“Müəllimlər fermer də ola bilər” – deputatdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Müəllimlər fermer də ola bilər” – deputatdan ŞOK AÇIQLAMA

“Hansı müəllimin qabiliyyəti varsa, onun şagird və tələbələri olur və o repetitorluqla lazımi səviyyədə yaşaya bilir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bildirib.

Onun sözlərinə görə, əgər hər hansı müəllimin savadı və müəllimliyi kifayət qədər deyilsə, zəif müəllimdirsə, o zaman onun arxasınca şagird və tələbə də getməyəcək. Ə.Vəliyev deyib ki, həmin müəllimin fəhləlik etməsi də təbiidir: “Müəllimin fəhləlik etməsi onun müəllimlik bacarığından asılıdır. Fəhləlik edən müəllimin yalnız adı müəllimdir. Əgər o, doğrudan da, səviyyəli müəllimdirsə, hamı öz uşağını o cür müəllimlərin yanına göndərəcək ki, auditoriyadan kənar hazırlıq keçsin və Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanda qiymət ala bilsin. Ən azı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı metodikanı şagirdə izah edə bilsin. Əgər o müəllim bütün bu meyarlara cavab verirsə, o zaman hazırlaşdırdığı şagird və tələbələr də imtahanlardan keçə bilirlər. Təbii ki, bunun müqabilində də həmin müəllimə əmək haqqı verilir və bununla özünün yaşayış səviyyəsini təmin edə bilir. Mən özüm də vaxtilə indiki İqtisad Universitetində laborant işləmişəm. Laborant vəzifəsini aparmaqla yanaşı, mən orada qəbulla bağlı hazırlığa gələn 15 nəfər orta məktəb şagirdini hazırlamışam. Yəni, 15 tələbəni hazırlamaq asan iş deyildi. Bu gün də müəllimlərimiz bu istiqaməti tutmalıdır, bu ideya ilə hərəkət etməlidir. Bu gün kənd yerlərində müəllimlərin aldığı əmək haqları qaneedici olmasa da, müəyyən mənada yaşayırlar. Çünki onların torpaq sahələri də var. Bilirsiniz ki, kənd yerlərində olan hər bir müəllimə torpaq sahələri də verilir. Onların hər biri fermer rolunu oynaya bilər. Yəni hər şey insanın qabiliyyətindən asılıdır. İnsanın qabiliyyəti olanda ümumi yaşayış meyarını müəyyənləşdirir və bu strategiyaya uyğun fəaliyyət qurub yaşaya bilir”.

Ə.Vəliyev deputat həmkarı Hadı Rəcəblinin müəllimlərlə bağlı təklifinə də toxunub: “Deputat həmkarım olan Hadı müəllim də müəllimlər haqqında belə bir söz deyib. Ancaq fəhləliyə gedən o müəllim, görünür, ixtisasından bir qədər uzaqdır və ona görə də gedib fəhləlik edir. Əgər o müəllim öz ixtisası üzrə yaxşı mütəxəssis idisə və respublikanın təhsil sistemi içərisində tam və ayıq şəkildə fəaliyyət göstərə bilibsə, sinifdənkənar hazırlıq işləri ilə məşğul olub yaşamaq imkanına malikdir. Bütün insanlar da yaxşı bilir ki, hər bir şagird ali təhsil müəssisələrinə daxil olmaq üçün yaxşı müəllimlərin yanına gedib hazırlaşırlar. Ən azı məsləhət alırlar və bunun müqabilində də maliyyə vəsaiti ödəyirlər. Əgər mən müəlliməmsə, deməli, yüksək qabiliyyətə malikəm və nə üçün gedib fəhlə işləməliyəm? Deyək ki, müəllim auditoriyada tədris edir, əgər o, yaxşı müəllimdirsə, auditoriyadan sonra onun ardınca şagird və tələbələr axışır. Ona görə də kim zəif müəllimdirsə, onun arxasınca heç kəs getmir. Buna repetitorluq da deyirlər. Bu gün hərə bir söz danışır ki, repetitor niyə lazımdır, bu olmamalıdır və sairə. Ancaq mənim fikrimcə, bu yaxşıdır və olmalıdır. Birinci növbədə ona görə ki, repetitorluqla məşğul olan müəllim öz biliyini şagird və tələbələrinə verir. Biz savadsızlığa qarşı mübarizə aparmalıyıq. Əgər bir müəllim savad verirsə, o zaman ona qarşı mübarizə aparmalı deyilik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm