Biləsuvarda sinif otağı dükana çevrildi - İDDİA
Bizi izləyin

Qırmızı.az

Biləsuvarda sinif otağı dükana çevrildi - İDDİA

Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbin direktoru Şahverənova Mənsurə Gülağa qızı vəzifə səlahiyyətlərindən sui-istifadə edir, maliyyə pozuntularına yol verir.

Bu barədə Publika.az-a məktəb müəllimləri tərəfindən göndərilən məktubda qeyd olunur.

Məktubda bildirilib ki, direktor builki bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyasının üzvü olan müəllimlər dərsdən azad olunduğu halda, direktorun tapşırığı və təkidi ilə sinif jurnallarını özləri yazıb.

Eyni ixtisas müəllimləri buna narazılıq etsə də, direktor heç kimə məhəl qoymadan bu dərsləri maaş cədvəlində öz bildiyi kimi yerləşdirib, həmin dərslərin pulları direktor tərəfindən mənimsənilib.

“Bundan başqa, TQDK tərəfindən məktəb rəhbərliyinə tövsiyə olunub ki, Şagird-Məzun sisteminə daxil edilən şagirdlərin pasportu olmalıdır. Direktor bundan istifadə edərək pasportun alınması üçün məktəbdə ucdantutma hər şagirddən məcburi şəkildə 10 manat pul alır. Bu proses hal-hazırda davam edir.

Məktəbdə bölünmə dərslərin keçirilməsi üçün sinif otaqlarının çatmadığı halda, direktor sinif otağının birini zəbt edərək dükan açıb, şəxsi bizneslə məşğuldur”.

Müraciətdə bildirilib ki, bu barədə aidiyyəti qurumlara müraciət edilib.

“Biləsuvar rayon Təhsil Şöbəsinin rəhbərliyi 18 mart tarixində keçirdiyi iclasda direktor M. Şahverənovanın iş prosesində buraxdığı ciddi nöqsanlara, qanunsuz əməllərinə və maliyyə pozuntularına görə tutduğu vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. 10 gündən artıq müddətin keçməsinə baxmayaraq, bugünə kimi bizə heç bir məlumat və cavab məktubu gəlməyib. Hal-hazırda adıçəkilən direktor fəaliyyətini davam etdirir”.

Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov Publika.az-a açıqlamasında bu barədə xəbərdar olduqlarını bildirdi:

“Məsələ araşdırma mərhələsindədir. Müəllimlərin müraciətində şagirdlərdən pul alınması və digər məsələlər araşdırılır. Sinif otaqlarının yetərli olmadığı halda, direktorun otaqlardan biznes maraqları üçün istifadə edilməsi barədə məlumatlar doğru deyil. Ümumiyyətlə, bu məsələ ilə bağlı müəllimlərdən, direktor müavinlərindən izahat alınır. Direktor bu iddiaları qəbul etmir”.

Direktorun işdən çıxarılmasına gəlincə, B.Kazımov bildirib ki, bu barədə araşdırmanı şöbə əməkdaşları aparıb.

“Şagirdlər və müəllimlərin dinlənilməsinin nəticəsi barədə konkret məlumatım yoxdur. Araşdırma şöbə əməkdaşları tərəfindən aparılır. Yekun nəticə olanda, bu barədə qərar veriləcək”.

Şöbə müdiri bildirib ki, 2008-ci ildən məktəbdə direktor işləyən M.Şahverənova barədə əvvəllər də şikayət olub:

“Şikayətlər əsasən onun zəif işləməsi, idarəetməni düzgün təşkil etməməsi barədə olur. Bu məsələlər araşdırılıb, müzakirə olunub, direktora töhmət, cəza verilib ki, işində dönüş yaratsın. Cüzi də olsa bu töhmətlərin nəticəsi olub. Lakin hər bir müraciət araşdırılır. Sonuncu müraciət də araşdırma mərhələsindədir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm