• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bakı və Ankaranın səma mesajı: müharibə ehtimalı, “erməni soyqırımı”...

Bakı və Ankaranın səma mesajı: müharibə ehtimalı, “erməni soyqırımı”...

Son günlər cəbhə xəttində düşmən Ermənistanın təxribatları artır. Azərbaycan ordusunun qarşısında aciz qalan düşmən tərəfi böyük itkilər versə də, təxribatlardan əl çəkmək niyyətində deyil.


Bunun fonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycanı təhdid etdi. Hansı ki, bu təhdidin arxasında Ermənistanın güclü ordusuna güvənmək hissi dayanmırdı. Müdafiə naziri təxribatları nəticəsində verdikləri itkiləri gizlətməyə və ac erməni əhalisinin diqqətini “xarici düşmənə” yönəltməyə çalışırdı.


Rəsmi İrəvanın narahatlığı başa düşüləndir. Çünki qondarma “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşan bu ölkə əks-effektlə üzləşib. Dünya artıq erməni yalanına inanmır, onların Xocalıda soyqırım törətdiyini dilə gətirir. Bununla yanaşı, bir sıra erməni yazarları da Xocalıya görə Azərbaycandan üz istədi. Bu erməni təbliğat maşınının iflası deməkdir. Lakin dünyanın ürəyində qara ləkə olan erməni diasporu Azərbaycan və Türkiyəyə qarşı anti-təbliğat kampaniyasına davam etdirir.


Bu proseslər fonunda Azərbaycan və Türkiyə şahinlərinin ilk dəfə birgə təlimlərə başlaması diqqət çəkir. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib. Eyni zamanda, “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.


Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetirəcəklər.


Təlimlərin məhz aprel ayının 13-nə kimi davam etməsi də bu aya nəzərdə tutulan “erməni soyqırımı” məsələsinə Bakı və Ankaranın birgə mesajıdır.


Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, bu təlimlər Ermənistan və onların havadarı olan ölkələrə önəmli cavabdır: “Azərbaycan və Türkiyə bütün xarici düşmənlərə qarşı birlikdədir. Bununla yanaşı, digər türkdilli ölkələr də bundan nəticə çıxarmalıdır. Yəni Türkiyə regionda əsas güc olaraq Azərbaycanın yanındadır. Bu dəstək digər türkdilli ölkələrə də verilə bilər”.


N. Mirinin fikrincə, hazırda yeni dünya nizamı qurulur.


“Yaxın Şərqdə savaş gedir, İŞİD-ə qarşı mübarizə aparılır və Ukrayna böhranı səngimək bilmir. Bunun fonunda müstəqil hərəkət etmək istəyən Türkiyəni təkləmək istəyirlər. Xüsusilə, Ankaranın Qərb müttəfiqləri təzyiqlər edir. Belə bir vaxtda iki qardaş ölkənin şahinlərinin səmaya birgə qalxması həm də dünya güclərinə mesaj ola bilər. Hansı ki, Azərbaycan regionda öz önəmini getdikcə artırır və Qərb üçün daha əhəmiyyətli gücə çevrilir. Belə bir gücün Türkiyənin yanında olması təbii ki, Ankara üçün müsbətdir. Həmçinin, Bakı da Ankara ilə birgə olduğunu, xarici təzyiqlərə qarşı güclü müttəfiqə sahib olduğunu göstərir”, - deyə politoloq qeyd edib.


Birgə təlimləri Publika.az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə məsələyə fərqli yanaşır. Onun fikrincə, bu, təkcə “erməni soyqırımı”na qarşı deyil.


“Söhbət bölgədə mümkün müharibə təhlükəsindən gedir. Burda bir neçə variant var. Rusiyaya qarşı Qərbin təzyiqi Moskvanı əlavə addımlar atmağa məcbur edə bilər. Rusiya da ermənilər vasitəsilə Cənubi Qafqazda stabilliyi pozmağa cəhd edə bilər. Ən unikal variant olaraq, “erməni məsələsinin” 100 illiyindən istifadə edə bilər. Sonra da bildirər ki, ermənilər türklərə qarşı qisas hücumuna başlayıb. Hesab edirəm ki, bunu Ankara və Bakıda anlayırlar. Buna görə də birgə “əzələ nümayişi” edilir”, - deyə o bildirib.


V. Quluzadə hesab edir ki, Bakı və Ankaranın ümumi xarici qüvvələrə qarşı birgə hərəkəti müsbət haldır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR