Kartla ödənişdə problemlər - Günah sürücülərdədir?
Bizi izləyin

Qırmızı.az

Kartla ödənişdə problemlər - Günah sürücülərdədir?

Nəqliyyat kartlarında bu il ərzində yeniliklər olacaq

Yanvarın 13-dən paytaxt avtobuslarında kartla ödəniş sistemi tətbiq olunub.

Əvvəlcə yalnız 10 və 95 saylı avtobuslarda tətbiq olunasa da, qısa zamanda 40 marşrut xətti üzrə kart sistemindən istifadəyə başlandı. Daha doğrusu, Nəqliyyat Nazirliyi bu avtobuslarda kartla ödəniş sistemini yaratdı. Amma necə istifadə olundu?

Qərarın tətbiqindən bir ay keçsə də, avtobuslarda kartla ödəniş edənlərə demək olar ki, rast gəlinmir. Bunun səbəbləri müxtəlifdir. Öncəliklə, sistemin məcburi olmaması, insanlarda rahatlıq yaradıb, ənənəvi ödəniş qaydalarını birdən-birə kartla əvəzləmək istəmirlər. İkinci və daha önəmli məqam isə sürücülərlə bağlıdır. Sərnişinlərin sözlərinə görə, sürücülər aparata yaxınlaşan sərnişinə onun işləmədiyini deyir.

Nəqliyyat Nazirliyinin şöbə müdirir Namiq Həsənov sürücülərin karta marağının olmaması ilə bağlı nazirliyə də siqnalların daxil olduğunu dedi:

“Sərnişinlərin karta marağı var, amma sürücülər bunu qəbul etmək istəmir, bu da mentalitetdən irəli gələn məsələdir. Amma düşünürəm ki, vaxt keçdikcə problem həll ediləcək. Nazirliyə də bu barədə müraciət edilir, lakin konkret avtobusların nömrəsi bildirilmir. Qaynar xəttə zəng edən sürücülərdən şikayət ediblər. Sürücünün kartdan istifadəyə etinasız yanaşdığı bildirilir”.

N.Həsənov aparatların işləməməsinin mümkün olmadığını dedi. Onun sözlərinə görə, bu sadəcə sürücülərin bəhanəsidir.

Bakının ictimai nəqliyyatında kart ödəniş sisteminin işi bu məqsədlər üçün xüsusi olaraq yaradılmış "Bank of Azerbaijan"-dan isə bildirdilər ki, nəqliyyat kartlarına maraq gündən-günə artır:

“Kart alanların sayı çoxdur, onun gündəlik dövriyyəsi də də yüksəkdir. Lakin bank sirri olduğuna görə, konkret rəqəm deyə bilmərik, lakin yaxın zamanda Nəqliyyat Nazirliyi vasitəsilə məlumatlar ictimaiyyətə təqdim ediləcək”.

Kartların işləməməsinə gəldikdə isə bankdan bildirdilər ki, bu barədə problemlə qarşılaşanlar “175” Qaynar xətti ilə əlaqə saxlaya bilərlər. Texniki işçilər qısa zamanda həmin problemi aradan qaldıra bilərlər:

“Lakin çox zaman sistem işləyir, problem başqa olur. Əsas problem sürücülərlə bağlıdır, onlar hələ sistemə alışmayıblar. Sistem tam olaraq işləyir, bu vaxta qədər hər hansı texniki nasazlıq olmayıb. Problem sürücülərlə bağlıdır. Hazırda alınan bütün kartlar istifadədədir, onların dövriyyəsindən əldə olunan məlumatlar var. Bu ilin sonuna qədər həmin kartlardan vasitəsilə parking, supermarketlərdə kiçik ödənişlər etmək mümkün olacaq. Mərkəzi Bank tərəfindən müəyyən olunub ki, bu kartların 30 manatadək təmassız ödəmə limiti var. Bu limitin artırılması isə Mərkəzi Bank tərəfindən qərar verilməlidir”.

Kartla ödənişin tərəfdarı olmayan sürücüləri anlamamaq mümkün deyil. Kartla ödənişdən sürücünün cibinə heç nə qalmır, üstəlik o hələ də, maaşa yox, plana işləyir. Karta marağı artırmaqla yanaşı, bu istiqamətdə də iş aparılmalıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm