Bakının pomidoru ilə məşhur olan “çökək yer”i – Zirədən reportaj -FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakının pomidoru ilə məşhur olan “çökək yer”i – Zirədən reportaj -FOTOLAR

Paytaxtın sosial - iqtisadi inkişafı büdcədən ayrılan vəsaitlər, Bakının tərəqqisinə hesablanmış dövlət proqramları, habelə ölkəmizin ən böyük şəhərinin daxili imkanları əsasında reallaşır. Məhz buna görədir ki, respublikamızın ana şəhərinin müasir görkəmi nəinki onilliklər öncə, hətta 5-10 il bundan əvvəlki vəziyyətindən seçilir. Amma təəssüf ki, paytaxtın mərkəzindən kənarlardakı bəzi yaşayış məskənlərində, o cümlədən Bakıətrafı qəsəbələrdə bir sıra problemlər, həlli vacib olan məsələlər var. Belə yaşayış məskənlərindən biri də Xəzər rayonunun Zirə qəsəbəsidir.

Publika.az Zirə qəsəbəsinin mövcud qayğıları və problemləri ilə bağlı reportajı təqdim edir.

Bir marşrut avtobusu, gündəlik 1 manat 40 qəpik...

Toponimi fars mənşəli olub, adı “çökəklikdə olan yer” mənasını verən Zirə sakinlərinin çətinlikləri ilə “Ulduz” metro stansiyasından qəsəbəyə doğru yola çıxarkən tanış olduq. Qeyd edək ki, Zirə sakinləri paytaxtın mərkəzinə çətinliklə gedib - gəlirlər. Nəqliyyat problemi qabarıq nəzərə çarpır. Qəsəbə sakinlərini paytaxtın mərkəzi ilə əlaqələndirən yeganə nəqliyyat vasitəsi “Ulduz” metro stansiyası – Zirə istiqamətində hərəkət edən 187 saylı marşrut avtobusudur. Lakin məsafənin uzaq olması, habelə 187 saylı marşrut avtobuslarının günün axşam saatlarında az-az xəttə çıxmaları sakinlər üçün vaxt və maddi problemlər yaradır. Elə buna görə də hər gün işdən günün axşam saatlarında çıxan bəzi sakinlər taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar. Bütün bunlar bir yana, marşrut avtobusunda gediş haqqı nə az-nə çox – 70 qəpikdir. Qəsəbədən hər gün işə gələn sakinlər, tələbələr təkcə 187 saylı avtobusa gediş haqqı kimi 1 manat 40 qəpik ödəməli olurlar. Bu hesabla qəsəbə sakinlərinin bir aylıq nəqliyyat xərcləri 28 - 30 manat (şənbə-bazar istirahət günlərini çıxmaq şərtilə - müəl.) təşkil edir. Biz hələ sakinlərin yola sərf etdikləri 2 saat yarımdan artıq vaxt itkisini, habelə istirahət günü olmadan işləyənlərin xərclərini demirik. Bu siyahıya sakinlərin digər nəqliyyat xərclərini, o cümlədən metrodan istifadə haqlarını da əlavə etsək, zirəlilərin 1 aylıq nəqliyyat xərclərinin necə baha olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Sadaladıqlarımız onu göstərir ki, paytaxtın mərkəzindən onlarla kilometr kənarda yerləşən qəsəbənin ən başlıca problemi qəsəbədə yeni iş yerlərinin yaradılmasıdır. Bu barədə bir qədər sonra...

Bakının mərkəzindən bir az kənarda yerləşən qəsəbə özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu yaşayış məskəninin mərkəzi hissələrində içməli su problemi artıq həllini tapıb. Həmin səbəbdən sakinlər içməli su təminatında çətinliklərlə qarşılaşmırlar. Bütün bunlarla yanaşı, qəsəbənin giriş hissəsində yeni su anbarı inşa olunmaqdadır. Zirə sakini Əli Babayevin sözlərinə görə, yaxın vaxtlarda bu yaşayış məskəninə yeni su xəttinin çəkilişi gözlənilir: “Qəsəbəmizdə içməli su çatışmazlığı o qədər də hiss olunmur. İçməli suya tələbatın artdığı yay mövsümündə Zirədə su sarıdan korluq çəkmirik”.

Qəsəbədə müxtəlif əsrlərə aid qəbiristanlıq, məscid və s. abidələr bu gün də qorunmaqdadır. 12 min nəfərdən çox sakini olan Zirənin köhnə məscidi yenidən təmir edilib. Kəndin kənarındakı “Əli ayağı” ziyarətgahı dindarların, inanclı şəxslərin tez - tez baş çəkdikləri müqəddəs yerlərdən biridir.

Qəsəbədə yeni, müasir tələblərə cavab verən xəstəxana inşa edilib. Buradakı Müalicə - Diaqnostika Mərkəzi hələ bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə qurulub. Mərkəz müasir avadanlıqlarla təchiz olunub. Müalicə Diaqnostika Mərkəzi artıq neçə ildir qəsəbədə səhiyyə xidmətlərinin yaxşılaşdırılmasını təmin edib. “Zirə” şadlıq sarayı isə qəsəbədə fəaliyyət göstərən yeganə məclis evidir. Zirənin hətta ucqar yerlərindəki yollar, küçələr də asfaltlanıb. Bəzi yerlər isə əsaslı şəkildə təmir edilib. Bu da sakinlərin qəsəbənin daxilində gediş - gəlişi üçün rahatlığın təminatında mühüm rol oynayır.

“...təsərrüfat olduqca zəifdir”

Yazımızın girişində qeyd etdiyimiz kimi, Zirə problemlərdən də xali deyil. Qəsəbə sakini Sabir Bədəlovun sözlərinə görə, bu yaşayış məskənində yeni iş yerlərinin açılmasına ciddi ehtiyac var: “Əvvəllər kolxoz vardı, sonra onu sovxoz etdilər. Camaat xiyar, pomidor, qovun, soğan, kartof, qarpız əkir, təsərrüfatla dolanırdı. Zirə qarpızı təkcə paytaxtda, Bakı kəndlərində yox, bütün respublikada məşhur idi. Həmin səbəbdən də sakinlər bu bostan bitkisinin yetişdirilməsinə xüsusi maraq göstərirdilər. Zirə torpağı münbit və dənəvər olduğundan qarpız, qovun belə torpaqlarda yaxşı böyüyür və inkişaf edir. Bir sözlə, çox ailələr bostan bitkilərinin becərdilməsi ilə məşğul idi. Sakinlərin yarısı təsərrüfatdan gələn gəlirlə dolanırdı. Lakin sovet imperiyasının dağılmasından sonra bazar iqtisadiyyatı şəraitində çox şey dəyişdi. Zirəlilər əvvəlki kimi bostan bitkilərinin yetişdirilməsi ilə məşğul olmurlar. Çünki onu aparıb şəhərdə satmaq onlara baha başa gəlir. Xərci çox çıxan sakinlər məhsulu baha satmağa, qiymətini artırmağa məcbur olurlar. Onda da alış zəif olur. Heç əkdiyin əziyyətə dəymir. Buna görə də təsərrüfatla məşğul olan bəzi sakinlər xiyar, soğan, qarpız, göyərti yetişdirilməsinə əvvəlki kimi maraq göstərmirlər. Elə bu səbəblərə görə, indi Zirədə təsərrüfat olduqca zəifləyib”.

Zirədə bir çox ailələr şəhərin mərkəzində işləyən gənclərin ümidinə qalıblar. Qəsəbənin qayğıları bununla yekunlaşmır. Burda olarkən öyrəndik ki, sakinlərin bir qismi quşçuluqla, bir qismi isə maldarlıqla məşğul olur. Düzdür, qəsəbədə otlaq sahələri az olsa da, bu, sakinlərin mal-qara saxlamasına əsaslı təsir göstərmir. Zirəlilərin əsas məşğuliyyətlərindən biri də ticarətdir. Qəsəbədə fəaliyyət göstərən azsaylı mağazalar, alqı - satqı mərkəzləri bəzi ailələrin əsas dolanışıq yeridir.

Qəsəbə sakinləri bildirirlər ki, bu səbəblər zirəlilərin dolanışığına təsirsiz ötüşmür. Sabir Bədəlov yaş senzinə görə işdən çıxarıldığını, lakin qəsəbədə iş tapa bilmədiyini deyir: “Mənim oğlumun 37 yaşı var. Ailəlidir, övladları orta məktəbdə təhsil alır. Onun yol xərci baha başa gəlir. çünki qəsəbəmiz şəhərdən bir neçə kilometr kənarda yerləşir. Oğlumun işlədiyi idarədə çalışırdım. Mənim özümü də işdən çıxardılar. Dedilər belə bir əmr var. Soruşdum ki, hanı əmr? Heç olmasa sənədin surətini də olsa göstərin. Bunu da etmədilər. Ümumiyyətlə Zirədə müəssisələr, fabriklər yoxdur deyə, gənclərin böyük qismi işsizdir”.

Zirə sakini Kamran Cəlilov da işsizlikdən şikayət etdi. Bildirdi ki, Zirədə qaz, işıq çatışmazlığı mövcud deyil. Yeganə sosial problem onun yaşına uyğun işinin olmamasıdır: “Zirə sakinlərinin bir qismi Neft Daşlarında çalışır. Əvvəllər orada işləyənlərin sayı çox idi. Lakin hamı bu cür işləyə bilmir. Ali təhsil, təcrübə lazımdır. Həmin səbəbdən də qəsəbənin gəncləri paytaxtın mərkəzi yerlərində iş axtarmağa məcbur olurlar. Bu isə paytaxtın mərkəzindən bir neçə kilometr məsafədə yerləşən qəsəbənin sakinləri üçün əlavə qayğılar deməkdir”.

Bir sözlə, özünəməxsus inkişafı ilə seçilən Zirənin də xeyli qayğıları, çətinlikləri var. Qəsəbənin həll edilməsi vacib olan ən əsas problemi işsizlik olduğundan gənclər paytaxtın mərkəzi yerlərində işləməyə məcbur olublar. Bu həm də, bəzi sakinlərin Zirəni tərk etmələrinin başlıca səbəblərindən biridir.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm