Bakı Apellyasiya Məhkəməsi 81 nəfərə pul atan bankir oğlunu azadlığa buraxdı – ŞOK
Bizi izləyin

Qırmızı.az

Bakı Apellyasiya Məhkəməsi 81 nəfərə pul atan bankir oğlunu azadlığa buraxdı – ŞOK

“Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun apellyasiya şikayətinə baxılıb.

Publika.az-ın məlumatına görə, İslam Yusifov bir müddət əvvəl vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər rayon Məhkəməsinə müraciət edib. Xəzər Rayon Məhkəməsi İslam Yusifovun cəzasının çəkilməmiş hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı ərizəsinə baxıb və ərizəsinin qəbul edilməməsi haqqında qərar qəbul edib.

Qərardan narazı qalan İslam Yusifov apellyasiya şikayəti verib. O, şikayətində göstərib ki, məhkəmənin hökmü ilə ona təyin edilən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 ilini çəkib. Cəzasının qalan hissəsini isə məntəqə tipli cəza çəkmə müəssisəsində çəkmək istəyir.

İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Martın 6-da keçirilən prosesdə İslam Yusifovun apellyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib. İslam Yusifovun azadlığa çıxması ilə bağlı qərar qəbul edilib. Həmin qərardan sonra İslam Yusifov dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstə ilə bağlı cinayət işinə görə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci instansiya məhkəməsi İslam Yusifovu atası ilə əlbir olmaqda ittiham edib.

Belə ki, Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Zal Yusifovun vətəndaşlardan dələduzluq yolu ilə pul almasında oğlu da iştirakçı olub. Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib. Baş prokuror Zakir Qaralov da göstəriş verib ki, dələduzluq işlərində zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda, təqsirləndirilən şəxs və ya məhkum vaxtından əvvəl azadlığa buraxıla bilməz. Həmçinin baş prokuror qərarında qeyd edib ki, dələduzluq cinayətlərində təqsirli bilinənlərin amnistiyaya və əfv fərmanına düşməsi də mümkünsüzdür. Ali Məhkəmənin sədri Ramiz Rzayev də müsahibələrində, həmçinin məhkəmədə keçirilən kollegiya iclaslarında bildirib ki, dələduzluq işlərində məhkum olunan şəxslərin şərti cəza ilə və ya vaxtından əvvəl azadlığa buraxılmasına qanun yol vermir.

Buna baxmayaraq, 81 zərərçəkmişin ziyanı ödənilmədiyi halda İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması qanunsuzdur. Artıq məhkəmə qərarını qəbul edib. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarını şərh etmir. Amma bildirilib ki, qərardan narazı olan tərəflərin Ali Məhkəməyə kassasiya şikayəti və protesti vermək hüququ var.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, prokurorluq cinayət işi ilə bağlı iş məhkəməyə göndərilənə qədər məlumat yayır. Onun sözlərinə görə, artıq iş məhkəməyə verilir, bu səbəbdən də qərarlara məhkəmə instansiyasının rəhbər şəxsləri münasibət bildirməlidir: “Zərərçəkmişlərə dəymiş ziyan ödənilmədən təqsirləndirilən şəxsin azadlığa buraxılması mümkünsüzdür”.

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli bildirib ki, dələduzluq cinayətləri ilə məhkum olunan şəxslərin zərərçəkmişlərə dəymiş ziyanın ödənilmədiyi halda, azadlığa buraxılması qanunsuzdur:

“İslam Yusifovla bağlı qərar qəbul edilməsini necə əsaslandırıblar, bu, mənə məlum deyil. Amma yenə də zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda, onun ərizəsinin təmin olunması üçün əsas yoxdur. Həmin işlə tanış olmaq lazımdır. Bəlkə, həmin şəxs öhdəlik götürüb ki, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün mülklərini satacaq və zərərçəkmişlərin ziyanını ödəyəcək. O, bununla bağlı da öhdəlik götürə bilər. Amma həmin şəxsin azadlığa buraxılmasının səbəbləri araşdırılmalıdır və bundan sonra nəticə barədə danışmaq olar. İş üzrə zərərçəkmişlərin həmin qərardan kassasiya şikayəti vermək hüquqi var. Bununla bağlı qərar qəbul edən məhkəməyə müraciət edə bilərlər və öz şikayətlərini təqdim etməlidirlər”.

Allahverdi Məmmədli onu da deyib ki, “Texnikabank” işi ilə bağlı Ali Məhkəmədə bir neçə dəfə proses keçirilib: “Sonuncu dəfə işin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar verilib. Həmin cinayət işi üzrə müsadirə olunan əmlaklar var. Həmin əmlaklar satılması üçün hərraca çıxarılıb. Amma yekun qərar olmadığı üçün əmlakların satılması mümkün olmayıb”.

Qeyd edək ki, Zal Yusifovun oğlundan əlavə cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılıb.

Bu dəfə mülklərlə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev baxıb. Hakim zərərçəkmişlərə dəymiş ziyanını həmin mülklərin satışından əldə olunmuş gəlirdən tutulması barədə qərar qəbul edib və bu səbəbdən Zal Yusifovun iddiası təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm