“Qadın, fiziki qüsurlu olduğuma görə...” - İki əli, bir ayağı olmayan qadının HƏYAT HEKAYƏSİ
Bizi izləyin

Qırmızı.az

“Qadın, fiziki qüsurlu olduğuma görə...” - İki əli, bir ayağı olmayan qadının HƏYAT HEKAYƏSİ

“Çox böyük çətinliklər çəkmişəm. Küçəyə çıxmaq belə mənim üçün çox çətin idi. Təhsil almaq istəyirdim, amma bəzi məktəb direktorları “həm qüsurlu, həm də qız uşağıdır, nə üçün oxutmaq istəyirsiniz” deyib, məni məktəbə qəbul etmək istəmirdilər. Ona görə də 18 yaşıma qədər heç bir təhsil almamışam”.

Bu sözləri anadangəlmə iki qolu və bir ayağı olmayan İlknur Peder deyir.

Publika.az Türkiyə mətbuatına istinadən fiziki qüsurlu qızın həyat hekayəsini təqdim edir.

Qüsurlu doğulan İlknur buna görə məktəbə, teatra, üzgüçülük salonlarına qəbul edilmədiyini bildirir. İndi həmin günlər geridə qalıb və o psixoloq kimi insanlara kömək edir.

Direktorlar onu məktəbə qəbul etməsə də, o mübarizəsindən qalmayıb. Qadın olmağın zaman-zaman qarşısına müxtəlif əngəllər çıxartdığını deyən İlknur qüsurlu olmasının vəziyyəti bir az da çətinləşdirdiyini deyir. Bütün çətinliklərə baxmayaraq, o, həyatda istədiklərinə nail ola bilib: “Məktəbə getməsəm də, anam evdə oxumağı öyrədirdi və bir ayağımla yazmağı öyrəndim. Çoxlu kitab oxuyurdum. 18 yaşım tamam olandan sonra məktəbdə distant təhsil aldım. Ən böyük arzum psixoloq olmaq idi. Bu istəyimə da çatdım, psixologiya fakültəsini bitirdim”.

Bir çox istəyini həyata keçirməkdə çətinlik çəkdiyini deyən İlknur fiziki qüsurun bir mane olmadığını əvvəl dostlarına, daha sonra cəmiyyətə qəbul etdirdiyini deyir.

Məktəbdən məzun olduqdan sonra öz psixoloji mərkəzini qurduğunu və müəyyən müddətdən sonra müraciət edənlərin sayının artdığını bildirir. Son 10 ildə isə şəxsi inkişafla bağlı seminarlara rəhbərlik edib.

O, bu illər ərzində daim öz üzərində işlədiyini deyir. Bir çox kursa gedib, psixologiya sahəsində biliklərini inkişaf etdirib. Əsas məqsədinin sertifikat toplamaq yox, cəmiyyətdə qüsurlu insanlara münasibəti dəyişdirmək olduğunu vurğulayır.

Bütün bunları edərkən bütün qadınlar kimi psixoloji təsirə məruz qalıb: “Bu həyata bir dəfə gəlirik. O şansımı əlimdən gəldiyim qədər yaxşı dəyərləndirmək istəyirəm. Nə qüsurlu biri, nə də qadın olaraq cəmiyyətdə əzilmək istəmirəm. Həm qadın, həm də qüsurlu olmaq mənim kimilər üçün daha çox problem deməkdir. “Yaşama, öl” deyilən bir cəmiyyətdə yaşayıb, özünü sevib, həyatdan zövq alırsansa, bu böyük uğurdur”.

İndi İlknur qadın problemləri mövzusunda elmi iş hazırlayır, teatr dərslərinə gedir, şəkil çəkir, Avstraliyada da olsa işçilərinə internet vasitəsilə tapşırıqlarını verir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm