• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Sovetski” probleminin fərqli həlli yolu - ALTERNATİV

“Sovetski” probleminin fərqli həlli yolu - ALTERNATİV

Ekspertlər sakinlərə pul yox, ev verilməsinin tərəfdarıdır

Məlum olduğu kimi, Bakının Baş Planına uyğun olaraq mərkəzdə “Sovetski” adlanan ərazidə yerləşən evlərin sökülməsi ilə bağlı mülkiyyətin hər kvadrat metrinə görə 1500 manatdan təzminat verilməsi narazılığa səbəb olub. Artıq bununla bağlı sakinlər etiraz aksiyası da keçirirlər. Bəzi sakinlər isə bir otaqlı evə verilən pulla başqa yerdən ev ala bilməyəcəyin deyir. Lakin ekspertlər məsələnin həllini başqa yollarda da görürlər.

İqtisadçı ekspert Vüqar Bayramov öz “Facebook” səhifəsində yazır ki, dövlət torpaq sahəsi ayırmalı və orada evi sökülən sakinlər üçün hündürmərtəbəli binalar tikilməlidir: “Məsələn, birinci zonada söküntü olacaqsa, o zaman birinci zonada şəhərin mərkəzində bu məqsədlə torpaq sahəsinin dövlət tərəfindən ayrılması və dövlət büdcəsi hesabına maliyyələşdirilərək hündürmərtəbəli binanın inşa edilməsi mümkündür. Bu zaman artıq belə söküntülər baş verən zaman ikiotaqlı mənzili olan şəxsə iki otaqlı, yəni otaqların sayına uyğun olaraq yeni tikilidən mənzillərin tikilməsi mümkündür. Bu mənzil sahiblərini də narazı salamayacaq. Çünki mənzil sahibləri eyni zonadan eyni ərazidən mənzil almaq imkanlarına malik olacaqlar. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, həmin vətəndaşlar bazara daxil olmayacaqlar”.

V.Bayramov hesab edir ki, sakinlərin evlə təmin edilməsi əmlak bazarında qiymət artımına zəmin yaratmayacaq: “Bu praktiki olaraq imkan verəcək ki, bazarda bu gün müşahidə edilən, eyni zamanda qiymət artımlarının qarşısını almaq mümkün olsun. Tələbatın bir hissəsi dövlət tərəfindən ödənildiyi üçün bu qiymətlərin stabilləşməsinə və müəyyən qədər azalmasına gətirib çıxaracaq. O baxımdan biz kompensasiya ödənildiyi halda minimumların müəyyənləşdirilməsinin və onların bazar qiymətinə uyğun olaraq hesablanmasının, bir mənalı olaraq dövlətin inşa etdiyi mənzillər hesabına təminatın həyata keçirilməsini təklif edirik”.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da Publika.Az saytına açıqlamasında eyni təkliflə çıxış etdi: “Hündürmərtəbəli binalar tikib onları rahat həmin binalarda yerləşdirmək olar. Kvadrata görə sakinlərə pul vermək lazım deyil. Sadəcə olaraq onlara köçmək üçün vəsait ayrılmalı və müəyyən məbləğdə kompensasiya verilməlidir. Belə olan halda narazılıq da olmaz”.

N. İbrahimovun sözlərinə görə, Bakıda belə bir praktika da olub: “Nərimanov rayonunda belə bir köçürmə olmuşdu. Köhnə qəbristanlığın yerində ev tikdilər, sakinləri də həmin evlərə köçürdülər. Həmin vaxt sakinlər arasında narazılıq olmamışdı. Belə olan halda bir-iki nəfər narazılıq edə bilər, amma kütləvi hal olmur. Çünki sakin bilir ki, evi var, çöldə qalmayıb”.

N. İbrahimov da sakinlərə pul verilməsinin əleyhinədir: “Çünki onlar bazarda qiymətləri oynadacaq, evlər bahalaşacaq. Alıcı sayı artacaq deyə qiymətlər də artacaq. Bu da həm alıcılar, həm də satıcılar üçün arzuolunmazdır. Qiymətlərin də qalxması sosial gərginliyə gətirib çıxarır”.

Elmin Bədəlov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR