Ekologiya Nazirliyi BP-ni məhkəməyə verdi
Bizi izləyin

Qırmızı.az

Ekologiya Nazirliyi BP-ni məhkəməyə verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ətraf mühitə vurduğu ziyana görə BP şirkətinə qarşı iddia qaldırıb.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2015-ci il 5 mart tarixində Xəzər dənizində “İstiqlal” Üzən Dəniz Qazma Qurğusundan “Ultradril” su əsaslı qazma məhlulunun quyunun qazılması zamanı dənizə axıdılması faktı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən operativ qaydada ekspedisiya təşkil edilib və hadisə yerində araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, qazma prosesində texnoloji prosesin tərkib hissəsi olan boru kəmərinin quyuya endirilməsi zamanı texnoloji reqlament normalarının pozulması nəticəsində su əsaslı qazma məhlulu 530 metr dərinlikdə dənizin dibinə dağılıb.

Nazirliyin əməkdaşları tərəfindən məhlul axıdılan yerdən və axıdılma mənbəyinin ətrafından nümunələr götürüb, ekotoksikoloji və analitik təhlillər aparılıb. Təhlillərin nəticəsinə görə dənizin neft və digər toksiki maddələrlə çirklənməsi aşkarlanmayıb, lakin qazma məhlulunun tərkibində aşağı toksikliyə malik maddələrin olduğu müəyyən olunub. Faktla əlaqədar BP Şirkətinə qarşı 12300 manat məbləğində iddia qaldırılıb.

Məlumatda bildirilir ki, hələ 2000-ci illərin əvvəllərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi BP-yə və Azərbaycanda qazma işləri aparan digər təşkilatlara sintetik əsaslı orta və yüksək toksikliyə malik kimyəvi tərkibli qazma məhlullarından dəniz şəraitində istifadəni qadağan edib və əvəzində su tərkibli məhlulların istifadəsinə icazə verib. BP-yə məxsus sözügedən bu qazma qurğusunda da su tərkibli qazma məhlulundan istifadə edilir.

ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizində fəaliyyət göstərən karbohidrogen hasilatı ilə məşğul olan obyektlərdə mütəmadi olaraq monitorinq işlərini davam etdirir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm