ABŞ-ın sevdiyi faşist, dünyanın ən ağıllı, uzunömürlü nasisti Frankonun həyatı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

ABŞ-ın sevdiyi faşist, dünyanın ən ağıllı, uzunömürlü nasisti Frankonun həyatı – FOTOLAR

Beynəlxalq təcrübə sübut edir ki, dünyanın heç də bütün faşistləri, hərbi, siyasi cinayətkarlar törətdikləri qanunsuz əməllərə görə layiqli cəzalarını almayıblar. Xeyli sayda faşist cinayətkarı, o cümlədən Yozef Menqele, Nürnberq məhkəməsində 4 ölkənin hüquqşünaslarını, hakimlərini aldatmaqla ölüm cəzasından qurtulmuş Albert Şpeyer (onun bəzi cinayətləri yalnız 1998-ci ildə aşkar olundu-müəl), ispan diktatoru, 1975-ci ildə öz əcəli ilə dünyasını dəyişmiş 82 yaşlı Fransisko Franko məhz belə şəxslərdəndir. Dünyanın ən ağıllı, hakimiyyəti uzunömürlü olmuş faşist rəhbəri, ölkəsinin ən gənc generalı Franko nəinki 35 il hakimiyyətdə qaldı, hətta cinayətlərinə görə cavab vermədən dünyadan köçdü. Publika.az ispan diktatorunun həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

Təcrübəli hərbçi, intizamlı komandir

1892-ci il 4 dekabrın 4-də dünyaya gələn Fransisko Franko (Fransisko Paulino Ermenexildo Teodulo Franko Baamon) hərbi sahəyə hələ uşaq yaşlarından maraq göstərirdi.Hərbçilər kimi xüsusi intizamı ilə seçilən, az danışan, qaraqabaq Franko sevdiyi sahə üzrə nəinki İspaniyada, eləcə də bütün Avropada bir sıra ilklərə imza atdı. Tam hərbi təhsil almış, 23 yaşında yaralanan Franko müalicə olunaraq karyera pilləkənində inamla ucalmağa başladı. O, bu yaşında mayor rütbəsi alaraq İspaniyanın ən gənc komandantesi oldu. 1925-ci ildə isə ölkənin ən gənc generalı paqonunu çiyinlərində daşımağa başladı. Bundan bir il sonra ölkə paytaxtındakı piyada qoşunlarından ibarət hərbi birləşmənin komandiri vəzifəsinə təyin edildi. Mərakeşdə ispan qoşunlarının komandanı olmuş təcrübəli hərbçi 1935-ci ildə təyin edildiyi qərargah rəisi vəzifəsinin səlahiyyətlərini uğurla icra etməyə başladı.

Frankonun hərbi, sonradan isə siyasi yüksəlişinə həmin dövrdə İspaniyada baş verən proseslər, böhran, daxili qarşıdurmalar təkan vermişdi. Birinci Dünya müharibəsinə qoşulmamaqla ağıllı siyasət yürütmüş ölkə rəhbərliyi bununla İspaniyanı daxili və xarici fəlakətlərdən qoruya bilmişdi. Amma iqtisadi sahədə yol verilən nöqsanlar ölkəyə baha başa gəldi.

Madrid rəhbərliyinin müstəmləkəçi siyasəti Mərakeşdə böyük üsyanın başlamasına və bir neçə il davam etməsinə səbəb oldu. İqtisadi böhranlar tətillərə, hətta kəndli üsyanlarına yol açdı. Dalbadal baş verən hökumət dəyişiklikləri, 1929-cu ilin dünya iqtisadi böhranı, bir sıra vilayətlərdə etnik azlıqların narazılıqlarının gündən-günə artması ölkənin “dəmir əl” tərəfindən idarə edilməsi zəruriliyini gündəmə gətirirdi.

Avropada faşizmin gücləndiyi 30-cu illərdə İspaniyada da bu hərəkat kütləviləşdi. Anti-respublikaçı dairələrin, monarxistlərin dəstəyi ilə, habelə demokratik qüvvələrin daxili ixtilafları şəraitində 1933-cü ildə "İspan Falanqası" təşkilatı təsis edildi. Bir neçə ay sonra bu təşkilat özündən əvvəl yaradılmış millətçi hücum xuntası ilə əməkdaşlığını rəsmiləşdirdi, “İspan Falanqası” partiyasında birləşdilər.

Bu, həmin dövrdə hələ siyasətdə olmayan Frankonun gələcək partiyası idi.

Sağçıların 1936-cı ildə hakimiyyətdə olan Xalq Cəbhəsinə qalib gəlmək istəyi reallaşmadığından onlar ən sonuncu varianta əl atdılar – iyulun 17-də Mərakeşdəki qoşunlar Frankonun rəhbərliyi ilə respublika rəhbərliyinə qarşı qiyam qaldırdılar. Çox keçmədən bu qiyama ölkənin daxilində pusquda dayanan və əlverişli məqamı gözləyən anti-demokratlar və digər respublika əleyhdarları da dəstək verməyə başladılar. 3 ay sonra Franko işğal edilmiş torpaqlarda faşist dövlətlərinin komandanı və rəhbəri elan edildi. Lakin demokratlar və respublikaçılar da fəaliyyətsiz dayanmadılar. Beləcə, İspaniyanın hər yerində formalaşmış müqavimət hərəkatı və hakimiyyəti ələ keçirməyə çalışan anti-respublikaçılar arasında qanlı müharibə - 32 aylıq vətəndaş müharibəsi başladı.

461 min insanın qanı üzərində qurulan diktatura

Daxili respublika əleyhdarları tərəfindən himayə edilən Franko vətəndaş müharibəsi başladıqdan sonra, əvvəlcə İspaniyada qiyamçı lokal hərbi birləşmələr, sonra qoşunlar formalaşdırdı. Müharibənin ilk aylarında o, yalnız hərbi birləşmələrin deyil, həm də faşistlərin əvəzolunmaz rəhbərinə çevrildi. Frankoya dəstək verənlər arasında onun xaricdəki dostları – Almaniya diktatoru Adolf Hitler, İtaliyanın duçesi Benito Mussolini də vardı. Avropanın ən güclü dövlətlərindən birinə çevrilmiş faşist Almaniyası ölüm-qalım seçimi ilə üzləşmiş İspaniyaya həm maddi, həm hərbi, həm də mənəvi dəstək verirdi. Hitlerin 51 min əsgər və zabiti, Mussolininin 65 mindən artıq hərbçisi “könüllü” şəkildə frankoçulara qoşulmuşdu. Həmin dövrdə Avropanın ən böyük demokrat ölkələri, o cümlədən Böyük Britaniya və Fransa da İspaniyada günahsız insanların qanının axıdılmasına, getdikcə formalaşan yeni faşist dövlətinin yaradılmasına gözlərini yummaqla seyrçi mövqe sərgiləyirdilər. Respublikaçılara dəstək verməklə bir neçə yüz hərbçisini, zirehli texnikanı İspaniyaya göndərmiş bolşevik Rusiyasının əsil planları sonradan üzə çıxdı – bolşeviklər ispan respublikaçılarının büdcəsini ələ keçirib göyə sovurmuşdular. Bir sözlə, zaman Frankonun xeyrinə işləyirdi. Məhz bu səbəblərə görə o, bir neçə ay sonra tədricən təşəbbüsü ələ keçirdi. Kifayət qədər geniş xarici dəstək alan frankoçular 1937-ci ilin ortalarından başlayaraq cəbhənin bir sıra istiqamətlərində uğur qazanaraq qələbənin əldə olunmasını bir qədər tezləşdirməyə başladılar. Sosialistlərin bir qisminin frankoçularla “dil tapması”, respublika tərəfdarları arasında çəkişmələrin başlanması, respublikaçılar arasındakı xəyanət könüllülərin bir qisminin ölkəni tərk etmələrinə, faşistlərin güclənməsinə yol açdı. Franko tədricən döyüş cəbhələrində təşəbbüsü tam ələ aldı. 1939-cu il martın sonlarında Frankonun hərbçiləri paytaxtı ələ keçirdilər. 4 gün sonra ölkənin bütün ərazisi gələcək diktatorun tərəfdarlarının əlində idi.

Beləcə, XX əsrdə Avropanın və ölkəsinin ən gənc generalı olmuş, vətəndaş müharibəsində qüvvələr nisbətinin faşistlərin xeyrinə dəyişməsinin əsas səbəbkarı Fransisko Franko İspaniyada hakimiyyəti tam ələ aldı. Ölkədə faşist diktaturası quruldu, respublika süqut etdi. Frankonun hakimiyyətə gəlməsi İspaniyaya 461 min insanın qanı bahasına başa gəldi. Öldürülənlərin 2,3 faizi mülki vətəndaşlar, o cümlədən qadınlar, uşaqlar, qocalar idi. Respublikaçılar bu müharibədə 331 itki verdilər. Lakin satqınlıq, pərakəndəlik, faşistlərə xarici dəstək öz sözünü dedi, frankoçular cəmi 130 min itki ilə günahsız insanların qanları üstündə hakimiyyətə gəldilər.

Bütün bunlar ispan xalqının fəlakətlərinin bir qismi idi. Müharibənin respublikaçılar üçün uğursuz başa çatdığını görən antifaşistlər, demokratlar İspaniyanı tərk etməyə başladılar. 612 min ispan vətənindən didərgin düşdü. Ölkədə qalanları Frankonun repressiya maşınının cəza üsulları gözləyirdi.

Sevgi macəraları, böyük sınaqlar, ağıllı diktator

Sərt diktatura rejimi qurmuş Franko dərhal ən ağır üsullara əl atdı. Diktatora qarşı çıxan vətəndaşların hər 5 nəfərindən 1-i diktatorun əlaltıları və repressiya maşını tərəfindən məhv edildi. Ölkədə siyasi partiyaların, azad mətbu orqanların fəaliyyəti qadağan olundu. Rəhbəri olduğu Falanqa Partiyasının sıralarını genişləndirən diktator müxalifət partiyalarının fəallarını bir-bir aradan götürdü. Hakimiyyət sükanını tam ələ keçirmiş Franko İspaniyada totalitar sistem formalaşdırdı.

Hələ gənclik illərində əyləncələrə maraq göstərən Franko qadınlara xüsusi vaxt ayırırdı. Eyni vaxtda bir neçə qadını əlində saxlayan hərbçi gələcək həyat yoldaşı Karmen Polodan əvvəl bir neçə qadınla eşq həyatı yaşamışdı. Sofia Mile, Mariya de los Anxeles Barkon i de Furundarena, habelə digərləri Frankonun sevgililəri sırasında idi. Franko eyni vaxtda bir neçə qızı öz əlində saxlamağı bacarırdı. Həmin qızlardan biri də Mariya idi. Lakin “dəmir” Frankonu ancaq Karmen Polo ömürlük özünə ram edə bildi. Gələcək cütlüyün ilk görüşü 1917-ci ilin fevralında baş tutmuşdu. Həmin vaxt 24 yaşı olan mayor Franko Karmenin xoşuna gəlmirdi. Gələcək ər şıltaq və ərköyün qızın ürəyini ələ almaq üçün ən müxtəlif vasitələrdən yararlanırdı.

Cütlük bir müddət sonra evləndi. Karmen həyat yoldaşına bir qız övladı hədiyyə etdi. Frankonun ömrünün sonuna qədər həyat yoldaşı ilə yanaşı addımlayan qadın “Mən siyasətə qarışmıram, bütün məsələlərdə Franko özü qərar verir” desə də, onun bir sıra həlledici məsələlər üzrə qərarların verilməsində ərinə təsir göstərməsi hər kəsə gün kimi aydın idi.

Bəşəriyyətə 60 milyon insanın məhvi, bir neçə dövlətin fəlakəti hesabına başa gəlmiş İkinci Dünya müharibəsi göstərdi ki, Fransisko Franko həm Adolf Hitlerdən, həm də Benito Mussolinidən praqmatik olması baxımından təkcə Avropanın deyil, ümumilikdə dünyanın ən ağıllı faşisti imiş. Hitlerçilər 1939-cu ilin sentyabrında Dansikdə ilk atəş açmaqla Dünya Müharibəsinə səbəb olduqda, 1941-ci ildə dünyanın ən böyük imperiyasının torpaqlarını ayaqladıqda, Franko başa düşdü ki, müharibədə neytral qalmaq onun hakimiyyətini uzatmaq üçün ən əlverişli variantdır: “Əgər Hitler İkinci Dünya Müharibəsində qalib gəlsə, İspaniya bundan heç nə qazanmayacaq, Hitler bu savaşdan məğlub çıxsa, ölkəmiz yenə öz həyatını yaşayacaq”. Beləcə, hiyləgər ispan diktatoru 1936-1939-cu illərin vətəndaş müharibəsində ona maddi, hərbi dəstək vermiş Hitler və Benito Mussolininin xeyrinə olaraq müharibəyə girməkdən imtina etdi. O, neytrallığını qorumaqla hakimiyyətinin ömrünü daha bir neçə onillik müddətinə uzatdı. Lakin Franko Hitleri də əlində saxlamağı unutmurdu. Almaniya ilə SSRİ arasında hərbi əməliyyatlar başlayanda ispan diktatorunun cəbhəyə xüsusi təyinatlı “mavi diviziya”nı göndərməsi söylədiklərimizə əyani sübut ola bilər.

İkinci Dünya müharibəsinin necə başa çatması Birinci Dünya müharibəsində olduğu kimi bu savaşda da İspaniya üçün heç bir əhəmiyyət kəsb etmədi. Potsdam konfransında anti-hitler koalisiyası ölkələri Hitlerə və Mussoliniyə rəğbəti ilə seçilən Frankonun totalitar rejimini pislədilər. Üç ölkənin rəhbəri qeyri-rəsmi şəkildə İspaniyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyi qərara aldılar. BMT-nin qərarı ilə bir sıra dövlətlər rəsmi Madridlə diplomatik münasibətləri və iqtisadi əlaqələri kəsdilər. Nəticədə, Franko rejimi bir sıra çətinliklərlə üzləşdi. Ölkənin daxilində diktatora qarşı narazılıq artdı. Lakin təcrübəli hərbçi, əleyhdarlarını və siyasi rəqiblərini müxtəlif üsullarla ələ almağı bacaran hiyləgər siyasətçi tab gətirə bildi. Hətta İkinci Dünya Müharibəsindən iki il sonra dünyaya (onu təcrid etmiş ölkələrə) meydan oxuyurmuş kimi özünü ömürlük dövlət başçısı elan etdi. Bu, krallıq elan edilmiş İspaniyada Frankonun dövlətin, hökumətin, silahlı qüvvələrin ali baş komandanı olması demək idi. Bu arada bir fakta diqqət çəkmək kifayətdir: 1936-1939-cu ilin vətəndaş müharibəsində xarici müdaxilənin köməyi ilə qalib gəlmiş Frankonun Avropada faşizmə qarşı mübarizənin gücləndiyi və başa çatdığı 1945-ci ildən sonra hakimiyyətdə qalmasına səbəb yenə xarici dəstək idi. Birinci halda, ona Hitler və Mussolini, ikinci dəfə isə ABŞ kömək etdi.

Uinston Çörçilin çağırışından sonra başlamış “soyuq müharibə”də ABŞ-ı hərtətəfli dəstəkləyən və SSRİ-yə qarşı çıxmaqla manevrlər edən Fransisko Franko çox keçmədən öz hədiyyəsini aldı. Rəsmi Vaşinqton BMT-də bir neçə il əvvəl İspaniyaya qarşı tətbiq edilmiş qadağaların ləğvi məsələsini qaldırdı. Nəticədə, həmin qadağalar aradan qaldırıldı və Franko rejimi təcrid vəziyyətdən xilas oldu. Hətta 1953-cü ildə ABŞ-la İspaniya arasında hərbi əməkdaşlıq sazişi də imzaladı. İş o yerə çatdı ki, vaxtilə nasistlərə qarşı mübarizə aparmış, anti-hitler koalisiyası ölkələrinin komandanı, faşistləri görməyə gözü olmayan Duayt Eyzanhauer faşist diktatorun əlini sıxdı.

Frankonun turizm sahəsini genişləndirməsi, ölkənin xarici kapitalın üzünə açması İspaniyanı iqtisadi çətinliklərdən xilas etdi. Turizmdən əldə olunmuş gəlirlərin sənayenin inkişafına yönəldilməsindən sonra İspaniya bu sahənin inkişaf sürətinə görə Avropanın, demək olar, bütün dövlətlərini ötüb keçdi.

Frankonun oğul övladı olmadığından, arvadı qocaldığından, qızı isə siyasətə o qədər maraq göstərmədiyindən diktator varis məsələsini də həll etmək qərarına gəldi. O, hakimiyyətə gəlməsinin 30-cu ilində Xuan Karlos Burbonu özünün varisi elan etdi. Ömrünün son ilində tez-tez müxtəlif xəstəliklərdən əziyyət çəkən, 1975-ci ilin 20 noyabrında dünyasını dəyişən Franko can verərkən “Ah, ölmək nə qədər əzablı imiş” deyərək dünyadan köçdü.

Qəribə idi, Frankonun öldüyü gün faşist qüvvələrini birləşdirmiş ispan falanqasının təşkilatçısı və rəhbərlərindən biri Xose Antonio Primo de Riveranın ölüm günü ilə üst-üstə düşürdü. Frankonun ölümü ilə İspaniyada yeni, tədricən demokratikləşmə dövrü başladı. İndi ölkə rahat nəfəs ala bilirdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm