Hadı Rəcəbli danışdı: "Mənim heç bir obyektim yoxdur"
Bizi izləyin

Qırmızı.az

Hadı Rəcəbli danışdı: "Mənim heç bir obyektim yoxdur"

Hüquq-mühafizə orqanları əməkdaşları Lənkəranın “Palıdlı sahil” restoranında əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər gəncin həbs olunduğu bildirilir.

Həbs edilənlərdən birinin 2004-cü ildə “Ginnesin Rekordlar Kitabı”na adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə olduğu müəyyənləşib. Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord “Ginnesin Rekordlar Kitabına” düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.

“Palıdlı sahil” İstirahət Mərkəzinin sahibi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblidir.

Mənbənin məlumatına görə, Hadi Rəcəbli həbs olunanların azad edilməsi ilə bağlı hüquq-mühafizə orqanlari ilə danışıqlar aparır: “İdmançılardan ibarət həmin dəstə deputatın himayəsində olub. Dəstənin kriminal ”razborkalarda" iştirakı ehtimal edilir", - deyə mənbə bildirib.

“Yeni Müsavat”a açıqlamasında Hadi Rəcəbli ehtimallar üzərində qurulan yazının mətbuatda işıqlandırılmasını doğru hesab etmədiyini qeyd edib: “Hadi Musa oğlu Rəcəblinin mülkiyyətində heç bir sahibkarlıq obyekti yoxdur.

Buna qədər də olmayıb, indi də yoxdur. Dünən gecə mətbuatdan bu barədə xəbər oxudum. Doğrudur, Lənkəranda cinayətkarlığa qarşı ardıcıl mübarizə aparılır. Mən tərəfdən bunlar alqışlanır, müdafiə olunur. Lənkəranda yüzlərlə yer var. Onlarla mehmanxana var. Bunun Hadi Rəcəbliyə nə dəxli var? Mən onların nə özünü, nə də ailələrini tanıyıram. Hadi Rəcəbli işlədiyi dövrdə daxili işlərin Lənkəran Polis Şöbəsinə bir dəfə də olsun zəng etməyib. Bunu inzibati orqanlardan hər kəs soruşa bilər. 45 il siyasətdə olan biri kimi, bir dəfə olsun ki, jurnalistləri məhkəməyə verməmişəm. Buna artıq təəssüf edirəm. Mənə qarşı dəfələrlə ədalətsiz, qeyri-obyektiv yazılar yazılıb. Haqqımda sözlər oynadılıb. Demədiyim sözlər başlığa çıxarılıb. Bunlar məni ağrıdır. Mən jurnalist çörəyi yemişəm. Bölgə müxbiri olmuşam. Jurnalistlərlə dostluq etmişəm. ”Jurnalistlərin dostu" seçilmişəm. Son vaxtlar haqqımda belə ədalətsiz yazılar ortaya çıxır. Niyə başqa adam yox, Hadi Rəcəbli ehtimal olunur? İndiyə qədər hansı cinayətkarla əlaqəm olub? Bu suallar məni düşündürür. Hesab edirəm ki, hörmət etdiyim, oxunaqlı qəzet olan, içərisində dəyərli jurnalistlər olan bir mətbuat orqanında belə yazı dərc olunsun, ehtimal olan yazılar getsin".

Deputat jurnalistlərə müraciət etdi: “Bir daha jurnalist dostlarıma müraciət edirəm. Ədalətsiz olmayın, haqsız yazılar yazmayın, təpədən-dırnağa yalanları ortaya qoymayın, məsələləri araşdırın, bundan sonra ortaya çıxarın. Cinayət Məcəlləsində maddə var. Cinayət sübut olunmamış, cinayətkar ola bilməzsən. Ona görə də, bu məsələlərdə həmkarlarıma müraciət edib, deyirəm ki, 45 illik ənənəni pozmayın. Məni məhkəmə orqanlarına müraciət etməyə vadar etməyin”.

Hadi Rəcəbli barəsində yazılar davam edərsə, məhkəməyə müraciət edəcəyini də qeyd etdi: “Görün nə qədər yalan xəbərdir. Sən demə, cinayətkar dəstənin başında mən dururmuşam. Bir saytın xəbərinə digərləri əlavələr edir. Guya mən cinayətkar dəstəni müdafiə etmək üçün danışıqlar aparıram. Belə yazıları yazmaq olmaz. Yaxınlarım, dost-tanışlarım mənə zəng vuraraq, məsələ barəsində soruşurlar. Belə olmaz axı. Kimsə lənkəranlıdırsa, indi oradan olmayım? Ehtimal edəndə, ehtiyatlı, diqqətli, obyektiv olun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm