Könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır
Bizi izləyin

Qırmızı.az

Könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində könüllü pensiya təminatı sahəsində qanunvericilik bazası yaradılır.

Publika.az-ın məlumatına görə, Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması sahəsində DSMF ilə Avropa İttifaqının birgə layihəsinin icra vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə DSMF-də brifinq-təqdimat keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, təsdiq olunmuş fəaliyyət planına müvafiq olaraq, ötən dövrdə Avropa İttifaqının ekspertlər qrupunun ölkəmizə çoxsaylı səfərləri çərçivəsində Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemi öyrənilib, geniş araşdırma işləri aparılıb, eləcə də DSMF ilə, habelə müxtəlif dövlət orqanları və sair qurumlarla görüşlər keçirilib. Layihənin fəaliyyət göstərdiyi ötən dövr ərzində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarlarda Azərbaycan və Avropa İttifaqına daxil olan bir sıra ölkələrin sosial sığorta və pensiya təminatı sistemləri ilə bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin xüsusiyyətləri barədə ətraflı müzakirələr aparılıb. Ekspertlərin səfəri çərçivəsində həmçinin layihə üzrə nəzərdə tutulan qanunvericiliyin hazırlanması üçün ilkin planın konseptual aspektləri ilə bağlı ətraflı müzakirlər təşkil olunub.

Məlumat verilib ki, hazırda layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlər yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının layihəsi üzərində işləyir. Qanunvericilik bazası üzrə ilkin plan ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcək və bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən aprel ayında geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

Brifinq-təqdimatda layihənin icrası haqqında geniş təqdimatla çıxış edən rezident müşavir Aqrita Qroza layihənin uğurla davam etdirildiyini deyib. A. Qroza fəaliyyət planında nəzərdə tutulmuş hər bir komponent üzrə yerinə yetirilmiş işlər, layihənin icrasına cəlb olunmuş beynəlxalq ekspertlər, növbəti aylar üçün təsdiq olunmuş iş qrafiki barədə məlumatları brifinq iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra layihə üzrə almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer beynəlxalq təcrübəyə əsasən çoxsəviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları, yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması ilə əlaqədar beynəlxalq təcrübədə tətbiq edilmiş mexanizmlər və modellər, həmçinin özəl pensiya fondlarının yaradılması və könüllü sığortalanmanın əhəmiyyəti məsələlərinə həsr olunmuş geniş təqdimatla çıxış edib.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq ətraflı təsvir olunacaqdır. İlkin plana daxil edilən məsələlər sonradan qanunvericilik bazası layihəsinin işlənməsində əsas götürüləcək.

Yığım komponentinin tətbiqi ilə bağlı qanunvericilik bazasının ilkin planında əks etdirilməli olan vacib məsələlər sırasında vəsaitlərin yığım hesablarında toplanması mexanizmləri, bu vəsaitlərin idarə olunması, onların yönəldilə biləcəyi investisiya növləri, aktivlərin qiymətləndirilməsi və investisiya gəlirliliyinin hesablanması qaydaları, pensiyaların yığım hissəsinin əhaliyə ödənilməsi üzrə ilkin mexanizmlərə dair suallar xüsusi vurğulanıb.

Qeyri-dövlət pensiya fondları ilə bağlı isə bu institutların ümumi strukturu və iş prinsipləri, qeyri-dövlət pensiya proqramlarının xüsusiyyətləri, bu sahədə inzibatçılıq, dövlət nəzarəti və tənzimləməsi, pensiya vəsaitlərinin idarə olunması və s. bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq.

Müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq layihənin həyata keçirilməsi üçün təsdiq olunan müqavilə ötən ilin aprel ayında qüvvəyə minib. 5 iyun 2014-cü il tarixdə bir sıra Avropa dövlətlərinin səfirləri, beynəlxalq təşkilatların, DSMF və digər dövlət qurumlarının rəhbər şəxsləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı keçirilib. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm