• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanda özəlləşdirmə çekləri ilə bağlı dələduzluq

Azərbaycanda özəlləşdirmə çekləri ilə bağlı dələduzluq

Azərbaycanda özəlləşdirmə çeklərinin artıq 4 ildən çoxdur dövriyyədən çıxarılmasına baxmayaraq, ölkənin müxtəlif bölgələrindəki “qara bazar”larda özəlləşdirmə payları ilə bağlı müəyyən alqı-satqı əməliyyatları həyata keçirilir.

Trend xəbər verir ki, son zamanlar hətta vətəndaşlar arasında istifadə müddəti bitmiş həmin çeklərin bazarda qiymətlərinin guya qalxması barədə məqsədyönlü şəkildə şayiələr də yayılır.

Əldə etdiyimiz məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bununla bağlı “qara bazar”da fırıldaqçılığa və dələduzluğa yol verənlərə qarşı tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin buna baxmayaraq, ölkənin müxtəlif şəhərlərində “qara bazar”larda vətəndaşların aldadılması prosesi davam edir.

ƏMDK-dən Trend-ə bildiriblər ki, vaxtilə qəbul olunmuş dövlət proqramında çeklərin özəlləşdirmə prosesində istifadə qaydası və müddəti müəyyən olunub. Lakin bu müddət artıq çoxdan başa çatıb və qanunvericilik çərçivəsində digər özəlləşdirmə üsulları müəyyənləşdirilib.

Qeyd edək ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb və iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvarın 1-dək anadan olmuş hər bir Azərbaycan vətəndaşına 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadə edilib.

Özəlləşdirmə dövrü ərzində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edir.

Dövlət özəlləşdirmə paylarından daha geniş istifadə edilməsi məqsədilə onların dövriyyə müddəti bir neçə dəfə uzadılıb (2002-ci il yanvarın 1-dək, 2004-cü il iyulun 1-dək, 2008-ci il yanvarın 1-dək və son dəfə 2010-cu il dekabrın 31-dək).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR