol qət etməli olurlar:

“Biz neçə ildir bu qəsəbədə - Atçılıq mərkəzinin yaxınlığında yaşayırıq. Hələ də burada məktəb tikilməyib. Kimin maşını var, səhər tezdən uşağı aparıb şəhərdəki məktəblərə qoyur. Maşını olmayanlar da qalıb burada zülmdə. Uşaqlarımız ən yaxşı halda magistralın o tərəfindəki köhnə Binə kəndindəki məktəbə gedirlər”.

Şikayətçilərin sözlərinə görə, qəsəbədaxili marşrutlar olmadığından valideynlər məcbur olub hər gün bir neçə dəfə palçıqda 3 kilometrə qədər yolu uşaqlarla bərabər məktəbə gedirlər. Nisbətən imkanı olan valideynlər uşaqlar üçün marşrut danışır və əlavə olaraq 40-50 manat pul ödəyirlər. Sakinlərin bildirdiyinə görə, yollar bərbad vəziyyətdə olduğundan qəsəbəyə gələn marşrutlar da sıradan çıxır. Sakinlər pul verdikləri bir yana, uşaqlarını da elə təhlükəli və qəzalı avtobuslara mindirməli olurlar.

Problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Yaşar Novruzovla əlaqə saxladıq. Yaşar Novruzov Publika.az-a bildirib ki, bu məsələ İcra Hakimiyyətinin səlahiyyətində deyil. Onun sözlərinə görə, İcra Hakimiyyəti zibil qutularını rayonun mərkəzi hissələrində yerləşdirib. “Bu məsələ ilə bağlı Binə qəsəbə bələdiyyəsi və qəsəbə nümayəndəsi ilə əlaqə saxlamağınız məsləhətdir”,- deyə cavab verib.

Binə qəsəbə bələdiyyəsinin sədr müavini Cəfərxan İsayevin Publika.az-a bildirdiyinə görə, bələdiyyə yalnız vaxtaşırı, imkanı olduqda yolları təmir edir: “Ötən il Atçılıq mərkəzinin yaxınlığında olan Nizami küçəsinə 40 maşın qreyder tökmüşük. Lakin qəsəbədə kanalizasiya sistemi olmadığından təmir etdiyimiz hissələr də dağılır. Hazırda magistral körpüdən fermaya qədər olan ərazidə asfaltlama işləri aparılır. Müvəqqəti olaraq bu iş dayandırılsa da, artıq aprel-may aylarından yenidən başlanılacaq”.

Binə qəsəbə nümayəndəsi Tahir Əliyevin Publika.az-a bildirdiyinə görə, həmin evlərin 90%-nin sənədi yoxdur. Problem də həmin ərazilərdə yaşanır:

“Problem ondadır ki, yolların çəkilməsi və təmiri üçün bizə vəsait verilmir. Hazırda həmin ərazidə Heydər Əliyev Fondu tərəfindən uşaq bağçası tikilir və bağçaya 22 kilometr uzunluğunda yol çəkilməsi nəzərdə tutulur”.

Bələdiyyənin sədr müavininin sözlərinə görə, hazırda qəsəbəyə zibillərin daşınması üçün 9 maşın ayrılıb. Zibillərin daşınması üçün hər ev sahibi ay ərzində 3 manat ödəyir. Lakin bəzi sakinlər bu pulu verməkdən imtina etdiklərindən, bələdiyyə 10 gün hər ayda bir dəfə özü onların zibillərini atmaq məcburiyyətində qalır. Əsas problem isə evlərin sənədsiz olması, qəsəbənin problemlərini həll etməyin bələdiyyənin imkanları xaricində olmasıyla əlaqədardır: “Qəsəbəyə zibilləri daşımaq üçün 6 min konteyner qoyulmalıdır. Bu ancaq ərazinin sənədləşməsindən sonra aparıla bilər. Bir qutudan zibili götürmək üçün xüsusi avtomaşın tələb olunur. Bunun da qiyməti 350-400 min manat civarındadır”.

Qəsəbə nümayəndəsinin sözlərinə görə, bu ərazilər əvvəllər Abşeron rayonun tabeçiliyində olub və sonradan Xəzər rayonuna verilib. Ərazidə nə ünvan, nə də küçə var. Abşeron Rayon İcra Hakimiyyətindən isə həmin ərazilərin sakinlərə verilmədiyini, onların həmin torpaqları özlərinin zəbt etdiyini deyirlər. Qəsəbə nümayəndəsinin sözlərinə görə, zibil qutularının qoyulmaması həm də sakinlərin əksəriyyətinin zibil üçün tələb olunana kommunal xidmət haqqını verməmələrilə bağlıdır: “Bu məbləğ hər adama 30 qəpikdir, elə də çox deyil. Doğrudur, kasıbçılıq da var, mən onu da nəzərə alıram, amma bu o demək deyil ki, pul ödəməməlidirlər. Əgər işığın, qazın pulunu verirlərsə, zibilə görə də pul verməlidirlər”.

Məktəblə bağlı problemə gəlincə, bələdiyyənin sədr müavini C. İsayev bildirdi ki, qəsəbədə 6 tam orta məktəb var. Lakin əhalinin sayı çox olduğundan məktəblər kifayət eləmir. Buna görə də H. Əliyev Fondunun xətti ilə qəsəbədə daha 3 məktəbin tikintisi planlaşdırılır: “Qəsəbədə 3 tam orta məktəb, 3 uşaq bağçası və bir poliklinikanın tikilməsi planlaşdırılıb. Hazırda 1 məktəb,1 uşaq bağçası və 1 poliklinika Hövsan südçülük sovxozunun yanında, 1 məktəb və 1 uşaq bağçasının isə Atçılıq mərkəzinin yaxınlığında və digər məktəb və uşaq bağçasının qəsəbənin digər hissəsində tikilməsi nəzərdə tutulub”.

Sakinlərə isə bir az səbirli olmaq, palçıqda mümkün qədər evdən çıxmamaq və ya rezin çəkmələrdən istifadə etmək, bir də yağışın yağmaması uçun Allaha dua etmək qalır...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm