• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ramil Usubovdan jurnalistlə bağlı qəti qərar

Ramil Usubovdan jurnalistlə bağlı qəti qərar

Daxili İşlər naziri general-polkovnik Ramil Usubov zərərçəkən Anar Niftəliyevin müraciətinə dərhal reaksiya verib.

Axar.az xəbər verir ki, “Medi Sina” klinikasında əməliyyat zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını dəyişmiş Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova ötən gün etdiyi müraciətində dələduzluq şübhəsi ilə Bakı Şəhər Prokurorluğundan Nəsimi RPİ-nə göndərilən və xətm edilən həkim Fərəculla Sədulla oğlu İdrisov barədə işi nəzarətə götürmək üçün xahiş etmişdi.

Elə ötən gün də cənab nazirin göstərişi ilə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi cinayət işini nəzarətə götürüb. Bu gün səhər saatlarında DİN-ə dəvət edilən zərərçəkən Anar Niftəliyevi İdarənin rəisi general Sərvər Mehrəliyev qəbul edib.

A.Niftəliyevin sözlərinə görə, ona bu işin cənab nazirin göstərişi ilə Baş İstintaq İdarəsinin nəzarətinə keçdiyi barədə məlumat verilib:

“Ötən gün cənab nazirə müraciətimdə Elnarə xanımın əməliyyatını təşkil edən assistent Fərəculla İdrisov barədə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində dələduzluq maddəsi ilə başlanan araşdırmanın xətm qərarına etiraz etdiyimizi, qanunvericiliyə uyğun olaraq, qərardan şikayət verdiyimizi, ancaq şöbənin müraciətimizdən yayındığını bildirmiş və cənab nazirdən işi nəzarətə götürməsini xahiş etmişdim. Hörmətli Ramil Usubovun göstərişi ilə məni qəbul edən Baş İstintaq İdarəsinin rəisi general S.Mehralıyevə işin materialları ilə bağlı məruzə olunduqdan sonra qərar verildi: Vəsatətimiz dərhal təmin edildi - Nəsimi RPİ-nin İstintaq şöbəsinin çıxardığı xətm qərarı ləğv edildi, işin materialları Bakı şəhər Baş Polis İdarəsinə göndərildi. Cənab generalın tapşırığı ilə işə nəzarəti bütövlükdə DİN Baş İstintaq İdarəsi həyata keçirəcək”.

Bu qərardan sonra işin obyektiv və ədalətli keçiriləcəyinə heç bir şübhə etmədiyini bildirən A.Niftəliyevin sözlərinə görə, bu, gözlədiyi nəticə idi:

“Doğrusu, dünən etdiyim müraciətdə də bu cinayət işinin hörmətli nazir Ramil Usubovun nəzarətinə keçəcəyi təqdirdə ədalətli həllinə yol açılacağından əminlik ifadə etmişdim. Çünki bu vaxta qədər olan müşahidələrimin nəticəsi bu qənaətə gəlməyə kifayət edirdi. Dünən günün ikinci yarısından başlayan və qısa müddətdə aparılan araşdırma və dərhal qərar verilməsi isə təkcə qanunların, haqqın və ədalətin yox, həm də insanlığın nümunəsidir. Bu, mənim hazırkı yaşantılarımda həm də mənəvi baxımdan ayaqda qalmağım üçün dəstəkdir. Buna görə cənab nazirə minnədarlığımı bildirirəm”.

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Artıq F.İdrisovun dələduzluğu ilə bağlı araşdırma Daxili İşlər Nazirliyinin nəzarəti ilə Bakı şəhər Baş Polis İdarəsində aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR