• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi martın 10-da Suraxanı Rayon İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da nazirliyin qurumlarının nümayəndələri, Bakı şəhəri və rayonlarının fövqəladə hallar üzrə komissiyalarının sədrləri - rayon icra hakimiyyəti başçılarının birinci müavinləri, Bakı Şəhər Baş Polis və Səhiyyə idarələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Azəryolservis”, “Azərsu”, “Azərişıq” və “Təmiz Şəhər” Səhmdar cəmiyyətləri, “Azəriqaz” və “Bakı Lift-Təmir” istehsalat birlikləri, Dənizkənarı Bulvar İdarəsinin rəhbər işçiləri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri iştirak ediblər.

“Dəyirmi masa” iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Artıq beşinci ildir fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi məqsədilə keçirilən tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov fövqəladə hallarla mübarizə prosesində birgə fəaliyyətin belə hadisələrin qarşısının alınmasında, xüsusən də nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində müstəsna əhəmiyyətini vurğulayıb.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək Mərkəz tərəfindən hazırlanmış xüsusi təqdimatla ətraflı məlumat verib. O, Bakıda tıxaclar, qanunsuz park yerləri, yaşayış massivlərindəki qeyri-qanuni maneələr, yolların və çimərliklərin vəziyyəti, məişət tullantılarının daşınması ilə bağlı bu gün mövcud olan problemlərlə birgə mübarizə aparmağın vacib olduğunu qeyd edib.

Tədbirdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili” və “FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə bina və qurğuların texniki təhlükəsizliyinin monitorinqinin keçirilməsi sahəsində birgə iş təcrübəsi” mövzuları da iştirakçıların diqqətinə çatdırılıb.

Birinci Avropa Oyunları təhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyatları şöbəsinin rəhbəri Körk Rodz “Bakı-2015” birinci Avropa Oyunlarının təhlükəsizlik əməliyyatlarının icmalı” mövzusunda təqdimatla çıxış edib, Oyunların təşkili ilə bağlı ətraflı məlumat verib.

Təqdimatlardan sonra Bakı şəhəri və rayonlarının fövqəladə hallar üzrə komissiya sədrləri - rayon icra hakimiyyəti başçılarının birinci müavinləri ötən il ərzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələrlə bağlı çıxışlar edib, mövcud problemlərin həlli istiqamətində birgə fəaliyyətin zəruriliyini vurğulayıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR