Saçı uzun Suray xanım... Və ya 500 manatlıq keçəllik - DƏHŞƏTLİ FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Saçı uzun Suray xanım... Və ya 500 manatlıq keçəllik - DƏHŞƏTLİ FOTOLAR

“Saçım uşaqlıqdan seyrək idi. İstəyirdim ki, uzun saçlarım olsun. Tanınmış və televiziyalarda ən çox reklam olunan qadın salonlarından birində çırt-çırtlı saç qaynağı etdirdim. Bir müddət saçımda olan muncuqlara görə yata bilmirdim, sonra öyrəşdim. Kaş problem bununla qurtarardı. 4 aya qədər saçımda olan həmin qaynağı çıxarandan sonra isə bütün saçım əlimdə qaldı. Həkim dedi ki, saçıma infeksiya düşüb. Üstündən iki il keçib, amma hələ də saçımın qalan hissəsini qurtarmaq üçün mübarizə aparıram”.

Bunları Publika.az-a 2 il əvvəl saçlarını qaynaq etdirib indiyə qədər peşman olan Pərvanə Heydərova deyib. Son vaxtlar qadınlar arasında dəb düşən saç qaynağı bütün digər süni gözəlləşmək üsulları kimi fəsadsız ötüşmür. Dünən saçı qulağının dibindən olan birini sabah qulac-qulac saçlarla görsəniz, heç təəccüblənməyin. Cəmi bir neçə saatın içərisində uzaqdan gözəl görünən uzun saçlara sahib olmaq mümkündür. Bəs başqasının saçı ilə özünü nə qədər xoşbəxt hiss etmək olar? Qadınların qan qiymətinə alıb başlarına yapışdırdıqları həmin saçlarla hansı xəstəliklərə yoluxmaq mümkündür?

250 – 500 manata başa gəlir

Elə ondan başlayım ki, kiçik bir araşdırma aparmaq üçün paytaxtın bir çox tanınmış qadın gözəllik salonlarında oldum. Saç qaynağının qiyməti salonun şəhərin hansı hissəsində yerləşməsindən, saçın təbii və süni olmasından, rəngindən asılı olaraq dəyişir. Qaynaq üçün saç qramla və ya dənə ilə satılır. Salonların əksəriyyətində “təbii saç” adlandırdıqları saçların qiyməti orta hesabla 200-250 ədədə 250-500 manat arasında dəyişir. Qaynaq yapışqanla deyil, keratinlə olarsa, qiymət bir qədər də artır. Salonlardan birinə yaxınlaşıb yalnız “çolka” hissəni uzatmaq istədiyimizi bildirdik. Qeydiyyatda əyləşən xanım canla-başla qaynaq ediləcək saçın keyfiyyətindən danışdı. Qadın saçı o qədər təriflədi ki, bircə “öz saçlarınızı kəsdirin, qaynaq edin” deməsi qaldı: “Biz təbii saçdan istifadə edirik. Uşaq saçıdır. Qiyməti 55 manatdır. İki cərgə yapışdırma çırt-çırtla olacaq və yapşdırılma ilə 180 manata başa gələcək”. Qadın onu da bildirdi ki, qara rəngli saçın qaynağı sarı və digər rəngli saçla müqayisədə nisbətən ucuzdur.

Yollandığımız digər bir salonda da bizə 100% təbii saçla qaynaq edəcəklərinə əmin etdilər: “65 sm uzunluğunda 100 qram saçı 80 manata satırıq. Tanış adamdır, özü şəxsən Türkiyədən gətirir. İndiyə qədər çoxlu müştərilərimiz olub. Hətta içərisində hamının tanıdığı müğənnilər də var (ad çəkir). Amma hələ bu vaxta qədər problemlə qayıdan olmayıb”.

Salondan onu da bildirdilər ki, süni saçı daha çox metro keçidlərində və ucuz qiymətə satırlar. İlk baxışdan qəşəng görünsə də, bir dəfə “ukladka” edən kimi yanır. Bizimlə söhbət edən salon əməkdaşının sözlərinə görə, qaynağın onlarda yeni üsulu var və Bakıda onlardan başqa hələ heç bir salonda edilmir. Bunun nədən ibarət olduğunu bizə düz-əməlli izah edə bilməsə də, dediyindən onu başa düşdüm ki, qaynaq edərkən qoyulan muncuğun əvəzinə nəsə başqa bir şeydən istifadə olunur.

Saçın alışı da təxminən 30-50 manat arasında dəyişir. Bu, saçın uzunluğundan, rənglənib-rənglənməməsindən və keyfiyyətindən və salondan asılıdır. Saç biznesilə məşğul olanlar saçı baha qiymətə satsalar da, alanda çox pul vermək istəmirlər. 100 qramlıq saçın qiyməti 30 manat, 150 qramlıq saçın qiyməti 40 manat, 200 və daha yuxarıdırsa, 45-60 manat arasında dəyişir.

Saç ustasının sözlərinə görə, parik və şinyonlar bizə əsasən Qazaxıstandan gətirilir. Bir çox hallarda isə saç əvəzinə at tükü sırıyırlar. Bunları o zaman fərqləndirmək olur ki, insan saçını ardıcıl olaraq 3 cür rəngə salmaq mümkün olsa da, at tükü heç bir rəng götürmür.

Pariklərin qiymətləri də 10-15 manatdan başlayır. Lakin belə ucuz pariklər süni saçlardan hazırlanır və ilk baxışda kukla saçından seçilmir. Nisbətən baha - 40-50 manatdan başlayaraq təbii saçlardan hazırlanan pariklərə rast gəlmək mümkündür.

Dermatoloqun sözlərinə görə, pariklər dərini məhv edir. Parik qoyulan zaman dəri və tüklər havasız vəziyyətdə qalır. Hətta hansısa xəstəlik olmasa belə, parikin iç təbəqəsi hava keçirməyən materialdan olduğundan dərinin quruyub qızarmasına, qaşınmasına səbəb olur. Parikin bağı başı sıxır və qan dövranını pozur.

Saç qaynağı keçəlləşməyə səbəb ola bilər

12 ildir ki saç ustası işləyən Gülayə Məmmədovanın Publika.az-a bildirdiyinə görə, qaynaq həm də təbii saçları daha nazik edir və saçqıranlar yaradır. Saçların süni uzadılmasından sonra isə onlar codlaşır. Bu səbəbdən də seyrək, nazik saçları olan xanımlara qaynaqdan istifadə etmək ümumiyyətlə məsləhət görülmür. Saç qaynağı zamanı adamın yaşı və sağlamlığı da nəzərə alınmalıdır. Güclü dərmanlar qəbul edən, dərisi həssas olan adamlara və yaşı 17-dən aşağı olanlara da qaynaq etdirmək olmaz. Belə ki, bu yaşa qədər saçlar yetərincə bərkimir. Onun sözlərinə görə, əgər məcburiyyət qarşısında qalıb qaynaq etdirmisinizsə, qaynaqdan sonra fəsadların qarşısını almaq üçün vaxtı-vaxtında saç ustasının yanına getmək lazımdır: “2-3 aydan bir təkrar saç ustasının yanına gəlib saçı korrerksiya etmək lazımdır. Çünki bu müddət ərzində saç bir neçə santimetr uzanır. Bu zaman qaynaq olunan hissə aşağı düşür və görünür. Bu vaxt həmin saçlar dolaşa da bilər. Qaynaq olunan saç təbii saçı aşağı dartdığından saçlar qırıla və ya dibindən qopa bilər".

Dermatoloq Kənan Əhmədovun Publika.az-a bildirdiyinə görə, qaynaq zamanı keyfiyyətsiz materialdan istifadə müxtəlif fəsadlar yarada, hətta keçəlləşməyə də gətirib çıxara bilər. Qaynaq həm də saçlara yandırıcı təsir göstərə bilər. Bəzən qaynağın yaratdığı problemlər o qədər dərin olur ki, bu zaman saçları kökündən kəsmək lazım gəlir:

“Saçlarda qaynaq ən çox göbələk xəstəliklərinə səbəb olur. Əgər qaynaq olunan tüklər xəstə tüklərdisə, onlardan sağlam tüklərə xəstəlik keçməyə başlayacaq. Nəticədə tüklər tökülə, dəridə səpkilər, şişkinlik əmələ gələ, tüklərin dibi qabıqlaya bilər. Bundan əlavə, tüklərin uzanmasında da saç qaynağı mənfi təsir edir. Ən yaxşı halda isə saçlar uzanan kimi qırıla bilir və inkişafdan qalır”.

Morqda ölülərdən kəsilən saçlar...

Araşdırmalara görə, qaynaq üçün təbii saç adı ilə satılan saçlar bəzən morqda ölmüş və yiyəsi olmayan insanların saçlarından kəsilir. Bundan daha çox Afrika ölkələrində və saç biznesi ilə məşğul olan şəxslər istifadə edirlər. Hətta bəzi müştərilər qaynaq edilən saçın sonradan rəngi gedərək ağardığını deyirlər.

Əksər salonların reklam etdiyi təbii saçların Türkiyə, Hindistan, İndoneziya, Malayziya, Özbəkistan, Ukrayna, Braziliya və Çindən gətirildiyi deyilir. Dünyadakı ən əsas saç mərkəzi Hindistandır. Bu ölkədə daha çox saçlarını satanlar ehtiyac içində olan insanlar, ailələr, yetim və kimsəsiz uşaqlardır.

Araşdırma zamanı bir türkiyəli saç ustası ilə də tanış oldum. Onun sözlərinə görə, Türkiyədə saç ustaları qaynaq edərkən saçların Azərbaycandan gətirildiyini, azərbaycanlı ustalarsa Türkiyədən gətirildiyini deyirlər. Amma haradan gəldiyini isə Allah bilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm