Nəqliyyat Nazirliyi rəsmisi: "Biletləri kassadan alın"
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat Nazirliyi rəsmisi: "Biletləri kassadan alın"

Hər il bayram günlərində Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışır. Bu il də artıq bu istiqamətdə işlərə başlanılıb.

Bunu Publika.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, bayram günləri əziyyət çəkmək istəməyənlər əvvəldən də bilet almaq üçün müraciət edə bilərlər:

“Təbii ki, ehtiyatda nə qədər avtobus varsa, bayram günlərində onların hamısı xəttə buraxılacaq. Məqsəd sərnişinlərin rahat hərəkətini təmin etməkdir. Düzdür, bütün sərnişinlərin daşınması mümkün deyil. Amma hər halda adi günlərə nisbətən bayram günlərində sərnişin sıxlığında fərq olur. Hər gün yüzlərlə avtobus xəttə buraxılır. Bu il də istisna olmadan avtobusların sayı artırılacaq. Xüsusən də nəzərə alaq ki, bu il bayram tətili daha uzunmüddətlidir. Ona görə də bu gündən aprelə qədər gücləndirilmiş iş rejimindəyik”.

N.Həsənov onu da bildirib ki, bayram günləri nə qədər avtobusun xətdə buraxılması sərnişinlərin müraciətindən asılıdır:

“Bilet satışı başlanandan sonra avtobusların sayında nə qədər artıma ehtiyac olduğunu müəyyən edə biləcəyik. Bölgələrə gedənlərin sayında ən çox artım məhz bu bayramda qeydə alınır. Çünki insanlar yalnız bayram üçün deyil, həm də yaxınlarının qəbrini də bayramdan əvvəl ziyarət etmək üçün gedirlər. Ona görə də Yeni ilə nisbətən Novruzda daha çox tələbat olur. Ən çox müraciət bayramdan bir gün əvvəl və bayram günü olur. Daha sonra Bakıya qayıdanların sayında artım müşahidə edilir. Bölgələrdə də istifadəyə yararlı avtobusların hamısı xəttə buraxılır”.

N.Həsənov bayram günlərində sərnişinləri ən çox narahat edən süni qiymət artımına da toxunub. Nəqliyyat Nazirliyi rəsmisi bildirib ki, bayram ərəfəsində avtovağzalda heç bir qiymət artımı olmayacaq:

“Bu halla qarşılaşanlar avtovağzalın qiymət komissiyasına, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı xidmətinə müraciət edə bilərlər. Dərhal həmin məsələ həllini tapacaq. Ona görə də insanlara məsləhət görürük ki, bileti kassadan alsınlar, sürücülərlə sövdələşməsinlər. Vətəndaş özü sürücüyə pul verirsə, o zaman biz məsuliyyət daşımırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm