Bakıda Novruz şənliyi - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakıda Novruz şənliyi - FOTOREPORTAJ

Bu gündən etibarən xalqımızın milli bayramı - Novruz şənliklərinə start verilib. Günün səhər saatlarında bayram münasibətilə Dənizkənarı Milli Parkda keçirilən ümumxalq şənliyi böyük maraqla qarşılanıb. Qız qalasının qarşısındakı meydanda, habelə milli parkın digər yerlərində təşkil edilən şənliklər milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən Novruz bayramına xüsusi çalarlar bəxş edir.

Qeyd edək ki, parkda respublikamızın müxtəlif rayonlarına aid olan kənd təsərrüfatı məhsulları, xüsusi geyim növləri, qədim xalçalar, suvenirlər, habelə digər sənətkarlıq nümunələri nümayiş etdirilir. Milli geyimli zəhmətkeşlərin satdıqları məhsullar – şirniyyatlar, meyvə-tərəvəzlər, turşular paytaxt sakinlərinin böyük marağına səbəb olub. Milli geyimli uşaqlar, incəsənət ustalarının ifasında səsləndirilən musiqi parçaları, milli mahnılarımız Dənizkənarı Milli Parka üz tutmuş sakinlərə, habelə şəhərimizin qonaqlarına əcnəbi turistlərə xoş əhvali-ruhiyyə bəxş edir. Dənizkənarı Milli Parkda bir neçə səməni qurulub. Bayram şənliklərinin növbəti mərhələsinə hazırlıq işləri davam etdirilir. Burada əylənən və dincələn sakinlər Novruz bayramının əsas personajları olan Kosa və Keçəllə xatirə şəkilləri çəkdirirdilər.

Qeyd edək ki, respublikamızın ayrı-ayrı rayonlarında yetişdirilən kənd təsərrüfatı məhsulları bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgidə nümayiş etdirilir. Qax, Şəki, Zaqatala, Göyçay, Şamaxı, Lənkəran, Astara, Masallı və digər rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri, Novruz bayramının rəmzi olan bir sıra şirniyyat nümunələri sakinlər tərəfindən böyük maraqla qarşılanır.

Şəki şəhərində musiqi alətlərinin hazırlanması, habelə müxtəlif cür oyma işləri ilə məşğul olan Mahir usta (Mahir Vələdov) bu il Novruz şənliyinin xüsusi təmtəraqla keçirilməsindən məmnunluğunu ifadə etdi: “Azərbaycan xalqının milli musiqi alətlərinin Novruz şənliklərində təbliğ edilməsi təqdirəlayiq haldır. Əvvəllər milli musiqi alətlərimizlə maraqlananlar çox az idi. Sevindirici haldır ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli musiqi alətlərimizə xüsusi diqqət ayırmasından sonra həm Şəkidə, həm də respublikamızda musiqi alətlərimizə maraq artıb. Alətlərin satışı çoxalıb. Şəki rayon mədəniyyət və turizm şöbəsi milli musiqi alətlərimizin Novruz şənliklərində nümayiş etdirilməsi üçün bizə dəstək oldu”.

Yeri gəlmişkən, Dənizkənarı Milli Parkda Şəki ustalarının hazırladıqları milli papaqlar, səbətlər, şlyapalar, 4-8 yaşlı uşaqlar üçün milli geyimlər, araqçınlar da nümayiş etdirilir. Burada habelə digər rayonlardan olan ustaların əl işləri sayılan milli papaqlar, fəslər, geyim növləri nümayiş etdirilir. Su qabları, kuzələr, nehrələr, kiçik xalçalar, eləcə də kiçik hədiyyələr – suvenirlər Novruz şənliyi iştirakçılarınin diqqətini cəlb edib. Şamaxı, Qax, Zaqatala zəhmətkeşlərinin nümayiş etdirdikləri təbii bal, doşab, habelə şirniyyat növlərinin bir qismi – noğul, fındıq, mindal əldən-ələ gəzirdi.

Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov builki Novruz şənliyinin xüsusi təmtəraqla qeyd edilməsini təqdirəlayiq hal kimi qeyd etdi: “Bir mərasimə ki, ölkə prezidenti gəlir, bu, Azərbaycan dövlətinin milli bayramımız sayılan Novruza marağını və sevgisini göstərir. Ölkəmizin başçısı burada təşkil edilmiş bayram şənliyini yüksək qiymətləndirdi. Ayrı-ayrı rayonların zəhmətkeşləri, habelə icra hakimiyyətlərinin nümayəndələri, mədəniyyət və turizm şöbələrinin rəhbərləri Novruz bayramı münasibətilə təşkil olunan şənliklərə ciddi tədarük görüblər. Hər kəs öz bacarığını ortaya qoydu. Dövlətimizin başçısı bunu da müsbət qiymətləndirdi”.

Novruz bayramının atributu Kosa (Fədail Muradov) qeyd etdi ki, indiyə kimi heç vaxt bayram şənliyinə bu cür yüksək hazırlığın şahidi olmayıb: “Bu il Dənizkənarı Milli Parkda və ümumən paytaxtda xüsusi bayram ab-havası müşahidə olunur. İnsanlar yaxınlaşıb mənimlə xatirə şəkilləri çəkdirir, deyib-gülüb şənlənirlər”.

“İrs” ansamblının aktyorları Qafar Novruzlu, Vaqif İbrahim isə milli parka insan axınının getdikcə artmasından məmnunluqlarını ifadə etdilər. Bildirdilər ki, bütün bunlar sakinlərin əhvali-ruhiyyəsinin əsas göstəricisidir.

2008-ci ildən Novruz şənliklərində milli geyimdə iştirak edən digər Kosa (Səddam Tağıyev) hər il bayram şənliklərində mərasimin əsas atributlarından biri kimi çıxış etdiyini deyərək, milli bayramımıza xüsusi marağın olmasından məmnunluğunu dilə gətirdi. Bahar qız isə hələ bir neçə gün Dənizkənarı Milli Parkda insanların bayram əhvali-ruhiyyəsinə xüsusi ovqat bəxş edəcəyini bildirdi.

Paytaxt sakini Vüqar Həsənov Bakıda doğulub boya-başa çatdığını deyərək, 2015-ci ilin Novruz şənliklərini indiyə qədər gördüyü ən izdihamlı bayram tədbiri kimi dəyərləndirdi: “Bu, onu göstərir ki, Azərbaycan xalqının yaşayış tərzi gündən-günə yaxşılaşır. İnsanlarımızın həyat səviyyəsi yaxşılaşdığından bayramlar da xüsusi təmtəraqla qeyd edilir. Bu həm də milli adət-ənənlərimizə olan diqqət və sayğının göstəricidir".

Anar

FOTOLAR müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm