• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva Türkiyədə ödülə layiq görüldü

Qənirə Paşayeva Türkiyədə ödülə layiq görüldü

Millət vəkili Qənirə Paşayeva Türkiyədə ödülə layiq görülüb.

Publika.az-ın məlumatına görə, yüzlərlə qadının iştirakı ilə keçən tədbirdə Türkiyənin Ailə və Sosial Məsələləri üzrə nazir müavini Ciğdem Erdoğan Atabek ve “Ayhsa” dərgisinin sahibi Pınar Küçükşabanoğlu ödülü Qənirə Paşayevaya təqdim edib, millət vəkilinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, qadınlar arasında əməkdaşlığın gücləndirilməsi və qadın haqlarının fəal müdafiəsi istiqamətində daima çalışdığını vurğulayaraq onu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Ödül üçün təşəkkür edən millət vəkili Qənirə Paşayeva Türkiyənin Ailə və Sosial Məsələləri üzrə nazir müavini Ciğdem Erdoğan Atabek və “Ayhsa” dərgisinin sahibi Pınar Küçükşabanoğluna xoş sözləri üçün təşəkkürünü bildririb, onlar da daxil olmaqla bütün qadınları 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib və onlara uğurlar diləyib. Millət vəkili qadınlara qarşı zorakılığın bütün növləri ilə mübarizənin vacibliyini qeyd edərək, bu sahədə maarifləndirmə işlərinin və birgə səylərin artırılmasının vacibliyini vurğulayıb. Tədbirin "Qadına qarşı şiddətə YOX deyək!" çağırışı ilə keçirilməsini əhəmiyyətli addım sayan Qənirə Paşayeva deyib: "Biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi hər yerdə daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq. Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir.

Uşaqlarımız “qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur” deyə tərbiyə edilməlidir. Kişilər bu nəcib işə öz ailələrindən, evlərindən başlamalıdır. Biz hamımız öz ətrafımızdan, ailələrdən başlamalıyıq. Maarifləndirməyə bağçalardan, məktəblərdən başlamalıyıq. Uşaqları bu istiqamətdə öyrətməli, tərbiyə etməliyik. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyd olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik".

Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun hələ 1918-ci ildə verildiyini deyən millət vəkili ölkəmizdə bu istiqamətdə görülən işlər, qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər barədə, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır tapdalanmaqda davam etməsindən də danışıb. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar bu məsələlərə laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. Qənirə Paşayeva deyib ki, gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir. Uşaqları həm fiziki, həm zehni olaraq yetişdirmənin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva analarımızın gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalı olduğunu bildirib. “Mən həm Azərbaycanda, həm də bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram - Türk dünyasının gələcəyi daha çox analarımızın əlindədir”, - deyə millət vəkili bildirib.

Qənirə Paşayeva 3 yaşı tamam olan “Ayhsa” dərgisinin rəhbəri Pınar Küçükşabanoğlunu və bütün kollektivini təbrik edərək, onlara qadınların maarifləndirilməsi, hüquqlarının müdafiəsi, cəmiyyətdə rollarının artması istiqamətindəki fəaliyyətlərində uğurlar diləyib və öz səhifələrində Azərbaycana və Azərbaycan qadınlarına bundan sonra daha da geniş yer verilməsini arzulayıb. O, tədbirin təşkilatçılarına rəssam Sabir Çopurovun neftlə çəkdiyi Azərbaycan tarixi, təbiəti və mədəniyyətini özündə əks etdirən tablo, Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı hədiyyələr təqdim edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR