• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Millət vəkili türkiyəli jurnalistləri Qarabağ həqiqətlərinin yayılmasında aktiv olmağa çağırdı

Millət vəkili türkiyəli jurnalistləri Qarabağ həqiqətlərinin yayılmasında aktiv olmağa çağırdı

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Mətbuat Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşüb.

Publika.az xəbər verir ki, qardaş ölkənin Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Yılmaz Karaca başçılıq etdiyi və «Sabah», «Posta», «Hürriyyət» qəzetlərinin, Fox, NTV, ATV, «Kanal A», «CNN türk» və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti üzvləri ilə görüşdə Türkiyənin media nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva “bir millət iki dövlət ”olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu yüksək dəyərləndirib, ölkələrimiz arasında həyata keçirilən böyük layihələrdən danışıb.

Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənin gücüdür fikrini xüsusi vurğulayan Qənirə Paşayeva Azərbaycanın daha geniş və doğru şəkildə qardaş ölkədə tanıdılmasında Türkiyə KİV-lərinin daha aktiv olmasının vacibliyindən də danışıb. Millət vəkili onlara Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də danışıb.

Q.Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Millət vəkili eyni zamanda media nümayəndələrinə Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də danışıb. Türkiyənin media nümayəndələri Azərbaycanda olduqlarından məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər və geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili Azərbaycan həqiqətlərini proqramlar, sənədli filmlər, məqalələr vasitəsi ilə qardaş Türkiyə ictimaiyyətinə daha geniş miqyasda çatdırılmasının çox vacib olduğunu vurğulayıb. Jurnalistlərə tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinə dair kitab, sənədli film və materiallar təqdim edən millət vəkili Qənirə Paşayeva onlara həmmüəllifi olduğu "Hocalı Soykırımı:Tanıkların dilinden" kitabını və qardaş Türkiyədə çıxan kitablarını da hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva DHA (Doğan Haber Agentliyi)nə geniş müsahibə verib və jurnalistlərin suallarını da cavablandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR