“Çörək və Gül” istəyən qadınların bayramı – REPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Çörək və Gül” istəyən qadınların bayramı – REPORTAJ

Kimi qızılgül, kimi ətir, kimi də oyuncaqlar arasından sevdiyi şəxsin zövqünə uyğun hədiyyə seçməyə çalışır. Bayrama bir gün qalsa da, artıq iki gündür hədiyyə və gül mağazalarında qızğın alış-veriş başlayıb. İstər əks cinsin nümayəndələri, istərsə də həmcinsləri sevdikləri, onlar üçün dəyərli olan xanımları sevindirməyə çalışır. Bayram günü istirahət olması hədiyyə verilmə prosesini də asanlaşdırıb.

Bəs görəsən qadınlar hədiyyələr barədə nə düşünür? Kişilər məcburiyyətdən, yoxsa sevə-sevə hədiyyə axtarır?

Suallarımıza paytaxt sakinlərindən cavab öyrəndik.

Artıq dünəndən paytaxt küçələrində əlində gül, müxtəlif hədiyyə, oyuncaqlar olan xanımların sayı artıb. Əlbəttə, sadaladığımız klassik bayram hədiyyələridir. Amma bununla kifayətlənməyənlər də az deyil. Məsələn, maşın, zinət əşyası, çanta və s. Siyahını uzada da bilərik. Amma məqsədimiz bu deyil. Heç bayramın səbəbi olan qadınların da istəkləri ev, maşın deyil.

“Çörək və gül” istəyənlər

Tarixə nəzər salaq. Bu gün qadınların hədiyyə bayramı olan 8 Mart qadınların kişilərlə bərabər hüquqa sahib olmaq uğrunda apardığı mübarizənin nəticəsidir. 1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, iş vaxtlarının həddən artıq uzun olmasına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etmək qərarı qəbul edirlər. Qadınlar küçəyə çıxır. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdır.

1908-ci il Nyu-Yorkda 15000 qadın daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ tələbi ilə nümayiş keçirir. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

1909-cu ildə isə Avropadakı qadınlar fevral ayının son bazar gününü - fevralın 28-ni ilk qadın günü olaraq qeyd edir.

Nəhayət, 1910-cu il ildə - 1857-ci il hadisələrindən 53 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq ABŞ-da 8 martda öldürülən 129 qadın işçinin xatirəsinə hər il bu günü Dünya Qadınlar Günü olmasını təklif edir və bu təklifi qəbul olunur.

1977-ci ildə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan etdi və bununla da "mübarizə" sözü bayramın adından götürüldü. Bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü. Bu gün ölkəmiz də daxil olmaqla dünyanın bir çox ölkələrində bayram xüsusi qeyd olunur. Amma qadınlar artıq çörək və çiçək istəyindən çoxdan uzaqlaşıb...

Bayramı fürsət bilənlər

Əgər hədiyyə ilə bağlı xüsusi sifariş almayıblarsa, insanların ilk müraciət etdiyi yer gül və ətir mağazalarıdır. Elə bu gün də paytaxtdakı ətir mağazalarında qızğın alış-veriş gedirdi. Mağazaya girənlərin əliboş çıxmadığını demək olar. Mağazalarda kiçik ekskursiyamız zamanı alıcıların ətirin qoxusundan çox qiymətinə fikir verdiklərini müşahidə etdik.

Gül mağazalarında da vəziyyət fərqli deyildi. Sadəcə burada qiyməti büdcəyə uyğunlaşdırmaq daha realdır. Tək qızılgül 5-7 manat, 3 ədəd qızılgüldən hazırlanmış dəstənin qiyməti 25-30 manatdan başlayır. Çobanyastığının bir ədədi 2-3 manat, lalələr 2 manatdır. Qızılgül və çobanyastığı qarışığından hazırlanmış səbətlərin ən ucuzu 35-40 manat idi, bu qiymət səbətin həcmindən asılı olaraq 100 manat və daha da yüksələ bilir.

“Kasıblara bir, varlılara başqa qiymətə satıram”

Gül mağazalarında istədikləri qiymətə gül tapmayanların köməyinə səyyar satıcılar çatır. Elə səyyar satışla məşğul olanlar da bu fürsəti əldən verməmişdi. Onlar əllərində qızılgül, nərgiz tutaraq yolda şütüyən maşınların arasında gəzir. Həyatlarını təhlükəyə atsalar da, tənbəl və pulsuz alıcıların işini asanlaşdırırdılar. Yol kənarı və parklarda müvəqqəti “obyekt açanlar” da var. Bu gündən satışa başlayan bu satıcılar alıcılardan razı deyillər. Bu obyektlərdə qızılgülün biri 3-4 manatdan, lalələrin biri 50 qəpikdən başlayır. Qiymət ucuz olsa da, güllərin solğunluğu alıcıları istəyinə uyğun gəlmir. Ona görə də, yaxınlaşanlar əsasən qiyməti və güllərin vəziyyətini müqayisə edib, almaq fikrindən imtina edirdilər. Çarəsizlikdən alanlar da var idi.

Adətən metro çıxışlarında limon satanlar da qızılgül almaqdan əlini üzənlərə nərgiz təklif edirdilər. Adi günlərdən 50 qəpiyə təklif olunan nərgiz gülünün qiyməti 1 manat olub.

Kasıblar və “maşınlılar” üçün fərqli qiymət müəyyən edən Cahid Rüstəmov adlı satıcı səbəbi belə izah edir: “Hər adama eyni qiymət demək olmaz. Kasıblara 1 manata, maşından düşüb gələnlərə isə 1 manat 20, ya da 1 manat 50 qəpik deyirəm. Axı varlı ilə kasıbın fərqi olmalıdır”.

Elə bizimlə söhbət zamanı maşından düşən müştəriyə 1 manat 50 qəpikdən gül satır. Bəzi səyyar satıcıların alıcının az olmasından şikayətinə gəldikdə, müsahibim onun belə probleminin olmadığını deyir: “Şükür Allaha alan var. Gərək alıcını razı sala biləsən. Almaq istəməyənə deyirəm ki, “GÜL” sözünü abreviatura olaraq düşünün. Bu sözün açması Gözəllər Üçün Lazımdır deməkdir. Bunu deyəndən sonra mütləq alırlar”.

Bəs qadınlar bayram günü kişilərdən nə gözləyir?

Söhbətləşdiyimiz qadınların bayrama münasibəti fərqli oldu.

8 mart günü də işdə olacağını deyən Nəcibə xanım bayramın onun üçün əhəmiyyətli olmadığını bildirir: “Bayramı adi günlərdən fərqli keçirmirəm. Heç xüsusi hədiyyə də gözləmirəm. Övladlarım yəqin hədiyyə verəcək. Amma onlara heç vaxt nəsə istədiyimi deməmişəm. Ən xoşladığım hədiyyə ətirdir. İmkan olanda oğlanlarım, başqa tanışlar alır”.

Bayram günü oğlundan, qızından hədiyyə gözləyən Kifayət Kərimova onun üçün alınan hədiyyələrdən hər zaman razı qaldığını deyir: “Nə hədiyyə versələr onunla razılaşıram. Ən sevdiyim nərgiz gülüdür. Yəqin ki, bu il də mənə nərgiz gülü alacaqlar. Allah kişilərimizin canını sağ, imkanlarını bol etsin ki, bizə də hədiyyə alsınlar”.

Mələk xanım isə artıq bayramların əvvəlki dadının qalmadığını deyir: “Əvvəllər adi açıqcanı səbirsizliklə gözləyirdik. İndi ən dəyərli hədiyyə belə əhəmiyyətsizdir. Açıqcada can sağlığı və həyatda uğurlar arzulayırdılar. İndi arzu deyən yoxdur. Hədiyyə verməklə iş bitmir, onu necə təqdim etmək də önəmlidir. Ona görə hədiyyə alanda heç ürəyimiz də açılmır. Hədiyyə olmasa da, şirin söz olmalıdır”.

Orta yaşlı təbəqədən olan qadınlar hədiyyənin fərqli olmadığını desə də, gənc xanımlar artıq sifariş verdiklərini bildirirlər. 23 yaşlı Aytən xanım atasından və nişanlısına istəkləri barədə əvvəldən xəbərdarlıq etdiyini deyir. Hədiyyənin nə olduğunu açıqlamasa da, alınacağına əmindir.

Kişilər nə düşünür?

Qadınların ən sevimli günü kişilər üçün əzaba çevrilib desək, səhv etmiş olmarıq. Söhbətləşdiyimiz bəylər büdcələrinə uyğun hədiyyə almağa çalışacaqlarını deyilər.

Qızına, həyat yoldaşına mütləq hədiyyə alacağını deyən Soltan bəy hələ qərar verməyib: “İmkanım nəyə çatsa alacam. Əvvəlki illər qızıma qızıl hədiyyə almışam, amma həyat yoldaşıma həmişə gül, ətir almışam. Yəqin ki, bu dəfə də həyat yoldaşıma gül, qızıma oyuncaq alacam. Xüsusi istəkləri yoxdur, amma vicdanımız yol verməz ki, evə hədiyyəsiz gedək. Hədiyyənin böyüyü, kiçiyi olmaz, əsas diqqətdir. Bizim ailədə 8 Mart qeyd olunur. Ona görə də, qadınların bayramından narazılığım yoxdur”.

İmkanının ancaq qızılgülə çatdığını deyən Arif bəy isə artıq bütün qərarları verib: “Qızıma və həyat yoldaşıma qızılgül alacam. Onların məndən xüsusi istəkləri yoxdur, özüm onlar üçün ən dəyərli hədiyyəyəm. Amma baxıram ki, indi qadınlar bahalı hədiyyələr istəyirlər. Bu düzgün deyil, əsas onlara diqqət göstərilməsidir”.

Biz də bütün qadınları bayram münasibətilə təbrik edirik. Bu bayramda çörəyiniz və gülünüz bol olsun.

Gülxar Şərif

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm