• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı metrosunda həkim zərurəti: səlahiyyət kimdədir? - GÜNDƏM

Bakı metrosunda həkim zərurəti: səlahiyyət kimdədir? - GÜNDƏM

“Bakı Metropoliteni”nin stansiyalarında tez-tez sərnişinlərin halının pisləşməsi hallarını müşahidə edirik. İş stressi, gündəlik qayğılar insanlar arasında ürək-qan damar sistemi xəstəliklərini artırıb. Bundan başqa, metrodakı sıxlıq da ürəyində problem olanların halının tez-tez pisləşməsinə səbəb olur.

Düzdür, hadisə baş verən kimi təcili yardım həkimləri çağırılır. Lakin təcrübə göstərir ki, çox zaman həkimlər hadisə yerinə gələnə qədər həmin şəxslər dünyasını dəyişir. Xüsusən də tıxacların olduğu saatlarda təcili yardım həkimlərinin hadisə yerinə gecikməsi ehtimalı artır.

Bu gün səhər saatlarında da 1951-ci il təvəllüdlü Bağırov Sabir Balamirzə oğlu metronun “Gənclik” stansiyasının üst vestibülündə olarkən halı pisləşib. Metronun əməkdaşları dərhal təcili yardım çağırsalar da, həkim briqadası çatanadək xəstə dünyasını dəyişib.

Bu xəbərlər metroda ilkin yardım üçün tibbi xidmətin yaradılmasını bir daha gündəmə gətirdi. Təcili yardım həkimləri hadisə yerinə çatana qədər həmin həkimlər ilkin yardım göstərə bilər və bəlkə də, bununla xəstələrin həyatı xilas edilər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Oqtay Şahmalıyev Publika.az-a açıqlamasında gün ərzində metrodan 2-3 şikayət olduğunu deyib:

“Metrodan ürək-damar xəstəlikləri, qıcolmalar, böyrək sancıları ilə bağlı çağırışlar olur”.

Təcili yardım həkimləri gələnə qədər ilkin yardım göstərilməsi üçün metroda tibbi xidmətin yaradılmasına gəlincə, O.Şahmalıyev bunun “Bakı Metropoliteni”nin rəhbərliyinin səlahiyyətində olduğunu deyib:

“Əlbəttə, ilkin müdaxilə nə qədər tez olarsa, o qədər yaxşıdır. Metro stansiyalarında narahatlıq hiss edən şəxslərə ilkin tibbi yardım göstərmək üçün personalın olması təcili yardım həkimlərinin işini asanlaşdırmış olar. Həmin şəxslər ilkin yardım, ürəyin qapalı masajı, süni tənəffüs verilməsi və s. bacarıqlara sahib olmalıdırlar”.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin müdir müavini Rauf Nağıyev isə metroda baş verən məlum hadisələr zamanı təcili yardım briqadalarının vaxtında müdaxilə etdiyini bildirib:

“Hesab edirəm ki, bunun üçün əlavə həkimlərin ayrılmasına ehtiyac yoxdur. Stansiyada ən yaxşı halda bir tibb bacısı ayrıla bilər. Lakin o, ağır hallarda reanimasiya tədbirləri həyata keçirə bilməyəcək. Bu işləri təcili yardım etməlidir. Onsuz da briqadalar ərazidə olur, qısa zamanda əraziyə çata bilirlər. Dünya praktikasında da metroda tibbi xidmətin olması ilə bağlı məlumat yoxdur”.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a bildirib ki, stansiyalarda tibbi xidmət göstərən mövcud personal metro əməkdaşları üçün nəzərdə tutulub.

“Stansiyalarda həkimlərin olması üçün kadrlara ehtiyac var. Bu vaxta qədər metroda həkim kadrlar olmayıb. Metroda həkimlərin xidmət göstərməsini istərdik. Bunun üçün “Bakı Metropoliteni”ndə əlavə xidmət açılmalıdır, yoxsa Səhiyyə Nazirliyi xüsusi məntəqə açmalıdır, bu, bəlli deyil. Bu həm də əlavə xidmət deməkdir. Bu, müzakirə tələb edən mövzudur. Biz bu məsələni müzakirə etmişik, belə fikirlər var. Lakin bu, bir gündə yaradılacaq xidmət deyil. Əlaqədar təşkilatlarla razılaşıb, sonra qərar verə bilərik”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR