Bakıda ölüm sürəti: 110, yoxsa 120 - qanunu kimlər pozur? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Bakıda ölüm sürəti: 110, yoxsa 120 - qanunu kimlər pozur? - ARAŞDIRMA

“Sürücülük vəsiqəsi almaq üçün imtahana girmişdim. 10 sualdan 8-ni düz yazmışdım, 2-si isə çətinlik çəkdiyim suallar idi. Bu mərhələdən keçdiyimə elə əmin idim ki, kəsildiyimi eşidəndə şoka düşdüm. Araşdırdım və məlum oldu ki, “Azərbaycanda maksimal sürət nə qədərdir?” sualına verdiyim 120 km/ saat cavabı səhv imiş...”

Bunu Publika.az-a sürücülük vəsiqəsi almaq üçün verdiyi imtahandan haqsız yerə kəsildiyini düşünən Eldəniz Məhəmmədov deyib. Məsələ bizə maraqlı gəldiyindən araşdırmağa çalışdıq. Doğrusu, belə bir yanlışlığın ola biləcəyini ağlıma da gətirmirdim. Amma araşdırma zamanı məlum oldu ki, qanuna görə Azərbaycanda avtomagistrallarda maksimal sürət həddi 110 km/saat göstərilsə də, yollarda qoyulan elektron tablolarda 120 km/saat sürətə rast gəlinir. Sürücülük vəsiqəsi almaq üçün imtahan verən şəxsin hər gün gedib-gəldiyi yolda gördüyü 120 km/saat sürəti yadında saxlayaraq işarələməsi təbii deyilmi? Bəs avtomagistralda 110 km/saat maksimal sürət həddi qoyulubsa, onun 120 km/saata qaldırılması qanun pozuntusu sayılmır?

Yolda maksimal sürətin 120 km/saata qaldırılmasının qanuni olub-olmaması müzakirə mövzusudur. Nəqliyyat sahəsində ekspert, hüquqşünas Ərşad Hüseynovun Publika.az-a bildirdiyinə görə, bu məsələ “Yol hərəkəti haqqında” Qanunla tənzimlənir. Onun sözlərinə görə, kimsə bunu axşam yatıb, səhər durub dəyişə bilməz. Həmin qanun isə beynəlxalq konvensiyalara əsasən hazırlanır və Azərbaycanın daxili məsələsi deyil. Azərbaycanda maksimal sürət həddi isə yolun kateqoriyasından asılıdır. Belə ki, yaşayış məntəqələrində maksimal sürət həddi 60 km/saatdır. Yaşayış məntəqəsindən kənarda isə sürət həddi yolun kateqoriyasından və müxtəlif nəqliyyat vasitələrindən asılıdır.

“Yol hərəkəti haqqında” Qanuna görə, avtomagistralda minik avtomobilləri və kiçik yük avtomobilləri üçün icazə verilən maksimum sürət 110 km/saat, avtobuslar üçün 90 km/saat, ayaq üstə sərnişini olan avtobuslar üçün 70 km/saatdır. Avtomagistral olmayan yaşayış məntəqələrindən kənar yollarda minik avtomobilləri, kiçik yük avtomobilləri, motosikletlər üçün maksimum sürət 90 km/saat, bəzi iri yük avtomobilləri üçün 70 km/saatdır.

Ekspertin sözlərinə görə, sürət həddinin 120 km/saat edilməsi aşkar və kobud şəkildə Azərbaycan qanunlarının pozulmasıdır:

“Dəfələrlə bunu edənlərin nəzərinə çatdırmışam, rəsmi şəxslərə məktub yazmışam, Dövlət Yol Polisində (DYP) də bunu dəstəkləyiblər və bildiriblər ki, bunu Nəqliyyat Nazirliyinin tabeçiliyində olan qurumlar edirlər. Bu isə özbaşınalıqdır. Bu, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin açıq-aşkar pozulmasıdır. Üstəgəl, yolda sürət həddi ilə bağlı nişanlar qoyulur. “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsində yazılır ki, yol nişanlarını ancaq Dövlət Yol Polisi qoya bilər. Dövlət Yol Polisi də özbaşına yox, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə yol nişanı qoya bilər”.

Ekspert həmçinin yollarda sürəti göstərən tabloların yerləşdirilməsini də qanunsuzluq və özbaşınalıq kimi qiymətləndirib: “Yağış yağanda sürəti azaldırlar, gün çıxanda artırırlar. Ümumiyyətlə, bizim qanunvericilikdə belə şey yoxdur. Bu həm də sürücüləri çaşdırır və aldadır. Həm də çox təhlükəlidir. Çünki sürücü əvvəl həmin yolda 120 km/saat sürətlə şütüyürdü, bir saat sonra sürəti azaldıb 100 ediblərsə, aləm qarışır bir-birinə. Belə hallar yolverilməzdir”.

Elə Dövlət Yol Polisindən də məsələni təsdiqlədilər. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Publika.az-a verdiyi məlumata görə, qanunvericilikdə konkret olaraq avtomagistrallarda minik avtomobillərinin 110, digər yollarda 90km/saat sürətlə hərəkət etməsi nəzərdə tutulub.

“120 km/saat sürətlə hərəkət etmək qanun pozuntusudurmu?” sualına gəlincə, K.Əliyev bildirdi ki, Yol Hərəkət Təhlükəsizliyi Komissiyası tərəfindən hansı yolda hansı nişanların, hansı sürət məhdudiyyətlərinin qoyulması barədə qərar verilir və əslində, həmin sürət də komissiyanın qərarı əsasında müəyyən edilməlidir:

“Sürət həddi “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində müəyyən olunur. Sürət həddinin və ya yol nişanlarının dəyişdirilməsi yol polisi tərəfindən həyata keçirilmir. O, yalnız Təhlükəsizlik Komissiyasının qərarı ilə dəyişdirilə bilər və sürət məhdudiyyəti ilə bağlı nişan, işıqfor çəkilə bilər”.

Sürücülük vəsiqəsi almaq üçün imtahan verən şəxsin maksimal sürət həddi ilə bağlı qarşılaşdığı problemə gəlincə, K. Əliyev bildirdi ki, avtomagistrallarda hərəkət sürətinin neçə olması qanunda konkret göstərilib və bu, 110 km/saatdır. Onun sözlərinə görə, imtahana da düşən sualların hamısı yol hərəkəti haqqında qanunvericiliyə uyğun tərtib edilir. Ona görə də bu, sürücüləri çaşdırmamalıdır.

K. Əliyevin sözlərinə görə, avtomagistrallarda sürət həddinin artırılıb-azaldılması sürücüləri çaşdırmamalıdır: “Sürücü intuisiyasına görə maşını idarə etməməlidir. O bilməlidir ki, küçələrdə quraşdırılmış yol nişanlarının tələblərinə uyğun şəkildə hərəkət etməlidir. Ərazidə, ola bilər ki, bu gün bir, sabah başqa bir nişan qoyulsun, sürət hərəkət şəraitindən asılı olaraq artırıla və ya azaldıla bilər. İstənilən halda sürücü buna diqqət yetirməli və nişanın tələbinə əməl etməlidir”.

Şöbə rəisinin sözlərinə görə, sürücü ancaq müəyyən olunmuş sürət həddini aşırsa, radara düşə bilər. Amma ərazidə müvafiq yol nişanı varsa, həmin yol nişanında məhdudiyyətin neçə qoyulmasından asılı olmayaraq, sürücü bu nişanın burada olmasına görə məsuliyyət daşımır. Sürücü qoyulan nişanın tələbinin pozulmasına görə məsuliyyət daşıyır. Əgər yolda 120 km/saat sürət həddi qoyulubsa, həmin sürətlə gedəndə heç bir qayda pozuntusuna yol vermir.

Millət vəkili Fazil Qəzənfəroğlunun Publika.az-a bildirdiyinə görə, bu məsələni araşdırıb Milli Məclisdə müzakirəyə çıxaracaq: “Bu məsələ ilə bağlı qanunda boşluq var, buna baxmaq lazımdır. Açığı, bu, bizim də diqqətimizdən qaçıb. Mən bu məsələni araşdırıb Milli Məclisdə müzakirəyə çıxaracam. Amma sürücülük vəsiqəsi alarkən "ölkəmizdə maksimal sürət həddi hansıdır" sualını cavablandıranda, həmin şəxs təcrübədə gördüyü cavabı verməkdə haqlıdır. Buna görə də həmin şəxsin qeyd etdiyiniz əsasla qiymətini aşağı salmaq olmaz”.

Məsələnin qanunda boşluq və ya qanun pozuntusu olduğunu isə ən yaxşı Nəqliyyat Nazirliyində bilirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Publika.az-a açıqlamasında məsələdən xəbərdar olmadığını, bununla bağlı yol polisi ilə danışmağımızı məsləhət gördü: “Nə baş verirsə, qanunvericiliyin tələblərindən kənara çıxmamaq şərti ilə baş verir. Bu məsələ dövlət yol polisi ilə dəqiqləşdirilməlidir. Müəyyən tədbirlər üçün müəyyən yerlərdə sürət həddinin artırılması lazım olanda tətbiq olunur. Mən bu barədə mütəxəssis deyiləm və danışmağa səlahiyyətim yoxdur”.

Yenə də günah keçisi tapılmadı. Belə görünür ki, hələ bu sürət çox qalxıb-enəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm