Qənirə Paşayeva Karabük vilayətinin fəxri vətəndaşı oldu
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Karabük vilayətinin fəxri vətəndaşı oldu

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Türkiyənin Karabük bölgəsinin fəxri vətəndaşı statusu verilib.

Publika.Az-ın verdiyi xəbərə görə, mükafat Karabük Bələdiyyə sədri Rafət Vergili tərəfindən irəli sürülən və Karabük bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.

Millət vəkili Türk dünyası üçün göstərdiyi xidmətləri, Karabükün tanıdılmasındakı xidmtələrinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Karabük bölgəsi arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə, “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında Karabükü “doğma evim” adlandırması və onun bu bölgəyə olan sevgisi nəzərə alınaraq Karabükün Fəxri Vətəndaşı elan edilib.Bu münasibətlə Karabük vilayətində millət vəkili Q.Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gələn nümayəndə heyəti, Karabük valisi İzəddin Küçük, Bələdiyyə sədri Rafət Vergili, Vali yardımçısı Erkan Çapar, Tarkan Keskin, Bələdiyyə sədrinin köməkçisi Fatma Danışman, Karabük vətəndaşları və KİV-in iştirakı ilə “Qənirə Paşayevaya Fəxri Həmşəhrliyin təqdim etmə mərasimi” təşkil olunub. Təqdimatdan öncə çıxış edən millət vəkili Q.Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirərək, Karabükdə özünü daim evindəki kimi hiss etdirən, ona evinin qapılarını açan Karabük valisi İzəddin Küçükə, bu şərəfli ada layiq görən Bələdiyyə sədri Rafət Vergiliyə və qərarı dəstəkləyən bələdiyyə üzvlərinə və bütün karabüklülərə təşəkkürünü bildirib. Belə bir statusun onun üçün xüsusi onur olduğunu dilə gətirib:

"Karabükün fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Karabükdə olmaq başqa duyğudur. Mən Karabükü yazımda “doğmaca evim” adlandırmışam. Çünki hər gəlişimdə karabüklülərin doğma münasibətini duymuşam. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm”.

Çıxışı zamanı fəxri vətəndaşlığın verilməsini həyatının ən gözəl anlarından biri adlandıran millət vəkili bundan sonra da bu etimadı doğrultmağa çalışacağını, bundan sonra da Türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib:

“Mənə verdiyiniz bu şərəfli statusa layiq olacağıma söz verirəm. Bunu öz adıma deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Türk dünyasının birliyinə, bərabərliyinə çalışan dəyərli böyüklərimizin, aydınlarımızın adına qəbul edirəm. Bizim hamımızın məqsədimiz türk millətinin birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək olmalıdır”.

Qənirə Paşayeva hazırda türk dövlətləri arasında mövcud olan qırılmaz əlaqələrdən də danışıb:

“Hazırda Azərbaycan və Türkiyə arasında dünyada analoqu olmayan əlaqələr mövcuddur. Gənclərimiz bu əlaqələrin daha da genişlənməsi üçün əllərindən gələni etməlidirlər. Çünki böyük şəxsiyyət İsmayıl Qaspiralı deyir ki, dildə, fikirdə və işdə birlik. Əgər dildə və fikirdə birlik olmazsa, işdə də birlik olmaz. Dil və fikirdə bir olduğumuz türk dünyası ilə olan əlaqələri inanıram ki, gənclərimiz daha da genişləndirəcək”.

Qənirə Paşayeva fəxri vətəndaşlıq statusu aldığı bu günlərdə düz 22 il əvvəl Azərbaycanda yaşanan faciələrin il dönümü olduğunu diqqətə çatdırıb. “22 il bundan əvvəl bu günlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin, Qaradağlı kəndi işğal olunub. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək arzu edirəm ki, bir gün bu cür törənləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Xocalıda, Qaradağlıda, o gözəl torpaqlarımızda da qeyd edək”.

Sonda ona bu adı layiq görən hər kəsə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva, “Bundan sonra da nəfəsim yetdikcə Azərbaycan, fəxri vətəndaşlığını aldığım Karabük, Türkiyənin digər vilayətləri və eləcə də Türk dünyası üçün istər siyasətçi, istər pedaqoq, istərsə də Türk dünyasına dair kitabların müəllifi kimi əlimdən gələni əsirgəməyəcəyəm”-, deyərək fikirlərini yekunlaşdırıb.

Millət vəkilinin ardınca çıxış edən Karabük Bələdiyyə sədri Rafet Vergili etdiyi bu çıxışa və ümumən türk dünyasının birliyi və bərabərliyi üçün əlindən gələni əsirgəmədiyinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib:

“Türk dünyasının birlik və bərabərliyinə çalışan gözəl insan Qənirə Paşayevaya bu adın verilməsində bütün Bələdiyyə Məclisi üzvlərinin rolu var. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsi üçün çalışan millət vəkilimizə təşəkkürümüzü bildirirəm. Bizim birliyimiz yeni dövrün hadisəsi deyil. Hətta Azərbaycan SSRİ tərkibində olduğu müddətdə də bu əlaqələr tamamilə qırılmamışdı. Çünki biz hər zaman ortaq dil, ortaq mədəniyyət və ortaq təfəkkürü paylaşmışıq. Ölkələrimiz arasndakı əlaqələrin bundan sonra da istər iqtisadi, istərsə də mədəni istiqamətdə daha da güclənəcəyinə inanıram”.

Daha sonra çıxış üçün söz Karabük valisi İzəddin Küçükə verilib. İ. Küçük Qənirə Paşayeva kimi bir insanla tanış olduğu üçün həddindən çox məmnun olduğunu dilə gətirib.

Çıxışlardan sonra millət vəkili Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşlığı statusunun rəsmi sənədləri və müxtəlif hədiyyələr təqdim olunub. O da öz növbəsində Karabük valisi İzəddin Küçükə və Bələdiyyə sədri Rafet Vergiliyə Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə aid hədiyyələr təqdim edib.

Qeyd edək ki, tədbirdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynov, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm