Bakıda hamilə qadınlara, qocalara və əlillərə pulsuz taksi xidməti – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda hamilə qadınlara, qocalara və əlillərə pulsuz taksi xidməti – FOTOLAR

Biləcəri qəsəbəsindəki avtobus dayanacağının yaxınlığında, habelə paytaxtın mikrorayonlarında hər gün səhər bir taksi dayanır. Bu fərdi avtomobilin xidməti bütün taksilərdən qeyri-adiliyi ilə fərqlənir. Maşının şüşəsinin üzərinə “Hamilə qadınlara, yaşlılara və əlillərə xidmət pulsuzdur” elanını yazmış sürücü Seymur Təhməzovun xidmətlərindən istifadə edənlər bildirirlər ki, o, doğrudan da, hamilə qadınlardan, qocalardan və əlillərdən gediş haqqı almır, bu zümrədən olan insanlara təmənnasız xidmət göstərir. Paytaxtda unikal taksi xidməti göstərən bu xeyirxah insanla görüşüb tanış olduq.

“Qurban, Ramazan bayramlarında hər kəsə pulsuz xidmət göstərirəm”

1979-cu ildə Laçın rayonunda anadan olmuş Seymur Təhməzov məcburi köçkündür: “Biləcəri qəsəbəsindəki Dəmiryol Nəqliyyatının Yataqxanasında məskunlaşmışam. Ailəliyəm, 2 övladım var. Şükür Allaha, dolanışığım yaxşıdır. Ali təhsilliyəm. 2000-ci ildə Təfəkkür Universitetinin Gömrük işinin təşkili və onun idarə edilməsi fakültəsini bitirmişəm. Müxtəlif səbəblər üzündən ixtisasım üzrə çalışmadım. Bir müddət ayrı-ayrı işlərdə, o cümlədən şirniyyat sexində işlədim. Şirniyyatları peçdən çıxarırdım. Lakin bu, ağır iş olduğundan səyyar ticarətlə məşğul olmağa başladım. 2005-ci ildən taksi xidməti göstərirəm. Bu, artıq beşinci avtomobilimdir. Taksi sürücüsü kimi fəaliyyətə başladıqdan sonra ürəyimdən həmişə ehtiyacı olan insanlara yaxşılıq, xeyirxahlıq etmək keçirdi. Qarlı, yağışlı havalarda küçədə qalan adamları görəndə maşını saxlayıram ki, əyləşin, aparım. Bəziləri elə bilir pula görə belə edirəm. Ona görə də maşına minməkdən imtina edirlər. Belə olduqda deyirəm ki, əyləşin, sizdən gediş haqqı istəmirəm, pulsuz aparacam. Pulsuz apardığım insanların üzündə gördüyüm xoş ifadə, mehribanlıq, sevinc mənə hər şeydən əzizdir. Buna görə də başa düşdüm ki, bir insanın qəlbini sevindirmək nəyə desən dəyər.

Hər bir insanın Allah rizası üçün kiməsə yaxşılıq etməsi daha gözəldir. Necə deyərlər, tikan olub ayağa batmaqdansa, ayağa batan tikanı çıxarmaq daha yaxşıdır. Gün ərzində heç olmasa bircə nəfərə imkanım daxilində kömək etməyi özümə borc bilirəm. Qurban və Ramazan bayramlarında, ümumiyyətlə, hər kəsə pulsuz xidmət göstərirəm. Həmin günlərdə avtomobilimin üzərinə elan yazıb vururam ki, şəhər daxilində hər kəsi pulsuz istədiyi ünvana çatdıra bilərəm. Kim istəsə, maşınıma əyləşib şəhər daxilində hara istəsə gedə bilər. “Gediş haqqı” bircə kəlmə “Allah sənin köməyin olsun” duasından ibarətdir. Bayram günlərində avtomobilimin benzinini öz hesabıma alıram. Əgər Allahın buyurduğu savab işi yerinə yetirirəmsə, bu, mənim qazancımdır.

İnsanlarımızın bir qisminin maddi durumunun aşağı olması səbəbindən qərara aldım ki, hamilə qadınlarla, qocalarla və əlillərlə bağlı xeyriyyə aksiyası keçirim. Bunu özümə mənəvi borc bildim. Çünki hamilə qadın Allahla insan arasında yaradıcı anadır. Yer üzündə ananın əvəzini verə biləcək ikinci bir insan yoxdur”.

Daimi müştərilərinin olduğunu deyən müsahibim əvvəllər bir neçə avtomobil sürsə də, pulsuz xidmət elanını ilk dəfə 4 il öncə “Opel” maşınının şüşəsinin üzərinə yazıb: “2011-ci ildən hamilə qadınlara, yaşlılara və əlillərə pulsuz xidmət göstərirəm. Elə olub ki, heç özümün də pulum olmayıb, sərnişini pulsuz aparanda maşının benzini qurtarıb və sürücü yoldaşlarımdan birinə zəng edib, onu köməyə çağırmışam. Amma sərnişinlərdən pul almamışam. Bununla da həmin insanlara kömək etmişəm. Allah bunun əvəzini mənə birəbeş verir. Gün ərzində bir hamilə qadına, qocaya və ya əlilə xidmət etməklə heç də kasıb olmaram. Elə olur ki, avtomobilimə pulsuz minmək istəyənlər günlərlə olmur. Elə gün də olur bir-iki dəfə hamilə qadın, əlil, ya da qoca minir.

Ehtiyacı olanlara pulsuz xidmət göstərmək təşəbbüsü öz içimdən gəldi. Bunu mənə heç kim təklif etmədi. Sonuncu dəfə avtomobilimlə insanlara ötən ay pulsuz xidmət göstərmişəm. Sərnişinlərim üç nəfər idi - hamilə qadın, əlil kişi və onun həyat yoldaşı. Onları Əhmədli qəsəbəsinə apardım. Yaşlı kişi danışığından savadlı adama oxşayırdı. Avtomobilimin üstünə yazıb vurduğum elanı görüb maşına mindilər. Buna görə də düşəndə yol pulunu vermədilər, təkcə “çox sağ ol” deyib getdilər. Elə olur, 10-15 gün maşınıma hamilə qadın, əlil, qoca minmir. Ancaq bəzən də dalbadal hamilə qadın, əlil və yaşlı müştərilər olur”.

“İnad etsəm də, hamilə qadın pulunu almadı”

Onun sözlərinə görə, pulsuz xidmət elanına baxmayaraq, bəzən gediş haqqını verənlər də olur: “Fevralda maşınıma bir hamilə qadın əyləşdi. Onu “Skazka”nın yanına apardım. Maşından düşəndə oturacağın üstünə 5 manat qoydu. Dedim bacı, gediş haqqı sizin üçün pulsuzdur. Nə qədər inad etsəm də, qadın pulu götürmədi. Belə hallar dəfələrlə baş verib”.

Bəziləri gediş haqqının pulsuz olduğunu bilsələr də, pul veriblər: “Bir qismi pulu uzadıb deyir ki, sən mənə hörmət etmək istəyirsən, amma imkanım olduğundan sənə artıq pul verirəm. Qoy mən də sənə xeyirxahlıq edim. Hətta artıq pul da verən olub. Belə olduqda həmin pulları ehtiyacı olanlara, yol kənarında dayanan əlillərə, fiziki qüsurlu adamlara verirəm. Yəni gediş haqqı verən hamilə qadınların, yaşlıların və əlillərin pullarını özüm və ailəm üçün xərcləmir, evimə aparmıram”.

Müsahibim ayrı-ayrı gənclərin ictimai nəqliyyatda qocalara, hamilə qadınlara və əlillərə yer verməmələrindən təəssüflənir: “Bəzi sürücülər yolu keçən piyadalara hörmət etmirlər. Belə aksiyalar keçirməkdə əsas məqsədim insanlar arasında xeyirxahlığın artırılmasına nail olmaqdır. Ata-anasına hörmət edən hər kəs yaşlılara və hamilə qadınlara hörmət etməli, onlara təmənnasız xidmət göstərməlidir. Bu, bizim gələcək nəsillər üçün də örnəkdir. Hər birimizin evində, doğmaları arasında yaşlı nəslin nümayəndələri var. Odur ki, onlara ehtiram borcumuzdur. O ki qaldı əlillərə, onların bir qismi Qarabağda bizim uğrumuzda döyüşüblər. Bəziləri fiziki qüsurlu olduğundan avtobusa minə bilmirlər. Onların taksiylə gedib-gəlmələrinə ehtiyac var. Bu dayanacaqdan şəhərimizin ən uzaq yeri Əhmədli qəsəbəsidir. Ehtiyacı olan kimisə pulsuz ora aparsam, bunun maksimal xərci 1 manatlıq benzin olacaq. Deməli, cəmi 1 manatlıq benzinlə hansısa hamilə qadını, qocanı və əlili sevindirə bilərəm”.

“Bir gün elə oldu ki, 6 dəfə pulsuz xidmət göstərdim”

Seymur deyir ki, hamilə qadınlara, yaşlılara və əlillərə pulsuz xidmət maddi cəhətdən o qədər də ziyan gətirmir: “Bu, ötən il baş verdi. Bir gün elə oldu ki, 6 dəfə pulsuz xidmət göstərdim. Hamilə qadın, əlil və qoca mindi. Heç birindən pul almadım, hamısı dua edib maşından düşdülər”.

Seymurun sözlərinə görə, onun yaxşı əməllərinin qiyməti heç vaxt itmir: “2011-ci ilin qış ayı idi, qar yağdığından, yollar buz bağlamışdı. Maşında əyləşib müştəri gözləyir, telefonla danışırdım. Bir kişi yaxınlaşıb dedi ki, 5 manata Günəşliyə apararsan? Fikrim telefonda qaldığından dedim ki, ağsaqqal, belə buzlu yollarda bu qədər uzun məsafəni 5 manata getmək sərf eləmir. Başqası olsaydı, 20 manatdan aşağı gediş haqqı almazdım. Birdən başa düşdüm ki, fikrim telefonla danışdığım adamın yanında qaldığından səhvə yol vermişəm. Dərhal telefonu qapadıb, maşından düşdüm. Ona yaxınlaşıb dedim ki, ağsaqqal, üzr istəyirəm, telefonla danışırdım, başım qarışmışdı, əyləş, aparım. İmtina etdi. İkinci dəfə dedim ki, ağsaqqal, üzrlü say, əyləş, aparım. O əyləşdi və Günəşliyə getdik. Getdiyi ünvana çatanda çıxarıb 5 manat verdi. Yol qarlı olduğundan və digər xərclər səbəbindən pulun 3 manatını götürüb, 2 manatını ona qaytardım. Dedim, heç olmasa, sizin cibinizdə də pul qalsın. O sevindi, təşəkkür edib getdi. Bundan bir gün sonra yenə işə çıxdım. Həmin gün təkcə günortaya kimi qazancım düz 370 manat oldu. Allah həmin hörmətimi 100 dəfə artıq halal qazancla mükafatlandırdı. Şükür Allaha ki, evə əliboş getdiyim gün olmayıb. Çünki daimi müştərilərim və gündəlik qazancım var”.

“Gülməli və qan qaraldan hadisələr çox olur”

Onun sözlərinə görə, bəzən müştərilər başqa sürücülərdən onları harasa aparmağı xahiş edirlər: “Deyirlər ki, cəmi 3 manatım var, filan yerə apararsan? Sürücü isə bu pulun sərf etmədiyini deyir. Belə olduqda həmin sərnişinə deyirəm ki, əyləş, pulsuz aparım”.

Gündəlik qazancı 25-30 manat olan Seymur Təhməzov bildirdi ki, pulsuz taksi xidmətini görənlər bəzən onu aldatmaq istəyiblər: “Müştəri gözləyirdim, 3 cavan oğlan mənə yaxınlaşıb yoldaşlarının əlil olduğunu dedilər. Soruşdular ki, onu filan yerə neçəyə apararsan? Dedim maşının üstündəki elanı görmürsünüz? Başa düşdüm ki, məndən sui-istifadə etmək istəyirlər. Maşından düşdüm, gördüm ki, yalan danışırlar, o, əlil deyil, sadəcə ayağı əzilib. Onların bu təklifini pis qarşıladım. Dedim əgər ehtiyacınız varsa, gəlin düzünü danışın, deyin ki, bizi filan yerə apar. Niyə yalan danışırsınız? Həmin adama əlilliyi də başa saldım, insanlığı da. Amma bilmədim anladı, yoxsa yox”.

Taksi sürücüsü kimi fəaliyyəti zamanı bəzən məzəli hadisələrlə qarşılaşmış Seymur Təhməzov maraqlı xatirəsini bölüşdü: “Qız arxa oturacağa əyləşib salam verdi. Mən də salamını aldım. Adətən, müştərim qadın olduqda güzgüdən arxaya baxmıram. Aramızda belə dialoq başladı. Soruşdu:

- Necəsiniz?

- Çox sağ olun, yaxşı olasınız.

- Evdə-eşikdə?

- Salamatlıqdır.

- Ata-ananız, qardaşınız necədir?

- Yaxşıdırlar, çox sağ olun.

- Almaniyadan nə vaxt gəldiniz?

Onun bu sualını eşidəndə təəccübləndim. Çünki Almaniyaya getməmişəm. Güzgüdən arxa oturacağa baxdım. Sən demə, qız bayaqdan telefonla başqası ilə danışırmış. Mən də elə bilmişəm mənimlə danışır. Taksi xidmətində gülməli hadisə də, qan qaraldan olaylar da çox olur”.

Bir dəfə Rəsulzadə qəsəbəsində bir müştəri oturub, ondan maşını 7-ci mikrorayona sürməsini sifariş edib: “Heç qiymət də soruşmadı. Adətən, ordan bura gediş haqqı kimi 5 manat alırıq. Müştəri düşəndə 20 manat pul uzatdı. Dedim qardaş, xırda pul ver, 20 manata xırdam, qalığım yoxdur. Cavab verdi ki, səndən kimdir qalıq pul istəyən? Bunu deyib getdi”.

O arzu edir ki, paytaxtda bu cür xeyriyyə aksiyaları çox keçirilsin. Seymur onunla sağollaşıb ayrılanda da xeyirxah təklifindən qalmadı: “Əyləşin, redaksiyaya pulsuz aparım”.

Anar Tağıyev

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm