Saytların dili ilə bağlı monitorinqin nəticələri açıqlandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Saytların dili ilə bağlı monitorinqin nəticələri açıqlandı (YENİLƏNİB)

“Hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verilişlərinin dili üzərində müşahidələr aparılır”.

Publika.az xəbər verir ki, bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib. O, bildirib ki, 4 ay davam edən saytların dilinin monitorinqində ölkədə mövcud olan dövlət təşkilatlarının, TQDK və QHT təşkilatlarının apardığı monitorinqlərdən bəhrələniblər:

“Biz dili daha anlaşıqlı olan 15 saytın monitorinqini əsas götürdük. Bu saytların materiallarında “snayperçi qız” birləşməsi, yaxud “reportyorçu oğlan” kimi yanlış təqdim olunan ifadələrin işlənməsi ilə rastlaşdıq. Bəzi sözlər var ki, onları öz sözlərimizlə əvəz edə bilərik. Məsələn, “Argentinada baş verən insident” birləşməsində “insident” sözü "hadisə" sözü ilə əvəz olunmalıdır”.

Qulu Məhərrəmli Azərbaycan dilində sadə, anlaşıqlı yazmaqla hadisəni dolğun şəkildə oxuculara çatdırmağın daha uğurlu alındığını bildirib. O qeyd edib ki, orfoqrafik səhvlərin monitorinqi aparılmayıb. Çünki sayta daxil olanda xüsusi işarə vasitəsilə buraxılmış hərf səhvini görmək və yenidən onu düzəltmək mümkündür. Məntiqi səhvləri, məna uyğunsuzluğu olan səhvləri düzəltmək mümkün deyil.

Q. Məhərrəmlinin sözlərinə görə, Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən 1000-ə yaxın informasiyada 500 səhv müşahidə olunub.

Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyevanın sözlərinə görə, monitorinqlər göstərir ki, saytlarda fonetik normaların pozulması müşahidə olunur. Lakin monitorinq zamanı həmin normalara çox da diqqət edilməyib.

“Məsələn, “Ukrayna” sözünün “Ukranya” kimi yazılışı, mürəkkəb adların səhv yazılması, qoşma və bağlayıcıların yazılışı ilə bağlı səhvlər, həmçinin cümlələrdə idarə, uzlaşma əlaqəsinin pozulması müşahidə edilir. “ABŞ Kuba münasibətlərdə irəliləyiş ötən ildə başlamış” kimi cümlələrə rast gəlirik. Lakin qeyd etməliyik ki, saytlarda leksik baxımdan pozuntular digər normaları üstələyir. Üslub səhvləri də leksik səviyyədən sonra ikinci yerdədir.

“Dörd güllə yarasından sağ çıxıb”, “Onların arasında əlbəyaxa dava yaranıb” kimi ifadələrə rast gəlinir. Eyni mənalı sözlər üç müxtəlif mənada işlənir”.

N. Qazıyevanın sözlərinə görə, rast gəlinən nöqsanlarda bir cümlə daxilində müxtəlif zaman formalarının işlənməsinə, mənası anlaşılmayan cümlələrə rast gəlirik. Mənası anlaşılmayan cümlələrə əsasən tərcümə materiallarında rast gəlinir. Fonetik pozuntuları nəzərə almasaq, pozuntuların ardıcıllığında leksik normadan sonra üslub və ən sonda qrammatik səhvlər durur. Onun bildirdiyinə görə, qrammatik səviyyədə səhvlər az olsa da, bu, gələcəkdə ciddi problemlər yarada bilər.

N.Qazıyeva orfoqrafik qaydalara əməl edilməsi üçün “orfoqrafiya” lüğətlərindən istifadə etməyi tövsiyə edir. Bundan başqa, materiallar sayta verilmədən əvvəl daha yaxşı oxunmalıdır.

Dilçilik İnstitutunun şöbə müdiri Qulu Məhərrəmli çıxış edərək bildirib ki, bəzi saytlarda bir neçə işi bir nəfər yerinə yetirir.

“Səhvlərlə bağlı hazırlanmış kod vərəqələrini həmin saytlara göndərəcəyik. Səhvlərlə yanaşı, onların düzgün variantını da qeyd etmişik. Biz cəzalandırmırıq, sadəcə tövsiyə veririk. Bu il iyun ayında səhvlərə ən çox yol verən sayt redaktorlarını dəvət etdik, onlarla müzakirə apardıq. Onlar da öz problemlərini ifadə etdilər. Hesab edirik ki, bununla bağlı dil norması olmalıdır. Bundan sonra da monitorinqlər davam edəcək. Qəzetlərin də monitorinqini aparacağıq. Bundan sonrakı mərhələdə isə ixtisaslaşmış saytlar, televiziyalar, küçə adları və reklamların monitorinqinin nəticələri mərhələli şəkildə açıqlanacaq”.

Televiziyaların adının əcnəbi dillərdə olmasına gəldikdə, Q.Məhərrəmli bildirib ki, bu gün televiziyaların adını dəyişə bilmərik. Çünki o artıq brenddir. Lakin onlardan dil normalarına uyğun danışmalarını tələb etmək olar.

Qeyd edək ki, monitorinq zamanı ən çox leksik səhvlər (29 faiz) aşkarlanıb. Üslub səhvlər 28 faiz halda, qrammatik səhvlər 19 faiz halda aşkar edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm