• USD 1,7220 +0,11% EUR 1,8623 -0,37%
    • GBP 2,1371 -1,16% RUB 0,0302 -0,33%

Qənirə Paşayevadan hökumətə ÇAĞIRIŞ

Qənirə Paşayevadan hökumətə ÇAĞIRIŞ

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatını yüksək qiymətləndirdiyini və dəstəklədiyini deməklə bərabər, bir sıra problemləri, o cümlədən bölgələrdə əhalinin mənzillərinin hələ də əksəriyyətinin icbari sığorta olunmadığını diqqətə çatdıraraq hökumətdən bu məsələyə daha çox diqqət ayırmasını istəyib.

Publika.az-ın məlumatına görə, millət vəkili bildirib ki, bölgələrdə vətəndaşlara məxsus evlərin icbari sığortasının həyata keçirilməsinin sürətləndirilməsi çox vacibdir. Onun sözlərinə görə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulundan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, sığorta qurumlarından əldə etdiyi məlumata görə 2 milyondan artıq yaşayış evindən cəmi 120 mini, yəni təqribən 6 faizi sığortalanıb: "Mən fürsətdən istifadə edərək hökumətimizi bu qanunun həyata keçirilməsi istiqamətində daha fəal olmağa çağırıram. Rayonlarda, kəndlərdə evlərin böyük əksəriyyəti sığortasızdır, hər hansı bədbəxt hadisə, faciə, təbii fəlakət, yanğın, partlayış, daşqın baş verdiyi zaman, mənzil dağıldığı və ya yararsız vəziyyətə düşdüyü zaman bu cür hallarla üzləşən belə bir ailə çox ağır vəziyyətdə qalır və ona kömək etmək imkanları da çox çətin olur”.

Son aylar millət vəkili seçildiyi Tovuz rayonunda bir neçə evdə qaz sızması nəticəsində partlayış baş verdiyini və bəzi evlərdə müxtəlif səbəblərdən yanğın baş verdiyini qeyd edən Q.Paşayeva evlərinin sığortasının olmaması səbəbindən vətəndaşların çətin vəziyyətə düşdüyünü bildirib: “Əgər sığorta olunmuş olsaydı, bu cür bədbəxt hadisələr zamanı sığortadan pul alaraq baş qaldıran çətinliklərin öhdəsindən gəlmək asan olardı. Ona görə də vətəndaşlarımız arasında sığortanın vacibliyini və önəmi ilə bağlı təbliğat-təşviqat işlərini daha da artırmaqla bərabər, rayonlarda və kəndlərdə evlərin sığortalanmasının sürətlənməsi istiqamətində bütün istiqamətlərdə daha da çox addımlar atmalıyıq. Bu işi sürətləndirsək, əslində təbii fəlakətlər, bədbəxt hadisələr zamanı dövlətin üzərinə də yük az düşər, ən vacibi isə vətəndaşlarımız çıxılmaz vəziyyətdə qalmazlar”.

Millət vəkili Qənirə Paşayeva Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı zamanı hökumətin 2014-cü il hesabatını müsbət qiymətləndirərək dəstəkləyəcəyini deyib və millət vəkili seçildiyi Tovuz rayonu ilə bağlı bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdıraraq onların həllində daha sürətli addım atmağa çağırıb. Ölkənin bölgələrində, kəndlərində qazlaşma sahəsində çoxlu işlərin görüldüyünü deyən millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda yaşayış məntəqələrinin təxminən yarısına yaxının hələ də qazlaşmadığını diqqətə çatdırıb.

Qazlaşmayan kəndlər arasında Ermənistanla ön cəbhədə yerləşən bir sıra kəndlərin olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, insanlar qısa zamanda onların yaşayış məntəqəsində qazlaşmasını gözləyirlər və o, Tovuzu təmsil edən bir millət vəkili olaraq hökumətdən və "Azəriqaz"dan bu məsələyə xüsusi diqqət yetirməsini xahiş edib. Cənab Prezidentin özəlliklə qazlaşma ilə bağlı Ermənistanla ön cəbhə bölgələrinə xüsusi diqqət yetirilməsi ilə bağlı fikirlərini vurğulayan millət vəkili Qənirə Paşayeva hökuməti 2015-cü ildə Tovuz rayonunun əksər hissəsinin qazlaşmasını başa çatdırmağa çağırıb.

Millət vəkili eyni zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi ilə bağlı ailələrin üzləşdiyi bürokratik problemlərə də toxunub və bildirib ki, hər hansı bir ailə öz mənzilinə yeni qaz xəttinin çəkilməsi ilə bağlı müraciət etdiyi təqdirdə onun bunun üçün lazım olan bütün sənədləşmə məsələlərinin "Azəriqaz"ın rayonlarda olan şöbələri tərəfindən həyata keçirilməsi lazımdır və bu insanları bu istiqamətdə bürokratik problem və süründürməçilikdən xilas etmək lazımdır.

Millət vəkili Qənirə Paşayeva kəndlərdə, bölgələrdə uzun illər əvvəl çəkilmiş və bəzi yerlərdə qaz sızıntısı problemi yaşanan xətlərə xüsusi diqqət yetirilməsinə də çağırıb.

O bildirib ki, məsələn Tovuzda bəzi evlərə qaz dolması və partlayışın baş verməsi məhz bəzi xətlərdə qaz sızıntısı problemi ucbatından baş verib. Ona görə də bu məsələyə “Azəriqaz” və onun yerli bölmələri xüsusi diqqət yetirməlidir. Millət vəkili Qənirə Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi ciddi problemlərdən də danışıb. O bildirib ki, Tovuzda əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur və əkin sahələrinin suvarılması onlar üçün ən ciddi məsələlərdən biridir.

Ötən il əhalinin əkin sahələrinin suvarılmasında ciddi problemlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva daha çox artezian quyularının qazılmasına ehtiyac olması ilə bərabər, Ağstafaçay su kanalına Kür çayından daha çox su suvarılması imkanlarının hökumət qurumlarının ciddi nəzarətdən nəzərdən keçirərək yaz-yay aylarında əkin sahələrinin suvarılması üçün daha böyük su rezervlərinin yaradılmasına ehtiyac olduğunu deyib. O bildirib ki, özəlliklə əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan rayonlarda, o cümlədən Tovuzda əkin sahələrinin suvarılması ən önəmli məsələlərdən biridir və müvafiq qurumlardan Ermənistanla ön cəbhə rayonu olduğunu nəzərə alaraq Tovuzda bu istiqamətdə daha çox işlər görməyə çağırıb.

Qənirə Paşayeva hökumətin hesabatında səhiyyə sahəsində həllini gözləyən problemlərdən danışıb və onlara ciddi diqqət ayırmağa çağırıb.

Son illər ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında çoxlu layihələr həyata keçirildiyini və bu sahədə əldə edilən uğurlara toxunan millət vəkili Qənirə Paşayeva eyni zamanda həllini gözləyən problemlərdən də danışıb və onların həllinə çağırıb.

Millət vəkili Qənirə Paşayeva Parlamentin iclasında müvafiq qurumları bir neçə il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb. 28 oktyabr 1999-cu ildə Parlament tərəfindən qəbul edilən “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.

Bu barədə millət vəkili Qənirə Paşayeva Parlamentdə hökumətin hesabatında deyib. O deyib ki, son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. “ Qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.”

Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə orqan köçürülməsində sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər. Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da küllü miqdarda vəsait tələb edir.

İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür:

"Bununla da sağlam insanların həyatı da bir çox hallarda risq altına düşür. İkincisi bəlkə o insanın heç özünün cür və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin? Ölümə məhkum olsun? Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyiddən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyidinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir. Onların bu istəyini reallaşdıran icra mexanimləri dünyada olduğu kimi bizdə də olmalıdır”.

Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm və prosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsində ən vacib məsələlərdən biridir və qanunun icrasına, ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.

Millət vəkili Qənirə Paşayeva çıxışında icbari tibbi sığortanın tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir deyib və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb və qeyd edib ki, “Tibbi sığorta haqqında” qanunun işləməsinə ehtiyac var. Millət vəkili müvafiq qurumları icbari tibbi sığortanın geniş tətbiqi məsələsinə ciddi önəm verilməsinə çağırıb və ölkədə icbari tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR