Bakıda Suriya malları satılır – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda Suriya malları satılır – FOTOLAR

Suriyadan da ayaqqabı gətirmək olar. Burada qeyri- adi bir şey yoxdur. Çünki müharibə ölkənin bütün ərazilərində getmir.

Satıcı: “Ayaqqabılar Suriyadan Binə bazarına gətirilirdi”

“İnşaatçılar” metrosunun “Məhsul” stadionuna tərəf olan çıxışında olan bir ayaqqabı dükanı hər kəsin marağına səbəb olur. Diqqətə səbəb olan məqam isə mağazanın üzərinə yazılan tablodur. Tablonun üzərinə isə “Türkiyə və Suriya qadın ayaqqabılarının topdan qiymətlə pərakəndə satışı” sözləri yazılıb. Publika.Az əməkdaşının araşdırmaları nəticəsində bəlli olub ki, bir müddət bundan əvvəl həmin dükan qapadılıb və üzərindəki lövhə də götürülübmüş. Amma bir müddət keçdikdən sonra dükan yenidən açılıb.

Bildirək ki, bu dükanda yalnız qadın ayaqqabıları satılır. Həm qış həm də yay ayaqqabıları olan bu dükanın müştəriləri də az deyil. Məsələni araşdırmaq üçün dükana yaxınlaşır və satıcı ilə söhbətləşirik. Özümüzü alıcı kimi təqdim edərək suallara keçirik. Satıcı Elşən deyir ki, onların dükanında olan ayaqqabılar keyfiyyətli olur:

-Bizdə iki cür ayaqqabı satılır. Həm türk malı, həm də Çin malı. Türk malları daha keyfiyyətlidir. Biz alıcılara malların hansının keyfiyyətli, hansının isə nisbətən keyfiyyətsiz olduğunu deyirik.

-Bəs Suriya ayaqqabısı yoxdur? Mağazanın üstünə yazılıb ki, türk və Suriya ayaqqabıları.

-Var. 2-3 cüt qalıb. Onlar da “sklad”da qalanlardır. Satılmayan mallardır.

-Bəs niyə belə azdır?

-Çünki indi müharibəyə görə oradan ayaqqabı gətirmirlər. 2-3 ay bundan qabağa qədər gətirilirdi. Amma sonradan ardı kəsildi.

Elşən deyir ki, Suriyadan gələn bütün mallar ilk olaraq “Binə” Ticarət Mərkəzinə aparılır, oradan dükanlara bölünürmüş: “Binə”də bir yer var. Ora ancaq Suriya malları gəlir. Bizim mağaza kimi mağazalardan şəhərdə bir neçə yerdə var. Biz də, yəni mağaza satıcıları gedib “Binə”də topdan alırdıq, sonra də gətirib ucuz qiymətə pərakəndə satışa buraxırdıq”.

Satıcının sözlərinə görə, Suriya ayaqqabıları Çin, hətta türk ayaqqabılarından da keyfiyyətli olur: “Düzdür, Suriya ayaqqabılarının qiyməti Çin ayaqqabılarının qiymətindən baha, türk ayaqqabılarının qiymətindən ucuz olurdu. Amma hər iki ayaqqabıdan keyfiyyətli olurdu. Onların çeşidləri az olurdu, buna görə qiymətlər ucuz idi. Amma çox keyfiyyətli idi”.

Elşən Suriyadan ayaqqabıların son aylar gətirilməməsini həmin ölkədə gedən müharibə ilə əlaqələndirsə də, həmin ayaqqabıların kimlər tərəfindən gətirldiyindən xəbərsiz olduğunu dedi. Eyni zamanda satıcı deyir ki, dükanın qarşısına “Suriya” sözünün yazılması insanların diqqətini cəlb edir: “Bəlkə də buna görədir ki, bizim müştərilərimiz çox olur”.

“Onların çoxu qanunsuz satışla məşğuldur”

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov deyir ki, belə satışla məşğul olanların çoxunun satışla bağlı sənədləri olmur: “Həmçinin malların xaricdən gətirilməsi ilə bağlı sənədlər olmalıdır. Suriyadan da ayaqqabı gətirmək olar. Burada qeyri- adi bir şey yoxdur. Çünki müharibə ölkənin bütün ərazilərində getmir. Orada satışla məşğul olanlar var. Həm şirkətlər vasitəsilə, həm də fiziki şəxslər vasitəsilə mal gətirmək olar. Bunların da əksəriyyəti oğurluq yolla mal gətirirlər. Bəzən də yalandan deyirlər ki, Suriya malıdır, çox güman ki, heç Suriya malı da deyil. Onun hansı ölkədən gətirilməsini müştəri bilmir”.

S. Rəhmanov deyir ki, Suriyada böyük fabriklər az olsa da, fiziki şəxslər də ayaqqabı tikib satırlar: “Onları da bura gətirib sənədsiz satırlar. Üstəlik də vergi vermirlər. Xüsusən də metro keçidlərində satışla məşğul olanlar vergi vermirlər. Halbuki sənədsiz satış qanunla qadağan olunub. Qanunu pozanlar isə cərimə olunmalıdırlar”.

Elmin Bədəlov

Foto müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm