• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şəhidin dilənən arvadı: “Mən dərddən bu hala düşmüşəm” - FOTOLAR+VİDEO

Şəhidin dilənən arvadı: “Mən dərddən bu hala düşmüşəm” - FOTOLAR+VİDEO

O, diqqətimi dərhal, özü də bir neçə metr kənardan cəlb etdi. Xarici görkəmi - geyimi, dalğınlığı, yerişi, daxili aləmindən simasına çıxan problemləri ilə. Əynində sarı gödəkcəsi, üst-üstə geydiyi zəncirbəndli çiyinliyi, qara koftası və yun donu, başında yun papağı, ayağında rəngini dəyişmiş sarı çəkmə vardı. Asta-asta, səndələyə-səndələyə addımlayırdı. Hiss olunurdu ki, dünyada özü boyda yer tutsa da, dünya boyda dərdi var. Əlindəki papirosun tüstüsünü ciyərlərinə elə çəkirdi ki, bu, uzun müddət aclıq çəkmiş adamların ilk dəfə çörək tapmasına bənzəyirdi. Hər şeyi aydın duyur, görür və hətta reaksiya verirdi. Ondan bir neçə metr qabaqda isə yaşı 30-32 olan ortayaşlı kişi addımlayır, tez-tez dayanıb qadının ona çatmasını gözləyirdi.

“Mən Qarabağda erməni ilə üz-üzə gələndə sən hələ dünyaya gəlməmişdin”

Yanından ötənlər yaşı 45-50 olan bu qadının pərişan durumuna, hamıdan fərqlənən xarici görkəminə nəzər salırdılar. Aralarında söz atanlar da vardı. O isə sataşanların cavabını verərək ucadan danışa-danışa gəlib yanımızdan ötüb keçmək istədi. Nəyi isə nəzərdə tutaraq bir neçə saniyə əvvəl söz atan cavanlardan birinə “Əcəb edirəm, mən heç kimdən qorxmuram. Çəkinəcək yerim yoxdur“ deyib əlavə etdi: “Ay hələ dünyaya isinişməmiş bala, mən Qarabağda erməni ilə üz-üzə gələndə, həyat yoldaşımla sursat daşıyanda sən bu dünyaya gəlməmişdin. O qədər ölümlə üz-üzə gəlmişəm ki, Allahdan başqa heç kimdən çəkinmirəm”.

O, bu sözləri deyib ağır-ağır yoluna davam etdi. Hiss olunurdu ki, çox yorulub, taqəti qalmayıb. Ətrafından ötüb-keçənlərə diqqətlə nəzər salaraq baxışları ilə onlardan yardım umur, astadan pul istəyirdi. Biz də öz növbəmizdə xarici görkəmindən olduqca dərdli görünən bu insanı söhbətə tutub, onun problemləri ilə maraqlanmağa çalışdıq.

“Mən dərddən bu vəziyyətə düşmüşəm”

Söhbətimiz zamanı məlum oldu ki, adı Nəzakət olan bu qadın əslən respublikamızın qərb bölgəsindəndir. İşğal altında olan rayonlardan birində dünyaya gəlib. Orada böyüyüb, boya-başa çatıb. Lakin sonralar övladları ilə birlikdə Bakıya köçməyə məcbur olub: “Əslən qarabağlıyam. 1968-ci ildə Ağdam rayonunda dünyaya gəlmişəm. İndi Suraxanı rayonunda yaşayıram. Neynim, əlacım yoxdur. İki övladım var – bir qızım və bir oğlum. Qızım ərdədir, bir neçə ay əvvəl ailə qurdu. O da ailəsi ilə birlikdə Bakıda yaşayır. Amma oğlum hələ evlənməyib, subaydır”.

İkinci övladının ailə qurmadığını deyən Nəzakət xanım bildirdi ki, ailə üzvləri maddi çətinliklərlə üzləşiblər: “Oğlumun adı Turaldır. İyirmi dörd yaşı var. Keşlədə avtoyumada işləyir, maşınları yumaqla çörək pulu qazanır. Mən dərddən bu günə düşmüşəm. Mənim yerimə sən olsaydın, çəkdiklərimi çəksəydin, üzləşdiyim problemlərimi görsəydin, elə sən də bu gündə olardın”.

Məlum oldu ki, problemlər məngənəsində sıxılan, özünün də dediyi kimi, həyatın hər üzünü görən Nəzakət xanım az qazanan övladına yük olmamaq üçün özü də işləyir: “Mən 12-ci “JEK”də (paytaxt rayonlarından birində fəaliyyət göstərən mənzil kommunal istismar sahəsində) süpürgəçi işləyirəm. Mənim dərdim, problemim dünya boydadır”.

Dəfələrlə inad etdikdən sonra üzləşdiyi problemlərin çox az hissəsini dilə gətirən müsahibimiz bildirdi ki, o, həyat yoldaşını itirib: “Ərim yoxdur, başsız qadınam. Həyat yoldaşım Babək Qafarov döyüşçü idi. Qarabağ müharibəsində iştirak etdi. Ağdamda gedən döyüşlərdə şəhid oldu. Mən özüm məclislərdə oxuyan xanəndə olmuşam. Lakin əvvəl həyat yoldaşımı, sonra isə mənə həyatda dəstək verən qardaşımı itirdim. Qardaşım Tural Həsənov da Qarabağda şəhid oldu. Əvvəlcə həyat yoldaşımı, sonra isə qardaşımı itirdim, (əli ilə üzünün sağ tərəfini və sağ gözünü göstərərək) bu vəziyyətə düşdüm. Əvvəlcə iflic oldum, sonra da ki belə vəziyyətə düşdüm. Niyə iflic vurmasını deməyəcəm”.

Şəhid olmuş qardaşı Tural Həsənovun adını övladına qoyan qadın indi həm süpürgəçi işləməklə, həm də küçədə gəzərək mərhəmətli insanlardan pul istəməklə dolanır. Müalicə olunmaq üçün camaatdan pul yığır: “Mənim 46 yaşım var. Amma bu yaşıma qədər çox dərdlər çəkmişəm. (Əlini uzadaraq) Mənə əlavə bir manat da ver də, qurban olum, ehtiyacım var”.

Söhbətimiz zamanı öyrəndik ki, onunla dal-qabaq addımlayan şəxs kürəkəni – dörd ay əvvəl ailə qurmuş qızının həyat yoldaşıdır. Lakin kürəkəni onun küçədə insanlardan pul istəməsinə etiraz etmir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR