• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanda gənc ailələrdə sonsuzluq artır

Azərbaycanda gənc ailələrdə sonsuzluq artır

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da ailə quran gənclər arasında sonsuzluq getdikcə artır. Ailələr arasında sonsuzluğun təxminən 15%-ə qədər çatması ilə bağlı məlumatlar var. Çoxlu sayda ailələr bizə müraciət edir, statistikalara baxırıq, boşanan ailələrin çoxunda övladsızlıq böyük rol oynayır”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında deyib.

Q.Paşayeva "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin qəbulu məsələsini yenidən gündəmə gətirib.

Millət vəkili bildirib ki, sonsuzluqla qarşılaşan ailələrə tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməlidir.

“Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında" Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələrin layihədən çıxararaq ilkin müzakirələrə gecikmədən başlamalıyıq. Amma süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir. Bu gün süni mayalanma əməliyyatının qiyməti baha olduğundan maddi imkanları orta və aşağı olan insanlar sonsuzluq problemi ilə üzləşdiyi zaman süni mayalanmadan yararlana bilmirlər. Qanun layihəsində isə qeyd edilib ki, bu cür ailələr 10 ilə yaxın övladı olmadığı təqdirdə bir dəfə dövlət tərəfindən pulsuz olaraq bu əməliyyatdan yararlana biləcəklər, yəni süni mayalanma əməliyyatının pulu dövlət tərəfindən ödəniləcək. Bu isə minlərlə ailəyə dəstək deməkdir. Ona görə də bu ailələr bizə müraciət edərək xahiş edirlər ki, qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul edilsin.Mən də onların müraciətlərini burda səsləndirərək parlamentimizi bu məsələni yaxın günlərdə yenidən müzakirəyə çıxarmağa çağırıram."

Xəbər lenti

DAHA ÇOX XƏBƏR