• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Beynəlxalq Qızıl Xaç Komitəsi erməni snayperlərinə bəraət qazandırır- ARAŞDIRMA

Beynəlxalq Qızıl Xaç Komitəsi erməni snayperlərinə bəraət qazandırır- ARAŞDIRMA

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində demək olar ki, hər gün atəşkəs rejiminin pozulması halları baş verir. Bəzən bu atışmalar zamanı həm hərbçilərin, həm də cəbhəyanı ərazilərdə yaşayan mülki şəxslərin yaralanması və ya ölməsi faktları qeydə alınır. Birmənalı olaraq mülki şəxslərin yaralanması və ya ölməsi hallarına yalnız Azərbaycan tərəfində rast gəlinir. Bu, onların Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində baş verir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin Bərdə ofisinin rəhbəri Nikolya Lamber Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsinin təsir etdiyi ərazilərdə yaşayan mülki şəxslərin öz təsərrüfat sahələrində çalışarkən və ya öz gündəlik fəaliyyəti ilə məşğul olarkən hərbi geyim (pencək, gödəkcə, şalvar və ya papaq) geyinməsi təəssüf ki, cəbhə xəttinin bütün tərəflərində yaşayan mülki şəxslər üçün ümumi təcrübədir. Buna səbəb geyimin bu növünün nisbətən ucuzluğu, davamlılığı və rahatlığı ola bilər: "Münaqişənin təsir etdiyi ərazilərdə hərbi geyimli mülki şəxs yanlış olaraq silahlı qüvvələrin üzvü kimi qəbul edilmək və beləliklə də digər tərəfdən hərbi hədəf kimi seçilmək riskinə getmiş olur. Beynəlxalq humanitar hüquq tərəflərdən öz hədəflərinin hərbi olduğuna əminlik üçün mümkün olan hər bir şeyi etməyi tələb edir. Buna baxmayaraq, hərbi geyimli mülki şəxslər özlərini və həmçinin yaxınlıqdakıları yüksək risk altına qoyurlar. Bu risk təəssüf ki, tez-tez nəzərdən qaçırılır və ya lazımınca qiymətləndirilmir".

Onun sözlərinə görə, BQXK cəbhəyanı icmalara çoxsaylı səfərləri zamanı davamlı şəkildə mülki əhalinin bu barədə həssaslığını artırır və onlara bununla bağlı xəbərdarlıq edir: "İnsanlar BQXK-nın məsləhətlərinə qulaq asırlar. Biz görürük ki, məlumatlandırılanlar riski anlayır və əgər onların büdcəsi imkan verirsə, vərdişlərini dəyişirlər".

Məsələ ilə bağlı Milli Məclisin Təhülkəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Trend-ə bildirib ki, BQXK nümayəndəsinin bu açıqlaması dolayısı ilə erməni silahlılarının mülki vətəndaşlarımızı atəşə tutumasına haqq qazandırmağa yönəlib: "Şəxsən mən cəbhə bölgəsində çox oluram, amma hələ ki mülki şəxslərin hərbi geyimdə olması hallarına rast gəlməmişəm. Azərbaycanın daxilində, paytaxtda, tikintidə və s. işlərdə hərbi geyimin bir hissəsinin - şalvarının və ya pencəyinin geyinilməsi hallarına rast gəlmişəm. Hesab edirəm ki, bu açıqlamada həm Ermənistanı, həm Azərbaycanı tərəzinin bir gözünə qoymaq əhval-ruhiyyəsi hiss edilir və Ermənistan snayperlərinə dolayısı ilə haqq qazandırılmağa çalışılır. 4 il bundan əvvəl 9 yaşlı Fariz Bədəlov öz həyətində oynayarkən erməni snayperi tərəfindən güllələnəndə onun əynində hərbi forma yox idi. Eyni zamanda, cəbhə xəttinə yaxın ərazilərdə erməni silahlıları tərəfindən gülləyə tutulan mal-qara otaran, traktorla torpağını şumlayan insanların dinc əməklə məşğul olduqları göz qarşısındadır. Sadəcə olaraq erməni tərəfi daima Azərbaycana hərbi təzyiq göstərmək, xof yaratmaq üçün yaxşı qorunan cəbhə xəttində bir iş görə bilmədiyinə görə,öz gücünə mülki vətəndaşların üzərində qurur.

Çox maraqlıdır, əgər bu, həqiqətən belədirsə, nəyə görə cəbhə xəttinin erməni tərəfində bir dəfə də olsun Azərbaycan snayperləri tərəfindən bir nəfər də olsun hərbi geyimdə olan mülki şəxs qətlə yetirilməyib? Nədənsə bu hallar yalnız Azərbaycan tərəfində baş verib? Göründüyü kimi söhbət burada cəbhə xəttində hərbi geyimdən istifadə edənlərdən deyil, Ermənistan snayperlərinin adi insani qaydaları pozmasından gedir. Düzdür, cəbhə xəttində yaşayanlar təhlükəsizlik qaydalarını qorumağa çalışır, hətta əkin, mal-qara otarmaq işini də gecəyə saxlayırlar. Biz mütəmadi olaraq cəbhəyanı ərazilərdəki evlərin divarlarının, darvazaların da gülləbaran edildiyini görürük. Evlər ki hərbi forma geyinməyiblər. Mən burada BQXK tərəfindən məsələyə məqsədli şəkildə qərəzli yanaşıldığını düşünürəm".

BQXK rəsmisinin bu açıqlamasına münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərgahlı Trend-ə bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ərazilərini atəşə tutarkən həm hərbçiləri, həm də mülki əhalimizi nişan alırlar: "Yəni düşmən hərbi formadan və ya mülki geyimdən asılı olmayaraq, uşaq, qadın, qoca demədən hər kəsi atəşə tutur. 2011-ci ilin mart ayında erməni gülləsinə qurban gedən 9 yaşlı Fariz Bədəlov heç də hərbi geyimdə deyildi və yaxud cari ilin yanvar ayının 23-də Tovuz rayonunun Əlibəyli kənd sakini, 28 yaşlı Hüseynova Ruhəngiz Əhməd qızı ayaq nahiyəsindən yaralanarkən hərbi geyimdə deyildi. Düşməndən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri mülki obyektlərə, dinc sakinlərə atəş açmayıb və indi də bu əmr yerinə yetirilir".

Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, hərbi geyim forması - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi liseylərin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir. Məhz bu səbəbdən də hərbi formanın mülki vətəndaşlar tərəfindən daşınması məqbul sayılmır: "Xüsusilə bu, döyüş bölgəsində yerləşən cəbhəyanı rayonlarımızın sakinlərinə aiddir. Burada iki - təhlükəsizlik və mənəvi məqam diqqəti cəlb edir. Birinci, ona görə ki, düşmənin hədəfinə çevrilmək ehtimalı artır. İkinci isə, düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada mənəvi hüquqdan, yəni mülki vətəndaşlarımızın hərbi libası daşımaq haqqından və hüququndan söhbət gedir".

V.Dərgahlı deyib ki, bununla yanaşı, qanunvericilikdə bu məsələdə müəyyən məhdudiyyətlər mövcuddur: "Məsələn, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar hissəsinin 310-2 maddəsində göstərilir ki, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 25 manatdan 40 manatadək miqdarda cərimə edilir. Düzdür, burada hərbi geyimin üzərində hərbi nişanların daşınmasına qadağa qoyulmasından söhbət gedir.

Amma öz tərəfimizdən bildirmək istərdik ki, bu məsələdə vətəndaşlarımız ümumilikdə hərbi geyimin, hərbi xidmətin, hərbi qulluqçunun nüfuzunun artırılması baxımından özləri hərbi libasa yüksək qiymət verməli və bu məsələdə məhdudiyyət qoyulmasına anlayışla yanaşmalıdırlar. Eyni zamanda, bildirirəm ki, hərbi geyim daşımaq hüququ verilən istər ehtiyatda və istefada olan, istərsə də hərbi xidmətdə olan hərbi qulluqçular o formaya hörmətlə yanaşmalı və onları Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olaraq nöqsanlara yol vermədən daşımalıdırlar. Əks halda onlar İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq cəzalandırılırlar".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR