Xanım polislə müsahibə: “Polkovnik rütbəsi həyatımda qazandığım ən böyük uğurdur” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Xanım polislə müsahibə: “Polkovnik rütbəsi həyatımda qazandığım ən böyük uğurdur” - FOTOLAR

O, bir çox qadınlar üçün çətin, bəlkə də, əlçatmaz olan peşənin sahibidir. 30 ildən artıqdır ki, əyninə polis formasını qürurla geyinən bu xanım elə həyatının böyük hissəsini sənətinə həsr edib. Müsahibim Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Gülşən Əhmədovadır.

İxtisasca hüquqşünas olan Gülşən xanım hüquq fakültəsində gecə təhsili alarkən daxili işlər orqanlarında işə başlayıb və hazırda polis polkovnikidir.

Publika.az polis peşəsini dünyada ən gözəl peşə sayan Gülşən Əhmədova ilə müsahibəni təqdim edir.

- Gülşən xanım, Azərbaycanda güc strukturlarında qadının işləməsinə münasibət birmənalı deyil. Sizcə, bu, nədən qaynaqlanır?

- Mənə elə gəlir ki, bu, millətin mentalitetindən irəli gələn bir amildir. Amma qadın azadlığının, hüquqlarının təmin olunmasından danışsaq, mənə elə gəlir ki, MDB ölkələri arasında bizim ölkəmizdə qadınların hüquqları tam təmin olunub. Ümumiyyətlə, Şərq ölkələrini götürsək, Türkiyə ilə müqayisə etsək, bizim qadınlarımız daha azaddır və azad düşüncəlidir. Həm seçki, həm də digər hüquqları tam şəkildə təmin olunub. Təbiətcə də Azərbaycan qadını daha azad, daha düşüncəli qadındır, qul-feodal psixologiyası bizim qadına məxsus deyil. Əlbəttə ki, istisnalar da var. Amma bunu qlobal şəkildə götürsək, bizim hətta kəndlərimizdə belə qadınlarımız daha aktiv, lider ola bilərlər. Məsələn, yadıma gəlir ki mənim nənələrim də çox azadfikirli idilər. Düzdür, ailədə kişinin üstünlüyü qalır, bu, öz yerində. Bu da ondan irəli gəlir ki, bizim ailələrdə bir nizam-intizam var. Qayda-qanuna biz məcburən də olsa riayət edirik. Cəmiyyət çərçivəsində, qlobal çərçivədə götürsək, qadınların çox sahədə xidmət göstərməsini mən müsbət hal hesab edirəm. Hesab edirəm ki, onların sayı çox olmalıdır.

- Necə oldu ki, polis olmaq qərarına gəldiniz?

- Mənim atam da hüquqşünas idi, 3 qardaşım hüquqşünasdır. Yəni mənim qarşımda nümunə kimi həmişə atam olub. O da polis polkovniki idi. İki il bundan əvvəl 83 yaşında vəfat edib. Son gününədək də bu insan işləyib, xidmət başında olub. Həyatımda o, mənim üçün nümunədir, ona görə polis olmuşam.

- Sizi polis formasında görəndə ətrafdakı insanlarda təəccüb yaranırmı?

- Bəzən olur ki, təəccüblənirlər. Biz bəzən xaricə ezamiyyətə gedəndə formada olmuruq. Amma mənim bu rütbədə olduğumu, müsəlman ölkəsindən olduğumu və 30 ildən artıq xidmət etdiyimi biləndə, çox təəccüblənirlər. Xüsusən də gənclər. İnana bilmirlər ki, müsəlman ölkəsində də bu rütbədə qadın ola bilər.

- Bəs bu peşə sizi sərtləşdirməyib ki?

- Qadına məxsus olan zəriflik baxımından soruşursunuz?

- Bəli.

- Yox, mən elə hesab etmirəm.

- Bu peşə sizə ailədə necə təsir edib? Adətən, vəzifədə olan qadınlar evdə də özlərinin söz sahibi olmasını istəyirlər.

- Yox, ailəmdə buna çalışmıram. Əgər hansısa ailə üzvü mənimlə məsləhətləşməyə çalışırsa, mənə qulaq asırsa, mən buna ancaq şad ola bilərəm. Amma digər tərəfdən, bu nə yaşla, nə də işlə bağlı deyil. Bu insanın mədəniyyəti ilə sıx bağlıdır.

- Uşaqlarla münasibətiniz necədir. Onlara qarşı inzibatçılıq, cəzalar olurmu?

- Yox, qətiyyən. Öz sahəmiz üzrə deyə bilərəm ki, biz çalışırıq ki, səyyar xidmətlər göstərək, kövrək təbəqə ilə işləyək. Keçən il Saray qəsəbəsində olduq və əqli çatışmazlığı olan uşaqlarla görüşdük. Mən görəndə ki, onlar şəxsiyyət vəsiqəsini alanda necə şad oldular, bu, mənə çox təsir elədi. Biz əməkdaşlarımızla orada iştirak etdik və bu tərzdə də xidməti davam etdirəcəyik. Yəni, ailədə də uşaqlara qarşı həmin münasibət var.

- Boş vaxtınız olanda nə ilə məşğul olursunuz? Ümumiyyətlə, boş vaxtınız olur?

- Az olur, xüsusən də son zamanlar çox az olur. Amma, əlbəttə ki, internetin imkanlarından hamı kimi mən də istifadə edirəm. Çalışıram daha çox analitik xəbərlər, məlumatlar oxuyum.

- İş sahəsində hansı uğurlar qazanmısınız?

- Mən hal-hazırda polkovnik rütbəsindəyəm. Mənə elə gəlir ki, bu, həyatımda qazandığım ən böyük uğurdur.

- İşlə bağlı qeyri-adi hallarla rastlaşmısınız?

- Bizim işimizin, ümumiyətlə, xidmətin xüsusiyyəti ondan ibarətdir ki, burada konkret reqlament var. Təlimatlar var. Bizim fəaliyyətimiz çox ciddi surətdə qanun çərçivəsində təşkil olunur. Ondan kənar heç nə baş verməməlidir. İşimiz çox ciddidir, ona görə.

- Həmişə formada olursunuz. Heç sərbəst geyinmək arzusu olur sizdə?

- Mən bunu böyük səmimiyyətlə etiraf etmək istəyirəm ki, mənim üçün ən yaxşı geyim bu xüsusi geyim formasıdır.

- İşiniz elədir ki, həmişə müəyyən çərçivədə olmaq lazım gəlir. Çərçivədə olmaq sizin üçün maneə yaratmır, sizi sıxmır ki?

- Yox, heç vaxt. Burada, əlbəttə ki, ciddi nizam-intizam, qanun-qaydalara riayət etmək tələb olunur. Bu da mənim xasiyyətimə uyğundur. Əgər insan uşaq vaxtından bu tərbiyəni görübsə, məsələn, dərsini vaxtında hazırlayırsa, vaxtında dərslərdə iştirak edibsə, universitetdə vaxtında seminarlarda iştirak edibsə, imtahanlara hazırlaşıbsa, bir sözlə, ciddi rejim çərçivəsində tərbiyə alıbsa, onun gələcək həyatında heç bir çətinliklər olmayacaq. Əgər çətinliklər varsa, uşaqlıqda olan çalışqanlığı onun gələcək həyatında yardımçısı olacaq. Ona görə də bu, mənim həyat tərzimdir. Mən, ümumiyyətlə, həyatından şikayətlənən, narazı olan insanları xoşlamıram.

- Son vaxtlar qadınlara qarşı fiziki zorakılıqları tez-tez müşahidə edirik. Bəzən deyirlər ki, ailədə problem varsa, onu ailə daxilində həll etmək lazımdır. Əgər ailədə problem varsa, qadın zorakılığa məruz qalırsa, bununla bağlı polisə müraciət etməlidirmi?

- Ailədaxili problemlər baş verəndə qadın çalışmalıdır ki, onu həll etsin. Qadın biləndə ki, problem çətin həddə çatıb və artıq onu həll etmək mümkün deyil, zorakılığa yol verməməlidir, polisə müraciət etməlidir.

- Sizin başınıza belə bir hadisə gəlsəydi, polisə müraciət edərdiniz?

- Mən çalışardım ki, o məsələni özüm həll edim. Qadınlar da axı zərif məxluqdur və hər qadın da onu bacarmır. O zaman müdafiəni harada axtarmalıdır? Əlbəttə ki, polis orqanında.

- Azərbaycan qadınının ictimai-siyasi mövqeyi, fəaliyyəti sizi qane edirmi?

- Yox. Əlbəttə ki, bizim cəmiyyətdə elə qadınlar var ki, göz qabağındadır, biz onları yaxşı tanıyırıq. Amma mənə elə gəlir ki, Azərbaycan qadınının potensialı daha böyükdür. Bu dövlətdə kifayət qədər imkanlar da var. Həm savad ala bilərsən, həm xaricdə oxuya bilərsən, həm xaricdə işləyə bilərsən, heç bir kişidən də arxada qalamaya bilərsən. Bəs nəyə görə bizim qadınlar öz üzərlərində işləmirlər? Bizim qadınlar həm parlamentdə, həm dövlət orqanlarında çox aktivdirlər, bizim qadınlarda bu potensial var. Türkiyə ilə müqayisədə bizdə bu sahədə vəziyyət çox yaxşıdır, hətta müqayisə etməyə yer yoxdur. Türkiyədə inkişaf etmiş cəmiyyət ancaq İstanbulda, Ankarada və digər şəhərlərdə var. Amma onların digər bölgələrini götürsək, qadınlar Azərbaycandakı qədər azaddırlarmı? Sadəcə, bu imkanlardan qadınlarımız özləri istifadə etmirlər.

- Siz bayaq qeyd etdiniz ki, bu məsələdə mentalitetin də rolu var. Bəs nəyi aradan qaldırmaq lazımdır?

- Bütövlüklə insanın həyatı onun aldığı savaddan asılıdır. Bizim də təhsil ocaqlarımızda olan problemlər məlumdur. Analar özləri savadlı olmalıdırlar, dünyagörüşləri geniş olmalıdır ki, tərbiyə verdikləri gələcəyin kişi və qadınları da dünyagörüşlü olsunlar. İnsan nə qədər yaşayırsa, o qədər də öyrənə bilər.

- Qadınlar arasında polis olmağa maraq necədir?

- Daxili İşlər Nazirliyində qadın polislərin, rəislərin sayı çoxdur. Polis orqanlarında qadınların sayı kifayət qədərdir. Amma bunların sayı daha da çox ola bilər.

- Bir qadına polis olmaq hansı çətinliklər yarada bilər?

- O baxır qadın hansı sahədə çalışır. Məsələn, post-patrul xidmətində, Dövlət Yol Polisində çalışan ailəli xanımlara bəzi çətinliklər yarana bilər. Amma onlara da hər cür şərait yaradılıb. Daxili İşlər Nazirliyinin nəzdində 4 uşaq bağçası var. Qanunvericilik imkan verir ki, onların iş rejimində hansısa dəyişikliklər olsun. Nazirliyin sistemində olan qadınlar analıq məzuniyyətinə çıxa bilərlər, uşağı rahat tərbiyə edə bilərlər. Bunun üçün hər bir şərait yaradılır. Əgər işin çətinliyindən danışsaq, bütün işlərin özünəməxsus çətinlikləri var. Qadın polisdə xidmət etmək istəyirsə, çətinliklərə də hazır olmalıdır. Hətta psixoloji cəhətdən.

- Sizcə, polisdən niyə qorxurlar? Ümumiyyətlə, ətrafınızdakılar sizdən polis olduğunuza görə çəkinirlərmi?

-Yox, mən buna qorxu deməzdim, insanlar polisdən qorxmurlar. Əgər kimsə yolda müəyyən olunmamış yerlərdən keçərkən polisi görəndə marşrutunu dəyişib keçiddən keçirsə, bunun nəyi pisdir ki? Mən buna qorxu deməzdim.

Gülnar Əliyeva

FOTO: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm