• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Polisdən əməliyyat: oğru dəstəsi ifşa olundu

Polisdən əməliyyat: oğru dəstəsi ifşa olundu

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində rayon sakinlərinin mülkiyyətinə qənim kəsilən cinayətkar dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, cinayətkar dəstənin üzvləri olan Masallı rayon sakinləri - əvvəllər qəsdən adam öldürdüyünə görə məhkum olunmuş Zaman Hüseynzadə, Məhəmməd Tahirov, Asim Əzizov və Bəxtiyar Kərimov qabaqcadan əlbir olub qrup təşkil etməklə rayonun müxtəlif kəndlərində yaşayan vətəndaşların mənzillərinə qanunsuz yolla daxil olaraq, onlara külli miqdarda ziyan vurmaqla oğurluq ediblər.

Belə ki, onlar ötən il dekabrın 20-də gecə saat 01 radələrində rayonun Çayqıraq kənd sakini Şöhrəddin Məmmədovun evinə gizli yolla qanunsuz daxil olub oradan ümumi dəyəri 5130 manat olan məişət texnikası oğurladıqdan sonra cinayətin izini itirmək məqsədi ilə evi yandırmaqla ev sahibinə 200 min manat məbləğində ziyan vurublar. Bu cinayətdən sonra Masallı rayon Polis Şöbəsində qaldırılan cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri müəyyən edilərək yaxalanıblar.

İstintaq zamanı müəyyən edilib ki, bu cinayət onların nə birinci, nə də sonuncu əməlləri olub. Belə ki, dəstə üzvləri hələ 2013-cü ilin fevral ayında rayonun Öncəqala kənd sakini Adışirin Məmmədovun, 2014-cü ilin oktyabrında Bədəlan kənd sakini Səlimə Kərimovanın, həmin ilin noyabr ayında Qızılavar kənd sakini Hafizə Ağayevanın və Çayqıraq kənd sakini Cavid Əhmədovun, bu ilin yanvarında Bədəlan kənd sakini Elman Abıyevin, fevral ayında isə Kolatan kənd sakini Rafət Cəbiyevin evlərinə qanunsuz yolla daxil olmaqla orada olan qiymətli məişət texnikası və müxtəlif avadanlıqları gizli yolla talayaraq ev sahiblərinə killi miqdarda maddi ziyan vurublar.

Qeyd olunan cinayət faktları ilə bağlı dəstə üzvlərinə Cinayət Məcəlləsinin 177-ci maddəsinin bir neçə bəndi və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamlar elan olunmaqla barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Tutulan şəxslərin başqa cinayətləri törətmə ehtimalları istisna olmadığından Masallı Rayon Polis Şöbəsi əməkdaşları iş üzrə istintaq və əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR