İntim elanlar, qız nömrələri, xəstəlik mənbəyi – Bakıdakı ayaqyolulardan FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

İntim elanlar, qız nömrələri, xəstəlik mənbəyi – Bakıdakı ayaqyolulardan FOTOREPORTAJ

Bu yerlərə el arasında zarafatla “padşahın piyada getdiyi yer” də deyilir. Yəqin ki, söhbətin ayaqyoludan (tualet) getdiyini dərhal anladınız.

Paytaxtın bir neçə yerində fəaliyyət göstərən kişi və qadın tualetləri daxili şəraiti, sanitar vəziyyəti, xarici görünüşü, hətta yerləşdikləri məkan baxımından da bir-birindən fərqlənirlər. Məsələ burasındadır ki, Bakıdakı bəzi küçə tualetləri fəaliyyət götərdikləri məkan baxımından çox əlverişsiz tikilib. Paytaxtda gediş-gəlişin, sərnişin sıxlığının daha çox olduğu bəzi məkanlarda, o cümlədən ayrı-ayrı rayonlarda, eləcə də ictimai yerlərdə bircə dənə də olsun ayaqyolu yoxdur. Belə yerlərə misal olaraq Bakının “Əhmədli, “Xalqlar Dostluğu”, “Koroğlu”, “Ulduz”, “Qara Qarayev”, “Gənclik” metrostansiyalarının qarşısındakı yerləri, gediş-gəlişin çox olduğu başqa əraziləri göstərə bilərik. Sərnişin sıxlığının çox olduğu bu yerlərdə ictimai tualet tapmaq müşkül məsələdir. Bu məkanlardan fərqli olaraq, bir-birinə yaxın bəzi yerlərdə, məsələn, Dəmiryol Vağzalının yaxınlığında bir neçə kişi və qadın tualeti fəaliyyət göstərir. Paytaxt ərazisindəki bəzi tualetlərdə müşahidələr apararkən onların da “varlı və kasıb", baxımlı-baxımsız olması nöqteyi-nəzərdən iki hissəyə ayrıldığını yəqin etdik.

“Sübh tezdən, saat 6-dan axşama kimi xidmətin haqqı cəmi 5 manatdır”

Dəmiryol Vağzalında, qatarların dayandığı platformaların qarşısındakı kişi və qadın tualetləri təmirsiz vəziyyəti, antisanitar şəraiti ilə seçilir. Burada nəzarətçilər, hətta kişi tualetində belə yaşlı rus qadınlarıdır. Kişi tualetində çalışan qoca çoxdandır burada işlədiyini, işindən razı olduğunu dedi. Təmizlik işlərinə baxan qadın isə Gülzar xanımdır. Hər iki ayaqyolunu təmizləyən bu qadın işgüzarlığı ilə seçilir.

Artıq neçə illərdir kişi-qadın tualetlərində çalışmaqdan bezdiyini deyən Mətanət Orucova gündəlik qazancın ağır zəhmətə uyğun gəlmədiyini dedi: “Olduqca çirkin, bəlkə də, dünyada ən murdar işdir. Çoxları tualet təmizləməyə sona qədər davam gətirə bilmir. Üfunət, pis iy adamı boğur. Ən çox da yayda dözülməz şərait yaranır. Buna görə də tualetin kameralarını tez-tez xlorlamaq lazım gəlir. Üfunət, xoşagəlməz iy bir yandan, xlorun iyi də o yandan. Kiminsə qoyub getdiyi natəmizliyi aradan qaldırmalı, unitazların içini yumalısan”.

Onun sözlərinə görə, bu səbəblərə görə xadimələr tez-tez dəyişir: “Nəzarətçi işləməyə nə var ki? Oturursan qapının girəcəyində, içəri girən müştəridən 20 qəpik alırsan, vəssalam. Düzdür, yayda içərinin ağır iyi çölə, qapının kandarına qədər gəlir. Amma bu, xadimədən də asılıdır. Tez-tez təmizləsə, kameraları yusa, belə problemlər yaranmaz”.

Xadimənin sözlərinə görə, o, natəmiz şəraitin tez-tez yarandığı tualetdə çalışmaqdan bezib. Üstəlik, günəmuzd qazancın az olması da onu bu işdən usandırıb: “Əvvəllər qazancım bir az babat idi. Sonra başqa icarədar gəldi. Özündən yeni qaydalar çıxardı. Dedi ki, səhər saat 6-dan axşama qədər işləməlisən. Hər yarım saatdan bir tualetin içini yuyacaqsan. Soruşdum günəmuzd nə verəcəksən? Cavab verdi: “Beş manat”. Səhərdən axşama qədər 5 manata çalışmaq olar? Özü də belə natəmiz yerdə. Yayda hər an xəstəliyə yoluxa bilərsən. İcarədar dedi ki, istəyirsən işlə, istəmirsən get. Hər gün 5 manatdan artıq zəhmət haqqı verən deyiləm. Tualetin icarədarı ilə zəhmət haqqının az olmasına görə razılaşmadım”.

Mətanət Orucovanın sözlərinə görə, Dəmiryol Vağzalındakı köhnə obyektlər, o cümlədən kişi-qadın tualetləri söküləcək və iki ildən sonra burada yenidən təzə ayaqyolular inşa ediləcək: “Yəqin onda icarə haqqı da artacaq. Lakin icarə haqqının bahalaşmasının xidmət haqqına təsiri olmayacaq. Tualetə giriş 20 qəpikdir. Artıq neçə ildir, bu qiymət dəyişməz qalır. Düzdür, hərdən pul vermək istəməyənlər də olur. İctimai yerdir, hər cür müştəri ilə rastlaşmaq mümkündür”.

Gündəlik qazanc hara gedir?

Rayonlara, xaricə gedib-gələn qatarların dayandığı yerin bir addımlığında fəaliyyət göstərən kişi-qadın tualetlərinin gündəlik gəlirləri heç də pis deyil. Hər gün ümumilikdə 80-90 müştəri bu obyektlərə qazanc gətirir. Maraqlıdır ki, gündəlik qazancın normal olmasına baxmayaraq, platformaların qarşısındakı hər iki tualet baxımsızlığı, təmirsiz olması ilə seçilir. Kişi tualetinin giriş hissəsinə bir zamanlar Bakı Metropolitenində istifadə edilmiş köhnə, istifadədən çıxarılmış turniketlər quraşdırılıb. İçəri girən kimi üfunət, pis iy, antisanitar şərait göz çıxarır. Bu siyahıya kişi və qadın ayaqyolularının təmirsiz şəraitini də əlavə etsək, vəziyyətin necə acınacaqlı olduğunu təsəvvür etmək çətin olmur. Tualetlərdəki su kranlarının bəziləri istismar müddətini çoxdan başa vurub. Bir qismi su axıdır. Bəzi kranlar isə ümumiyyətlə qapadılıb və istifadə edilmir. Su qabları sıradan çıxıb. O ki qaldı kameralara, onların bir qisminin avadanlıqları istifadəyə yararsızdır. Ona görə də qapılar bağlanılıb və istifadə edilmir. İstifadədə olan kameraların bir qisminin qapılarının kilidləri isə müştərilər tərəfindən sıradan çıxarılıb. Tualetin havalandırma sistemi də yaxşı deyil.

Bəzi nəfəsliklər tamamilə qapadılıb. Məhz buna görə də yay aylarında bu ayaqyoluda üfunət, pis iy, havasızlıq, qışda isə rütubət olur. Sual olunur - gediş-gəlişin, sərnişin sıxlığının çox olduğu tualetlərdən yığılan gündəlik pullar hara, hansı məqsədlər üçün xərclənir. Buradan yığılan vəsaitlə həmin tualetləri qismən də olsa, təmir etmək olmazmı? Axı bura əcnəbilər də üz tutur.

Sidik qoxusu, üfunət, divarlardakı ləkələr

Dəmiryol vağzalında – qatar biletlərinin satıldığı kassaların sol tərəfində fəaliyyət göstərən tualetlərə də baş çəkdik. Yeri gəlmişkən qeyd edək ki, hazırda Dəmiryol Vağzalının binasında təmizlik işləri aparılır. Bu səbəbdən kassaların qarşısındakı yeraltı keçidlər də təmizlənir. Yeraltı keçidlərdən söz düşmüşkən, burada gəzib müşahidə apararkən kimlərinsə bir vaxtlar vağzaldakı keçiddən ayaqyolu kimi istifadə etdiyi aydın oldu. Sidik qoxusu, üfunət, divarlardakı ləkələr, antisanitar şərait günün gecə saatlarında kimlərinsə yeraltı keçiddən ayaqyolu kimi istifadə etdiyini göstərir. Heç vağzalın kassalarının solundakı kişi və qadın tualetləri də yaxşı vəziyyətdə deyil. Hər gün bura təkcə paytaxt sakinlərinin deyil, şəhərimizin qonaqlarının, qatarlarla xaricdən gəlib-gedən xarici ölkə vətəndaşlarının da üz tutduğunu nəzərə alsaq, həmin tualetlərin təmir edilməsi vacibliyi aktual məsələ kimi qarşımızda durur. Burada da giriş haqqı 20 qəpikdir. Nəzarətçilər isə yaşlı rus qadınlarıdır. Divarların kafellərinin köhnəlib sıradan çıxması, bəzi yerlərdə kameraların divarlarının ovxalanıb tökülməsi hər gün müəyyən miqdarda qazanc verən bu obyektin təmirə ehtiyacı olduğunu sübut edir. Kişi tualetinin küncünə qoyulmuş böyük su qabı ehtiyat su üçündür. Belə baxımsız yerdə isti sudan danışmağa dəyməz. Qeyd edək ki, bütün bunlara baxmayaraq, xadimə tez-tez təmizlik işləri apararaq kameraların içini su ilə təmizləyir, yuyurdu.

Kişi tualetlərindəki baxımsız şəraitin yaranmasının əsas səbəbkarlarından biri də elə müştərilərin özləridir. Tualetdən istifadə edən ayrı-ayrı şəxslər kameraların plastmas qapılarını papirosla yandırıblar. Qapıların bəzilərinin kilidləri sıradan çıxıb. Ayrı-ayrı şəxslər isə hətta qapılara müxtəlif sözlər, o cümlədən şəhərlərin, rayonların, tanışlıq, çat, əyləncə saytlarının, qızların adlarını yazıblar. Təəssüflə qeyd etməliyik ki, kimlərsə kameraların qapılarına hətta ayrı-ayrı şəxslərin mobil telefon nömrələrini də qələmlə, papirosla yazıblar. Müşahidələr zamanı hətta intim elanlar da gözümüzə dəydi.

Müasir görünüşlü ayaqyoluda “köhnə” müştəri izləri

Paytaxtda fəaliyyət göstərən digər tualetlərdə də müşahidələr apardıq. Elmlər Akademiyasının yaxınlığında, bir neçə il bundan əvvəl istifadəyə verilmiş ictimai tualet sanitar şəraitinin yaxşı olması, o cümlədən daxili təmizliyi ilə seçilir. Burada müştərilər üçün hər cür şərait yaradılıb – daimi axan isti su, əl qurulayan fen, salfet, tez-tez təmizlənən, müasir avadanlıqlarla təchiz edilən kameralar. Habelə içərinin üfunətini aradan qaldıran xüsusi havatəmizləyici vasitələr. İçərini yuyub təmizləmək üçün lazım olan xlor, süpürgə də öz yerində. Maye sabun qablarının hər biri vaxtında doldurulur. Öyrəndik ki, bu tualet tez-tez təmizlənir, kameralar xlorla yuyulur. Ayaqyolunun havası xüsusi vasitələrlə təmizləndiyindən burada qoxu, üfunət iyi də bir o qədər nəzərə çarpmır.

Ona görə də, həm təmizliyi, həm də şəhərin mərkəzi yerlərindən birində yerləşən ayaqyolunun müştəriləri daha çox olur. Bunlar əsasən gəzintiyə çıxan sakinlər, tələbələr və müəllimlərdir. Lakin bəzi mədəniyyətsiz şəxslər müasir tələblərə tam uyğunlaşdırılmış bu tualetlərin də qapılarını papirosla yandırıblar. Bəziləri burda da kimlərinsə adlarını, nömrələrini papirosun közü ilə kameraların plastmas qapılarına yazıblar.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm