Mircəfər Bağırovla görüşmüş Qulamhüseyn Hüseynov: “Mənə Sosialist Əməyi Qəhrəmanı adı verməliydi” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Mircəfər Bağırovla görüşmüş Qulamhüseyn Hüseynov: “Mənə Sosialist Əməyi Qəhrəmanı adı verməliydi” – FOTOLAR

Ömrünü sevdiyi sənətə, peşəyə, bəyəndiyi ixtisasa həsr edən insanlar gec-tez bu sahələrdə ucalır, zəhmətlərinin bəhrəsini görür, sosial qəhrəmanlara çevrilirlər. Azərbaycanda bir neçə pambıq sortunun yetişdirilməsinə nail olmuş, Sosialist Əməyi Qəhrəmanı adına namizəd olmuş Biləsuvar rayonu Ağalı kəndinin 88 yaşlı sakini Qulamhüseyn Hüseynov da belə adamlardandır. Lakin təəssüf ki, hələ yeniyetmə yaşlarından əməyə, zəhmətə alışmış, sovet dövründə Azərbaycanda kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafında müstəsna xidmətləri olmuş bu qocaman insan bəzi şəxslərin xoşagəlməz əməlləri ucbatından fədakarlıqlarının layiqli qarşılığını görə bilməyib. Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovla görüşmüş, Leonid Brejnev tərəfindən xüsusi mükafatlara layiq görülmüş Qulamhüseyn Hüseynov Publika.az-a müsahibəsində özünün maraqlı keçmişindən ətraflı söhbət açdı.

“Mircəfər Bağırovun köməkçisinə hər şeyi dedim”

1927-ci ilin 27 iyulunda Biləsuvar rayonunda dünyaya gələn Qulamhüseyn Hüseynov hələ erkən yaşlarından öz əlinin bəhrəsi ilə yaşamağa alışıb: “Zəhmət çəkib halal ruzi qazanmaqdan zövq alırdım. Lakin yaxşı işlədiyimdən rayon partiya komitələrinin bəzi katibləri ilə aram yox idi. Onların əksəriyyəti mənimlə yola getmirdi, amma heç birinin gücü çatmırdı. Çünki onlar oğru idilər, dövlətin əmlakını mənimsəyirdilər, mən isə haqqı müdafiə edirdim.

İlk əvvəl sahə aqronomu işlədim, Mərkəzi Komitənin qərarı ilə kolxozlara köçürüldüyümüzdən baş aqronomun səlahiyyətlərini icra etməyə başladım. Kolxozlar birləşdikdən sonra kolxoz sədrinin birinci müavini vəzifəsinə təyin edildim. Üç kolxozun əmlakına, mal-qarasına cavabdehlik daşıyırdım. “Oktyabr” kolxozunda partiya komitəsinin katibi oldum. Tabeliyimdə 53 kommunist işçi vardı. Raykomun birinci katibi Nağı Nağıyevin xəbəri olmadan, onunla razılaşmadan fəaliyyətində ciddi nöqsanlar olan kolxoz sədrini partiyadan çıxartdırdım. Bunun üçün əvvəlcə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mircəfər Bağırovun köməkçisi ilə telefonla danışdım, hər şeyi açıb ona dedim. Partiyanın mərkəzi strukturundan bu məsələni araşdırmaq üçün rayona xüsusi komissiya göndərildi. Adı yadımdan çıxıb, komissiya üzvlərinin rəhbəri Yusifov soyadlı məsul vəzifəli şəxs idi”.

Komissiya üzvləri kolxoz sədri Vəli Mirzəyevin işini yoxlayıblar: “Dedim ki, bu şəxs iclaslara gəlmir, rüşvətxordur, camaatın maaşını vermir, özü də 4 aydır kolxozda işləmir. Yoxlama komissiyasının üzvləri məndən soruşdular ki, əgər bu şəxs işləmirsə, necə olur ki, sən 4500 ton əvəzinə 4800 ton pambıq yetişdirməyə söz vermisən? Cavab verdim ki, gedək sahəyə bunu sizə sübut edim. Pambıq tarlasında ondan soruşdular ki, bu sahə kimindir, aqronomu kimdir, digər sahə kimindir? O, suallara cavab verə bilmədi. Çünki hansı sahənin hansı briqadirə məxsus olduğundan məlumatsız idi. Dedim baxın, bunun işi bundan ibarətdir. Kolxoz sədri ancaq buradakı iki qadınla – Roza Gözəlova və Qızbəslə gedib çay içməklə məşğuldur. O, iclaslara qatılmır, bir sözlə işləmir. Komissiya üzvləri baş verənlərə mat-məəttəl qalıb söylədiklərimin doğru olduğuna inandılar. Lakin kolxoz sədrini işdən çıxartmaq istəmirdilər. Bir tərəfdən də ehtiyat edirdilər ki, protokolu Moskvaya göndərərəm və buna görə də mənimlə çox mülayim danışırdılar. Sonda qərara aldılar ki, ona töhmət verilsin”.

“Ağdaş-3”, “Rozalı pambıq”, “Muğan-38”, “Abşeron yoncası” sortlarını yetişdirmişəm”

Bir müddət sonra Bakıya gedən Qulamhüseyn Hüseynov rayona qayıdanda kolxoz sədrinin işdən çıxarıldığını eşidir. Beləcə problemlər həllini tapır: “Kolxoz partiya komitəsinin katibi və kolxozun baş aqronomu kimi heç kimə güzəştə getmirdim. Bəziləri isə uğurlarıma paxıllıq edirdilər. Çünki mən Azərbaycanda xüsusi pambıq sortları, o cümlədən “Ağdaş-3”, “Rozalı pambıq” (Bu növ roza güllərinin rənginə bənzədiyindən onun adını belə qoydum), “Muğan-38”, “Muğan-395”, “Abşeron yoncası” sortlarını yetişdirmişəm. Təklif etdim ki, bu sort pambıqların əkilməsi kütləviləşdirilsin. Əvvəlcə mütəxəssislər onu yoxladılar, sonra isə həmin sortları klonlaşdırdılar. Nazirlik tərəfindən təsdiq edildikdən sonra bu növlərin respublikamızın pambıq əkilən demək olar bütün rayonlarında kütləvi yetişdirilməsinə start verildi. “Ağdaş-3”, “Muğan-38”, “Muğan-395” pambıq sortları bu gün də əkilməkdədir”.

Müsahibimiz keçmiş Puşkin rayonunun “Oktyabr” kolxozunun Aşağı Güləli, Əsgərabad kəndlərinin kolxozlarına nəzarəti həyata keçirməyə başlayır: “Bir gün Kənd Təsərrüfatı Nazirliyinin Kadrlar Şöbəsinin rəhbərinin yanına göndərdilər. Soyadı İskəndərov olan həmin şəxs məni Kənd Təsərrüfatı Nazirliyinin Puşkin rayonu üzrə şöbəsinin rəisi vəzifəsinə təyin etdi. Bundan sonra Cəlilabaddan, Salyandan və digər rayonlardan kolxozçular rayonumuza gələrək yetişdirdiyim xüsusi pambıq sortu ilə maraqlanmağa başladılar. Rayonda bütün torpaqların kəndlilərə verilməsi məsələsini qaldırdım və bu, müsbət həllini tapdı”.

“Bağırov məni dinləyib milis idarəsinin rəisini işdən çıxartdırdı”

Qulamhüseyn müəllimin Mircəfər Bağırovla görüşü Azərbaycan SSRİ-nin keçmiş rəhbərinin rayona gizli və gözlənilmədən səfəri zamanı baş tutur: “1950-ci ildə “Bakınskiy raboçiy” kolxozunda aqronom işləyirdim. Səhər tezdən rayonun kənd təsərrüfatı şöbəsinə getdim. Küçədə heç kim yox idi. Gördüm ki, bir maşın gəldi. İçəridəkilərdən birini tanıdım. Bu, mərkəzi komitənin birinci katibi Mircəfər Bağırov idi. Onlar üç nəfər idilər. Bağırov, sürücüsü və tanımadığım bir nəfər. Bağırov avtomobilindən düşmədən məndən soruşdu ki, rayonun (keçmiş Puşkin, indiki Biləsuvar) birinci katibi Vəzir Adıgözəlov hardadır? Özümü tanımamazlığa vurub bir az quru cavab verdim ki, mən nə bilim katib hardadır? Bağırov diqqətlə üzümə baxıb digər suallarını da verdi:

- Cavan oğlan, bura niyə gəlmisən?

- Mənim sahəmdəki pambıqlarda xəstəlik var. Kömək istəməyə gəlmişəm.

- Hərbi xidmətdə olmusan?

- Yox.

- Bəs atan hərbi xidmətdə olub?

- Bəli, atam 1937-ci ildə həbs edilmişdi. Daha sonra müharibəyə göndərildi. Cəbhədəki döyüşlərdə şücaətləri ilə seçilib və Berlin uğrunda əməliyyatlarda fəal iştirak edib. Hərbi xidmətdə fərqlənməsinə görə, SSRİ Ali Baş Komandanı İosif Stalin tərəfindən təşəkkür alıb. Berlinin alınması haqda atama xüsusi medal verilib. Lakin rayonun milis idarəsinin rəisi Nikola Səfərov atamı həbs edib. Deyir ki, sənədlərin saxtadır.

Bağırov bundan sonra susub, daha heç nə soruşmadı. Sən demə, yanında əyləşmiş şəxs dediklərimi bir-bir qeyd edirmiş. Onlar çıxıb getdilər. Bundan iki gün sonra milis idarəsinin rəisi Nikola Səfərovu işdən çıxartdılar və özünü də həbs etdilər.

Yeri gəlmişkən, biz Mircəfər Bağırovla söhbət etdikdən sonra MTS-in rəhbəri də ora gəlmişdi. Onlar birlikdə sahəyə gedərək pambığa baxdılar. Gördülər ki, tarlada qarpız tağı var. Bağırov MTS-in rəhbərindən soruşdu ki, bu nədir? O isə baş katibi aldatmaq istəyərək dedi ki, Muğanda belə şeylər olur.

Bundan bir qədər sonra Mircəfər Bağırov iclas keçirdi. Çıxış edərək Puşkin rayonunun MTS-in sədri Mahmud Əliyevin orda olub-olmamasını soruşdu. Mahmud Əliyev ayağa qalxanda mərkəzi komitənin birinci katibi onu iclasdaca, hamının gözü qarşısında işdən qovdu: “Çıx get burdan. Yoldaşlar, bu adam pambığın içindəki qarpız tağının mənə guya alaq otu olduğunu deyir. Mahmud Əliyev məni belə aldadırsa, görün xalqı necə aldadır!”

“Brejnev tərəfindən xüsusi orden və mükafatla təltif olundum”

Yaxşı işlədiyinə görə onu Arxangelovkaya Dövlət Plan Komitəsinin ərazi üzrə sahəsinin müdiri vəzifəsinə təyin ediblər: “Həmin idarə Moskvaya tabe idi. Burada bir müddət çalışdım. Bir gün Özbəkistandan, Tacikistandan və Türkmənistandan gəlib yoxladılar. İşimi bəyəndilər. Nümunəvi əməkçi kimi fotolarımı Rusiyanın və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin şərəf lövhəsinə vurdular. “Əməkdə fərqlənmə” medalı ilə təltif edərək bir “Volqa” maşını bağışladılar. Lakin təəssüf ki, müəyyən səbəblər üzündən həmin avtomobili ala bilmədim. Bundan əlavə, 1969-cu ildə mükafat kimi Moskvada mənə qızıl qol saatı hədiyyə etdilər.

Xüsusi xidmətlərimə görə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnev tərəfindən mənə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilməli idi. Təqdimatın göndərilməsini gözləyirdik. Hər şey hazır idi. Lakin qanunsuzluqlar edən kolxoz sədri Vəli Mirzəyevi partiyadan çıxartdırdığıma görə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov barmaqlarını söyüş ifadəsi ilə cütləşdirib mənə uzatdı və dedi: “Gəl al, bu da sənin Sosialist Əməyi Qəhrəmanı mükafatın. Sən heç vaxt o fəxri adı ala bilməyəcəksən”. Qeyd edim ki, Vəli Axundovla Vəli Mirzəyev eyni rayondan idilər”.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovla razılaşdırılmadan kolxoz sədri Vəli Mirzəyevi partiyadan uzaqlaşdırmağının müqabilində onun bu yüksək ada təqdimatını ləgv ediblər: “Buna baxmayaraq, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnev tərəfindən mənə xüsusi orden və mükafat verildi. Onlar indi də evimdədir. Mükafatın arxasında onun adı, soyadı, vəzifəsi və imzası yazılıb”.

Ömrünün 88-ci baharını yaşayan Qulamhüseyn Hüseynov həkim səhlənkarlığının qurbanlarından birinə çevrilib. Üstəlik o, maddi baxımdan da korluq çəkir: “Cəmi 215 manat təqaüd alıram. Bu məbləğ heç mənim müalicəm üçün aldığım dərmanların xərcinin 15 faizini ödəmir. Həmin pul mənim əvvəllər çalışdığım vəzifələrə uyğun təqaüd deyil. Onun məbləğinin artırılması ilə bağlı müvafiq qurumlara müraciət edəndə bildirdilər ki, indi gecdir. Müvafiq sənədləri gərək çoxdan toplayaydım.

2013-cü ilin oktyabrında Lənkəran Diaqnostika Mərkəzində prostat vəzidən əməliyyat olundum. Əməliyyata 800 manat xərcim çıxdı. Yaralarım 10 günə sağalmalı idi. Mənimlə eyni gündə əməliyyat olunan bütün xəstələr sağalsalar da, səhhətimdəki problemlər bu günə kimi düzəlməyib. Həmin vaxtdan 1 il 5 ay ötüb, hələ də əziyyət çəkirəm. Lənkəranda məni əməliyyat etmiş Rəsul həkim dedi ki, gəl belə bir izahat yaz ki, guya yaxşı olmusan və heç bir şikayətin yoxdur. Bundan sonra sizdən şikayət etməyəcəm. Mən də sənin 800 manatını qaytarım. İzahatı yazıb imzalayandan sonra pulumu özümə qaytardı. Həyətimdəki mal-qaranı satıb, iki dəfə müalicə üçün İrana getdim. Üçüncü dəfə İrana getməyə hazırlaşıram. Müvafiq qurumlara müraciət edərək səhhətimin düzəlməsində mənə köməklik göstərmələrini xahiş edirəm. İndiyə qədər dərmanlara 1400 manat xərcim çıxsa da, bu günə kimi sağalmamışam”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm