Azərbaycanda böyrək xəstəlikləri hansı regionlarda yayılıb?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda böyrək xəstəlikləri hansı regionlarda yayılıb?

Dünyada hər bir milyon insana 600-2000 böyrək xəstəsi düşürsə, Azərbaycanda bu rəqəm 450- 550 civarındadır. Bu xəstələrin təxminən yarısı hemodializ müalicəsi qəbul edir. Ölkəmizdə 8-i Bakı, 25-i regionlarda olmaqla 33 hemodializ mərkəzi var. 2634 xəstə dövlət hesabına hemodializə cəlb olunur.

Bu sözləri Publika.az-a açıqlamasında M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayev bildirib ki, inkişaf etmiş ölkələrdə bu xəstəliyin aşkar olunma faizi çox yüksəkdir.

“Yaponiyada bir milyon nəfərə 2 min böyrək xəstəsi düşür. Azərbaycanda isə bu rəqəm 550-yə qədərdir. Bu o demək deyil ki, həmin ölkələrdə vəziyyət daha pisdir. Sadəcə, həmin ölkələrdə aşkarlanma nisbəti daha çoxdur. Son illər ölkəmizdə də bu xəstəliyin aşkarlanma faizi artıb. Düşünürəm ki, bu artım təbliğat və Səhiyyə Nazirliyi tərəfindən görülən işlərlə bağlıdır. Nəticədə insanların müraciətlərinin sayı artıb. Bu da gizli gedən xəstəliklərin vaxtında aşkarlanmasına səbəb olub. 2006-cı ildə Azərbaycanda 238 nəfər hemodializ xəstəsi var idisə, bu gün həmin xəstələrin sayı 2634 nəfərdir. Bu, təxminən 10 dəfə artım deməkdir. Əlbəttə, bu, xəstəliyin artması kimi dəyərləndirilməməlidir. Bu, aşkarlanma faizinin artdığını göstərir”.

F.Babayev onu da bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda da böyrək xəstəliklərinin yaş həddi yoxdur. İstər yeni doğulmuş uşaqlarda, istərsə də yaşlı insanlarda xəstəlik aşkarlana bilir.

“Uşaqlar arasında bu xəstəliklərin aşkarlanmasında genetik faktorlarla yanaşı, soyuqdəymə, infeksion və digər kənar faktorların rolu böyükdür”.

F.Babayevin sözlərinə görə, hazırda ölkəmizdə xroniki, iltihabi, anadangəlmə böyrək xəstəlikləri ilə yanaşı, şəkərli diabet, hipertoniya xəstəlikləri də böyrək çatışmazlığına səbəb ola bilir.

“Azərbaycanda ən çox yayılmış böyrək xəstəliyi böyrək daşı və böyrək iltihabı xəstəliyidir. Böyrək daşı xəstəliyinə görə Azərbaycan endemik zona hesab edilir. Hər bir ölkənin endemik zona hesab edilməsi onun sosial, iqtisadi göstəriciləri, iqlim xüsusiyyətləri, qidalanma və s. səbəbləri nəzərə alınmaqla hesablanır. Azərbaycanda qərb zonası-Gəncə, Şəmkir, Qazax zonası, həmçinin cənub və şimal zonası üstünlük təşkil edir”.

F.Babayev içdiyimiz suyun tərkibinin, həmçinin duzlu qidalarla qidalanmanın böyrək daşı xəstəliklərinə səbəb olması ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“İçilən suyun təmiz olması böyrək problemlərinə gətirib çıxara bilir. Amma böyrək daşı yarada bilməz. Suyun tərkibinin təmiz olması böyrəyin daha yaxşı fəaliyyətinə imkan yarada bilər. Duzlu qidaların qəbul edilməsi də böyrək duzlarının yaranmasına səbəb olmur. Çünki böyrəkdə əsasən üzvi duzlar toplanır. Bu da yediyimiz qidanın tərkibindəki duzun yaxşı sorulmaması nəticəsində yaranır. Yediyimiz qidanın tərkibindəki duz yalnız qan təzyiqinə səbəb ola bilər”.

F.Babayev onu da vurğulayıb ki, son illər böyrək xəstəlikləri ilə bağlı uğurlu addımlar atılır. Böyrək transplantasiyası ilə bağlı uğurlar var. Təkcə 2014-cu 68 böyrək köçürmə əməliyyatı həyata keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm