• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Arazın hər iki tayında törədilən kütləvi qırğınlar – Şərqşünaslıq İnstitutundan yeni faktlar

Arazın hər iki tayında törədilən kütləvi qırğınlar – Şərqşünaslıq İnstitutundan yeni faktlar

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırımı ilə bağlı yeni faktlar təqdim edib.

İnstitutdan Publika.az-a verilən məlumata görə, İran tarixçiləri Səməd Sərdariniya və Tohid Məlikzadə Dilməqaninin Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlardan bəhs edən əsəri tərcümə edilib.

Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” kitabında erməni quldur dəstələrinin rus və ingilis hərbi qüvvələrinin köməyinə arxalanaraq Türkiyə, İran və azərbaycan ərazilərində çoxsaylı cinayət törətmələri, müsəlman kənd və şəhərlərini xarabazara çevirmələri, yüz minlərlə günahsız insanların qətliamını təşkil etmələri tutarlı sənədlər və mənbələr əsasında açılıb göstərilir. Həmin müəllifin digər “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı tarixi faktları ortaya qoymaq, erməni və onlara havadarlıq edən ölkələrin “siyasətçilərinin”, “tarixçi alimlərinin” yalan və uydurmalarını ifşa etmək məqsədi ilə qələmə alınıb.

Müəllif kitaba yazdığı müqəddimədə qeyd edir ki, İran – Rusiya müharibələrindən, xüsusilə də Türkmənçay müqaviləsindən sonra ermənilərin Çuxursəd vilayətinə (indiki Ermənistan Respublikası ərazisinə) və onun mərkəzi İrəvana köçürülməsinə rusların birbaşa himayədarlıq etmələrinə və “məşəqqətlər görmüş millətə” hər cür dəstək vermələrinə baxmayaraq, 1918-ci ilə qədər ermənilər Qafqazın heç bir məntəqəsində əhalinin əksəriyyətini təşkil etməyib. Yeri gəlmişkən, görkəmli alim tarixi faktları səsləndirərkən erməni müəlliflərinə də istinad edib.

“İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabı İrəvanın ilkin yaşayış məskəni kimi formalaşması mərhələsindən başlayaraq burada yaşayan müsəlmanların (azərbaycanlıların) daşnakların əli ilə kütləvi şəkildə qətlə yetirilməsinə qədərki böyük tarixi mərhələni əhatə edir. Kitabın ilk hissələrində müəllif tarixi sənədlər və fotolar əsasında rus işğalı ərəfəsində İrəvanın tarixi-coğrafi mənzərəsini, şəhərin türk-müsəlman memarlığı əsasında yaradılmış arxitektura quruluşunu, mədəniyyət abidələrinin, dini mərkəzlərin (yeddi məscidin), karvansaraların və digər ictimai müəssisə və təşkilatların şəklini oxucuya təqdim etməklə onun tarixi bir müsəlman-türk şəhəri olduğunu sübut etməyə nail olub.

S.Sərdariniya kitabın “İrəvan Türkmənçay müqaviləsindən sonra” adlı bölməsində İrəvanda müharibədən sonrakı vəziyyəti, bu müsəlman şəhərində rusların ermənilərə himayədarlıq etmələrini son dərəcə dəqiq və ciddi şəkildə araşdırıb. Müəllif 1985-ci ildə Ermənistan Respublikasında çap olunmuş “Ermənistan tarixi” adlı kitaba əsaslanaraq Türkmənçay müqaviləsindən sonrakı ilk dövrlərin müqayisəli statistikasını təqdim edib: “...bu zaman İrəvanda 1805 azərbaycanlı ailəsinə qarşı cəmi 567 erməni ailəsi olmuşdur”.

Bundan sonra isə rusların özlərinin hazırladıqları hesabatdan istifadə edən alim Türkmənçay müqaviləsindən əvvəlki və ondan sonrakı dövrlərdə İrəvan və Naxçıvan xanlıqlarında əhalinin milli tərkibinə aid rəqəmlərin müqayisəli təhlilini təqdim edib: “Kameralnoe opisanie” adlanan sənəddə göstərildiyi kimi, 1828-ci il müqaviləsinin ardınca 20 mindən artıq azərbaycanlı türk-müsəlman bu iki xanlığı (İrəvan və Naxçıvan) tərk etmək zorunda qaldı və İrana köçdülər. Nəticədə 1828-ci ildə müsəlman əhalinin sayı 93 min nəfərə qədər azaldı. Dörd il sonra, yəni 1832-ci ildə müsəlmanların sayı 82.373 nəfərə qədər azaldı. Lakin həmin 4 il müddətində, yəni 1828-1832-ci ilə qədərki dövrdə ermənilərin sayı 25.151 nəfərdən 82.377 nəfərə qədər qalxdı. Bir sözlə, erməni əhalinin sayı 3 dəfə artdı”.

Bu, bir millətin didərgin salınması, digər millətin zorakı yolla hakim mövqeyə gətirilməsi demək idi. Daha sonra müəllif ermənilərin İrandan və Osmanlı Türkiyəsindən bu bölgəyə köçürülməsini təsvir edir. Kitab tarixi təhrif edənlərə, bu gün dünyada məzlum erməni obrazı yaratmaq istəyənlərə, “Böyük Ermənistan” xülyası ilə yaşayanlara və bu məqsədlə azərbaycanlıların vəhşi obrazını yaratmaq istəyənlərə tutarlı cavabdır.

Digər İran müəllifi Tohid Məlikzadənin “Güney Azərbaycan I Dünya müharibəsi illərində” adlı əsərində 1914-1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdan bəhs olunur. Müəllif əsəri yazarkən əsasən Osmanlı arxivlərindən istifadə edib. Bundan başqa xatirələrdən, rəsmi məktublardan və həmin dövrə aid olan qəzet materiallarından da istifadə olunub. Kitab İnstitut əməkdaşları tərəfindən farscadan tərcümə edilərək çap olunub.

İnstitutda icra olunan elmi-tədqiqat işlərindən “Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı soyqırım (1917-1919-cu illər)” adlı dissertasiya işini xüsusi qeyd etmək lazımdır. Əsərdə 1918-ci il Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırım aktları müfəssəl araşdırılır. Soyqırımın törədilməsində məqsəd isə aborigen əhalini məhv etmək və demoqrafik mənzərəni ermənilərin xeyrinə dəyişməklə “Böyük Ermənistan” üçün real şərait yaratmaq idi.

Farsdilli mənbə və qaynaqlar əsasında hazırlanan tədqiqat işinin əsas hissəsini Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, eləcə də ətraf qəsəbə və kəndlər) birləşmiş erməni-aysor silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətməsinin araşdırılıb təhlil edilməsi təşkil edir. 1918-ci ilin əvvəllərində başlanan və 6 ay davam edən soyqırımda Urmiya gölünün cənubunda yerləşən Sulduz mahalından tutmuş şimalda Xoy şəhərinə qədər geniş bir ərazidə yerləşən Urmiya və Salmas başda olmaqla bütün şəhər, qəsəbə və kəndlərdə azərbaycanlılar amansızcasına soyqırıma məruz qaldılar.

Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törədilən soyqırımda insan tələfatının statistikası ilə bağlı 150-200 min arasında müxtəlif rəqəmlər qeyd edilsə də, ən dəqiq məlumat İran mərkəzi hakimiyyətinin göstərişi ilə soyqırımdan sonra yaradılan tələfat və baş verən maddi ziyanı siyahıya alan komissiyanın hesabatında öz əksini tapıb. Həmin hesabata əsasən “I Dünya müharibəsi başlayandan komissiya yaranana qədər sadəcə qeydə alınan və hesablama vərəqələrində göstərilən can itkisi 160 min nəfər, maddi ziyan isə təxminən 160 kror tümən idi... Xəsarət və insan tələfatı siyahıya alınmayan məntəqələr də hesablanarsa, dəyən maddi xəsarət 200 kror tümən, insan itkisi isə 200 min nəfər olur”.

Gülnar


Xəbər lenti

DAHA ÇOX XƏBƏR