Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ – maska taxın
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ – maska taxın

Son günlər ölkə ərazisində istər böyüklər, istərsə də uşaqlar arasında kəskin virus xəstəliyi yayılıb. Yüksək hərarət, baş, qulaq ağrıları və öskürəklə müşahidə olunan xəstəliyə yoluxanların sayı hər gün bir az da artır. Həkimlərin sözlərinə görə, bu artım əsasən məktəb və bağçalarda müşahidə edilir. Bu da kollektiv ünsiyyətlə bağlıdır.

Bəs əlamətləri qriplə üst-üstə düşən xəstəlik təhülkəli epidemiyadırmı? Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava damcı infeksiyalar bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumənfərd Publika.az-a açıqlamasında hazırda respublika ərazisində qeydə alınan xəstəliklərin kəskin respirator virus infeksiyaları olduğunu dedi. Həkimin sözlərinə görə, bu xəstəlik əsasən, hərarət, burun axması, bədəndə əzginlik, zökəm və soyuqdəymə əlamətləri müşahidə edilir.

“Hərarəti yüksək həddə çatan xəstələr isə xəstəxanaya müraciət etmək məcburiyyətində qalırlar. Hazırda müşahidə olunan xəstəlik əsasən yüksək hərarətlə özünü göstərir. Bu da insanlar arasında hər hansı bir virusun yayılması ilə əlaqələndirilir. Hərarətin yüksək olması bədənin müqavimət gücünün aşağı olmasından asılıdır. İnsanların bədəninin müqavimət gücü xəstəliklə mübarizəyə təsir edir. Bədəni zəif olanlarda yüksək hərarət müşahidə edilir. Bu, virusun fərqli olması ilə əlaqələndirilməməlidir”.

N. Brumənfərdin sözlərinə görə, qış fəslində infeksiyalara yoluxmaların sayı artır, lakin buna baxmayaraq, xəstəlik nəzarətdə saxlanılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 19 kəşfiyyat mərkəzi tərəfindən bu infeksiyalara yoluxmuş xəstələrdən nümunələr götürülür.

“Virus infeksiayalarının ağırlaşmış formasıyla, xüsusən yüksək hərarətlə poliklinikalar, xəstəxanalara müraciət edən şəxslərin burun və boğazından yaxmalar götürülür, Respublika Taun Əleyhinə Stansiyaya göndərilir. Orada xəstəliyin kəskin respirator virus infeksiyası, yaxud qrip olması araşdırılır. 2014-cü il ərzində 26 A və B qripi hadisəsi qeydə alınıb. Bu il ərzində müraciətlərin heç birində qrip infeksiyası qeydə alınmayıb. Ona görə də ölkə ərazisində müşahidə olunan xəstəliyin qrip olmadığını rahatlıqla deyə bilirik. Bu, sadəcə, kəskin respirator xəstəlikləridir. Bu ilin fevral ayı ərzində kəşfiyyat nöqtələrindən Taun Əleyhinə Stansiyaya 403 nümunə daxil olub. Onların heç birində qrip aşkarlanmayıb. Bu il yanvar ayında ağır kəskin respirator virus xəstəlikləri və qripəbənzər xəstəliklərlə bağlı poliklinika və xəstəxanalara 36891, fevral ayında 40231 müraciət olub. Bu artım fevralın qışın ən soyuq ayı olması ilə əlaqədardır. Mart ayında rəqəm daha az olacaq”.

N. Brumənfərd bildirdi ki, xəstəliklər əsasən uşaqlar arasında daha çox müşahidə edilir:

“Bu ilin ilk iki ayında xəstələnmə faizi 5-13 yaşlı uşaqlar arasında daha çoxdur. Yanvar ayında 9251 fakt bu yaş qrupunda qeydə alınıb. Kollektivlərdə olan uşaqlar arasında xəstələnmə faizi daha çox olur. Metrolar, məktəblər, kütləvi alış-veriş məkanlarında bu xəstəliklər daha sürətlə yayılır. Yaxşı olardı ki, bu məkanlarda olan insanlar maskalardan istifadə etsinlər. Əlbəttə, virusa yoluxmuş şəxslərin evdə yataq rejimində qalması daha yaxşıdır. Çünki bakterial infeksiyalar antibiotiklərə tabe olur. Virus infeksiyasına qarşı antibiotiklərlə mübarizə aparmaq mümkün olmur. Onlar dərmanlara qarşı müqavimətli olurlar. Viruslarla müalicədə yalnız ağırlaşmanın qarşısını ala bilirik. Bu insanlar çoxlu miqdarda maye qəbul etməlidir. Həm xəstələr, həm də ətrafındakı insanlar “Vitamin C” qəbul etməlidirlər. İctimai yerlərə çıxmaq məcburiyyətində olanlar başqalarını yoluxdurmamaq üçün maskalardan istifadə etməlidir. Epidemioloq olaraq insanlara xəstəlik müddətində həm özləri, həm də ətrafdakıların sağlamlığı üçün cəmiyyət içinə çıxmamağı məsləhət görürük”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm