• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Azərsu”dan su filtrləri satanlarla bağlı xəbərdarlıq - FOTOLAR

“Azərsu”dan su filtrləri satanlarla bağlı xəbərdarlıq - FOTOLAR

Bir qrup şəxs paytaxtın ayrı-ayrı yerlərini, o cümlədən Bakıətrafı qəsəbələri gəzərək, mənzillərin qapılarını döyür, evlərə verilən içməli suyun tərkibini yoxlamaq istədiklərini bildirirlər.

Publika.az xəbər verir ki, növbəti belə hadisə Suraxanı rayon Hövsan qəsəbəsində baş verib. Qəsəbənin 21 V binasının sakinləri Publika.az-a bildiriblər ki, onların mənzillərini döyən iki qadın mənzillərdəki suyun tərkibini yoxlamaq istədiklərini deyiblər. Bundan bir neçə dəqiqə sonra mənzillərin qapılarını döyən 25-30 yaşlı naməlum şəxs isə sakinlərdən bir stəkan su istəyib. Daha sonra özü ilə gətirdiyi xüsusi aparatı stəkanın içindəki suya salaraq mayenin tərkibini yoxlayıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı həmin şəxslərin ASC-yə aidiyyəti olmadığını bildirib: “Onlar qeyri-ciddi adamlardır. Həmin şəxslər su təmizləyici filtrlərinin satışı ilə məşğul olurlar”.

Qeyd edək ki, əvvəllər də paytaxtın ayrı-ayrı yerlərində belə hallara rast gəlinib. Ayrı-ayrı şəxslər vətəndaşların inamından sui-istifadə etməyə çalışaraq, onlara özləri ilə gətirdikləri su təmizləyici filtrləri almağı təklif ediblər. Lakin bu dəfə mənzillərdə içməli suyun tərkibini yoxlayan şəxslər əvvəlkilərdən fərqli olaraq sakinlərə hər hansı su təmizləyici filtri almaq təklifi etməyiblər. Maraqlıdır ki, həmin şəxslər bir neçə mənzildə suyun tərkibini yoxladıqdan sonra çıxıb gediblər. Onların səyyar “yoxlamaları”ının nəticəsi də ürəkaçan olmayıb. Belə ki, yoxlanılan suların tərkibində bir sıra maddələr aşkarlanıb. Həmin maddələr stəkanın üzünə çıxıb.

Anar Cəbrayıllının sözlərinə görə, həmin şəxslərin özləri ilə gəzdirdikləri aparatın da ASC-yə heç bir aidiyyəti yoxdur: “Onlar özlərini sakinlərə suyun təmizliyini yoxlayan şəxs kimi təqdim edirlər. Əslində isə insanları aldatmaqla məşğul olurlar. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin özü içməli suyun təmizliyini yoxlayır. Həmin aparatların üzərinə “səyyar laboratoriya” sözü yazılıb. ASC özü suyun təmizliyini yoxlayır”.

O ki qaldı naməlum şəxslərin özləri ilə gəzdirdikləri su təmizləyici filtrlərə, Anar Cəbrayıllı həmin aparatların saxta olmadığını vurğuladı. Amma “içməyə yararlı olan istənilən suyu, istər dağ kəhrizi, bulaq suyu olsun, istərsə də digər təmiz sulara, onların tərkibində müxtəlif maddələrin olması hər kəsə məlumdur. Bunlar kalium, kalsium, maqnezium, habelə digər maddələrdir. Həmin aparatla suyu yoxladıqda bu minerallar suyun üzünə çıxır və sonra çöküntü əmələ gətirir. Həmin şəxslərin filtrindən keçən sulardansa, elə içdiyimiz su yaxşıdır. Suyu pambıqdan süzün və sonra qaynadıb için. Belə olduqda onun tərkibi təmizlənəcək. Çirk, toz və digər maddələr süzüləcək. Bir sözlə, içdiyimiz suyun tərkibi ilə bağlı heç bir problem yoxdur”.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR