“Səni axtarıram”ın aça bilmədiyi sirr, Qarabağda döyüşmək arzusu, 20 illik itkin müəmması - FOTOLAR –VIDEO
Bizi izləyin

Qırmızı.az

“Səni axtarıram”ın aça bilmədiyi sirr, Qarabağda döyüşmək arzusu, 20 illik itkin müəmması - FOTOLAR –VIDEO

Dünyada hər insanın öz taleyi, alın yazısı, həyat yolu var. Lakin elə alın yazıları da var ki, bu günə kimi müəmmalı olaraq qalmaqdadır. Belə tale yaşayanlardan biri də Göyçay rayon sakini, 1978-ci il təvəllüdlü Cəfərov İsmayıl Ağahüseyn oğludur. Onu artıq iyirmi ilə yaxındır ki, hər yerdə axtarırlar. Lakin itkin düşmüş bu insanın yerini bilən yoxdur. İsmayıl Cəfərov həmin il martın 4-də, günün ikinci yarısında evdən çıxsa da, bu günə kimi geri qayıtmayıb. Əlaçı, nümunəvi şagird olmuş İsmayılın başına gələnlərlə bağlı onun anası Arifə Məmmədova ilə söhbətləşdik:

“Yaşı az olduğundan cəbhəyə gedə bilməzdi”

İsmayılın 1978-ci ilin müqəddəs Qurban bayramı günü – noyabrın 7-də dünyaya göz açdığını deyən anası bildirir ki, o, hələ erkən yaşlarından ailənin digər uşaqlarından seçilməyə başlayıb: “Hələ körpə yaşlarından hər şeyi tez qavraması, hərəkətləri, davranışı ilə fərqlənirdi. 1985-ci ildə birinci sinfə getdi. Artıq bir neçə ay sonra oxuduğu sinfin şagirdlərindən seçilməyə başladı. Sonrakı illərdə, yuxarı siniflərə keçəndə də Göyçay rayon 6 saylı tam orta məktəbin əlaçısı oldu. İsmayıl bütün fənləri yaxşı oxuyur, hər birindən ancaq əla qiymətlər alırdı. Hələ 3-cü sinifdə oxuyanda bütün fənlərdən beş qiyməti aldığına görə İsmayılı birbaşa 5-ci sinfə keçirmək istədilər. Lakin nədənsə həmin vaxt buna etiraz etdim. Nümunəvi davranışı və əla oxuduğuna görə onu sinif nümayəndəsi seçdilər. 5-ci sinifdən etibarən idmanla, fiziki hazırlıqla məşğul olmağa başladı. “Turnik”də 22-23 dəfə dartınır, 3 kilometr məsafəyə sürətlə qaçır, bir sıra fiziki göstəriciləri üzrə həmyaşıdlarını üstələyirdi. 9-cu sinifdə oxuyanda rayonda 15 yaşlılar arasında qaçış üzrə keçirilən yarışda birinci yerə çıxdı. Onun sinif rəhbəri Məhbubə müəllimə həmişə İsmayıldan razı qaldığını deyir, valideynlər iclasında onu tərifləyirdi. İsmayıl təkcə oxuduğu sinifdə yox, ümumiyyətlə, Göyçay rayon 6 saylı tam orta məktəbində hər kəs tərəfindən təriflənirdi”.

İsmayılın ən böyük arzularından biri də Qarabağa yollanmaq, ermənilərə qan uddurmaq imiş. Lakin yaşı az olduğundan cəbhəyə gedə bilməyib: “Cəbhə bölgəsindən rayonumuza şəhid tabutları gətiriləndə deyirdi ki, ana, hərbçi olub, cəbhədə xidmət göstərəcəm. Ermənilərə qan udduracam. Amma yaşı az olduğundan, sözsüz ki, cəbhəyə gedə bilməzdi”.

Bütün fənlərdən əla qiymətlər alan İsmayıl dəfələrlə orta məktəb rəhbərliyi tərəfindən tərifnamələr alıb. Anasının sözlərinə görə, İsmayıl 11-ci sinfə keçəndə onun uğurlarının miqyası daha da artıb: “Yeni il bayramı münasibətilə orta məktəbdə şənlik keçirdilər. Dedi ki, ana son zəng tədbirini elə bizim həyətdə keçirərik. Çox fəal şagird idi, valideynlərini sevirdi. Bilik olimpiadasında rayon üzrə birinci yerə çıxandan sonra, zona birinciliyini də ələ keçirdi. Yaddaşı güclü olduğundan İsmayıl dərslərini, bütün kitabları cəmi bir dəfə oxuyurdu. Bilik uğurları idman uğurları ilə paralel idi. Onu Bakıda keçiriləcək respublika birinciliyinə gətirməyi planlaşdırırdılar”.

“Atası evə gələndə işıqların yanmadığını, həyətimizin qaranlıq olduğunu görüb”

Hər şey 1996-cı ilin əvvəllərindən başlayıb. O bir neçə fəndən xüsusi hazırlıq məqsədilə repetitorların yanına gedib gəlirmiş: “Tarix, ingilis dili, Azərbaycan dili, ədəbiyyat fənlərindən hazırlıq kurslarına gedirdi. Bir gün dedi ki, ana, sənə bir söz demək istəyirəm, amma utanıram. Dedim ki, bala utanma, sözünü de. Başını aşağı salıb astadan dilləndi ki, ana, universitetə girəndən sonra ikinci kursda oxuyanda məni sevdiyim qıza nişanlayarsan. Mən həmin qızı Yeni il şənliyində çox görüb bəyənmişdim. Bunları deməkdə məqsədim odur ki, İsmayıl məndən heç bir sirrini gizləməyib”.

Ev işlərində də valideynlərinə kömək edən İsmayıl martın 4-də dərsdən sonra həmin dövrdə bütün respublikada məşhur olan “7-17” əyləncəli konsert proqramına gedir: “Həmin proqram çərçivəsində Göyçaya bir sıra tanınmış müğənnilər, o cümlədən İzzət Bağırov gəlmişdi. Rayonda konsertə maraq böyük idi. Həmin gündən bir neçə gün əvvəl vacib işimlə əlaqədar Bakıya gəlmişdim. Martın 4-də İsmayıl konsertə baxmaq üçün atasından icazə alıb. Saat 3-də sinif yoldaşları ilə birlikdə Göyçay rayon Mədəniyyət Evində səhnələşdirilən “7-17” əyləncəli konsert proqramına gedib. Orada onu görənlər də olub. İsmayıl həmin gün konsertdən qayıdıb, axşam humanitar fənlərdən biri üzrə repetitor Həmayə müəllimənin dərsinə getməli idi”.

Sirri bu günə kimi açılmayan müəmma elə həmin saatlardan başlayıb: “İsmayılın atası axşam evə gələndə otaqların işıqlarının yandırılmadığını, bu səbəbdən də həyətimizin qaranlıq olduğunu görüb. Buna görə də İsmayılı axtarmağa başlayıb. Mənə zəng edib soruşdu ki, İsmayıl Bakıya gəlməyib? Cavab verdim ki, yox. Məgər İsmayıl səndən icazə almamış Bakıya gələr?”

İsmayılın atası Ağahüseyn Cəfərov həyat yoldaşına oğlunu axtarmağa başladığını, amma tapmadığını bildirib: “Həyat yoldaşım mənə dedi ki, bütün qonşuların, qohum-əqrəbaların, dostların evlərinə getdim. Amma hamısı bir sözü dedi: “İsmayıl bizə gəlməyib”. Təəccübləndim ki, necə yəni yoxdur? O, harada ola bilər?”

Bundan sonra dərhal Bakıdan Göyçaya qayıdan ana özü də oğlunun müəmmalı şəkildə yoxa çıxmasından təəccüblənir: “Qəribədir ki, həmin vaxt havalar soyuq olsa da, İsmayılın bütün üst geyimləri, qış paltarları, o cümlədən dəri gödəkcəsi, papağı evdə idi. O, evdən çıxarkən əynində ancaq bir dəst kostyum olub. Hətta paltosu, jaketi də evdə qalıb. Bütün bunlar onu göstərir ki, İsmayılın evdən naməlum istiqamətə getməsi qəfil və təsadüfi olub”.

“Bundan sonra müəmmalı şəkildə yoxa çıxıb”

Övladının cidd-cəhdlə ali məktəbə hazırlaşdığını vurğulayan Arifə Məmmədova onun ali məktəblərə keçiriləcək imtahanlara cəmi 4 ay qalmış yoxa çıxmasının səbəblərinin müəmmalı olduğunu dilə gətirdi: “Qonşulardan bəziləri onun “7-17 əyləncəli konsert proqramından evə qayıtdığını bildirdilər. Rafael adlı qonşumuz həmin vaxt şirniyyat alqı-satqısı ilə məşğul idi. İsmayıl evə gəldikdən sonra onların qapılarını döyüb. Rafaeldən peçenye və şirniyyat alıb. Lakin bundan sonra müəmmalı şəkildə yoxa çıxıb. Həmin vaxt işdə olmuş atası isə İsmayılın Həmayə müəllimənin hazırlıq dərsinə getdiyini zənn edib. Müəllimənin oğlu İsmayılın dərsə gəlməməsinin səbəblərini öyrənmək üçün evimizə gəlib. O, atasından İsmayılı soruşub. Həyat yoldaşım isə bildirib ki, mən İsmayılın sizdə olduğunu zənn edirdim”.

1996-cı il martın 4-də, günün ikinci yarısında yoxa çıxan İsmayıl Cəfərovun axtarışlarına elə həmin gün start verilsə də, axtarışlar bu günə kimi müsbət nəticə verməyib: “İki gün bütün qohumları, dost-tanışları soraqladıq, onların evlərinə getdik. Hər kəsdən soruşduq. Martın 7-də axtarışlarımızın nəticə vermədiyini görüb Göyçay rayon polis şöbəsinə müraciət etdik. Şöbə tərəfindən bununla bağlı axtarışlara start verildi. Hər yerdən soraqlaşdıq. İsmayılın sinif yoldaşlarından, dostlarından, konsertə birlikdə getdiyi uşaqlardan onun yerini soruşduq. Amma hamı dedi ki, onu sonuncu dəfə “7-17” əyləncəli konsert proqramında görüblər. Bu, günorta saat 3-dən sonra olmuşdu. Lakin Göyçay rayon polis şöbəsi tərəfindən həyata keçirilən axtarışlar da heç bir nəticə verməyib. Dəfələrlə polis şöbəsinin rəhbərliyinin qəbulunda oldum, axtarışların nəticələri ilə hər həftə maraqlandım. Bakıya gələrək baş prokurorun keçmiş müavininin də qəbulunda oldum. Həmin gündən ötən 19 ildən artıq müddətdə İsmayılı gördüm deyən olmadı. Ümumiyyətlə, İsmayılı haradasa gördüyünü deyən, yaxşı xəbər gətirən olmayıb. Övladımın yerini müəyyənləşdirmək üçün bir neçə il əvvəl “Səni axtarıram” verilişinə də müraciət etdim. Məni ora dəvət etdilər. Lakin təəssüf ki, bu günə kimi oradan da bir xəbər yoxdur”.

İyirmi ildən çoxdur övladının axtarışını aparan Arifə Məmmədova oğlunu tapmaq üçün hər kəsdən kömək istəyir: “Yaxud “Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızına zəng edib xəbər versinlər. Əminəm ki, oğlum da mənim dediklərimi eşidir. Onunçün çox darıxmışam. İsmayılın xəyalı, həsrəti ilə yaşayıram. Harda ona oxşar oğlan görsəm, yaxınlaşıb üzünə baxıram. Mən oğlumun xəyalı ilə yaşayıram. Onu bir dəfə görsəm, daha dərdim olmaz. Heç bir yerə, şənlik məclislərinə getmək istəmirəm. Elə bilirəm ki, həyatım alt-üst olub. Gecələr yuxudan oyanıb onun şəkillərinə baxıram. Anaların nələr çəkdiyini ancaq dərdi olanlar bilər. Hər gün Allaha dua edirəm ki, övladımı heç olmasa yuxularımda görüm. Bala həsrətini heç bir anaya arzulamıram. İsmayılı görən, tanıyan hər kəsdən onun tapılması üçün mənə yardım göstərməsini xahiş edirəm. Allah heç bir anaya belə bir dərd verməsin. Hər gün məscidə gedib Allaha yalvarıram ki, uca Tanrı, İsmayılımı mənə qovuşdur”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm