Azərbaycanda "asan ölüm" xofu-ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda "asan ölüm" xofu-ARAŞDIRMA

Azərbaycanda "asan ölüm" xofu-ARAŞDIRMA

Elşad Miri:"Evtanaziyaya Azərbaycanda icazənin verilməsi bu yolla ölümü seçənlərin,özünəqəsd edənlərin sayını artıra bilər"

Ötən gün Azərbaycanda baş verən bir hadisə Azərbaycanda evtanaziya məsələsini yenidən gündəmə gətirdi. Fevralın 18-də epilepsiya və şəkər xəstəliyindən əziyyət çəkən Şəfiqə Quliyeva Nəsimi rayonu ərazisində yaşadığı mənzildə üzərinə neft tökərək özünü yandırıb. Məlumatlara görə, xəstə şiddətli ağrılara dözmədiyindən bu addımı atıb. Qeyd edək ki, bu cür hadisələr zaman-zaman baş verir və ağır xəstəliklərdən əziyyət çəkən insanlar sonda könüllü şəkildə ölümü seçirlər. Azərbaycanda belə xəstələrin çıxış yolu özünəqəsd olsa da, bəzi Avropa ölkələrində belə xəstələrin həyatla vidalaşması tibbi müdaxilə ilə gerçəkləşir. Cəmiyyətdə birmənalı şəkildə qəbul olunmayan, evtanaziya adlandırılan bu üsul, "asan ölüm” hesab olunur. Öncə qeyd edək ki, evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Evtanaziya ən çox 20-ci yüzilin birinci yarısında Avropa ölkələrində tətbiq olunub. Ağır xəstəliyə tutulanlar əzablardan can qurtarmaq üçün evtanaziyanı seçib. İkinci dünya savaşına qədər bir sıra Avropa ölkələrində bu hətta dəb halına gəlib. Həyatına evtanaziya vasitəsilə son verən məşhurlar sırasında filosof Ziqmund Freyd də var. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da evtanaziya ilə bu dünya ilə vidalaşıb.

ABŞ-dan olan erməni əsilli həkim Cek Gevorkyan isə 130 nəfəri evtanaziya edərək insanlıq tarixinə "ölüm həkimi” kimi düşüb. Gevorkyan bulvar qəzetlərindən birindəki elanda yazırdı: "Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm”. Məsələnin üstü açıldıqdan sonra C.Gevorkyana 25 il həbs kəsilib və o, həkimlik haqlarından ömürlük məhrum edilib. Bu gün Azərbaycanda evtanaziya qadağan olsa da, son vaxtlar ağır xəstələrin əzablardan qurtulmaq üçün özünəqəsd yolunu seçməsi "asan ölümü" Azərbaycanda da gündəmə gətirir. Movqe.az evtanaziyaya Azərbaycanda ehtiyac duyulub-duyulmadığını, ümumiyyətlə bu üsulun tətbiqi istiqamətində ölkəmizdə qadağanın götürülməsinin mümkün olub-olmadığını araşdırıb. Millət vəkili Rafiq Məmmədhəsənov Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda evtanaziyanın tətbiqinə hələki lüzum yoxdur:" Bu insanlıq baxımından da doğru addım sayılmır. Həmçinin cəmiyyətimiz buna hazır deyil. Biz İslam dinini qəbul etmişik. Dinimiz isə insanı öldürməyi günah sayır. Üstəlik bəzi etik məsələlər var ki, kimisə həyatdan etmək düzgün qəbul edilə bilməz".

Millət vəkilinin fikrincə, xəstə insanların özünü öldürməsi onlarda hansısa psixi pozğunluğun nəticəsidir: "İnsan var ki, uzun illər ağrı ilə yaşayır. İnsan da var ağrılara dözmür özünəqəsd edir. Belə insanlara kömək üçün evtanaziyanı gündəmə gətirmək, qadağanı aradan qaldırmaq düzgün deyil. Bizdə bu məsələyə baxmaq hələ tezdir".

Psixoloq Dəyanət Rzayev isə ağrılardan xilas olmaq üçün əlacsız durumda evtanaziyaya əl atmağın mümkün olduğunu, amma Azərbaycan cəmiyyətində bunun mümkünsüz olduğunu söyləyir: "Freyd də bu yola əl atıb. Onun ölümünə evtanaziya kömək edib. Bizin cəmiyyətdə isə bu qəbul olunmur. Çünki dinimiz də bunu günah hesab edir".

D. Rzayev ağrılardan xilas olmaq üçün evtanaziyanı seçən xəstələrin psixi durumu ilə bağlı səsləndirilənlərin doğru olmadığını deyir: "Evtanaziya qadağan olduğundan özü canına qəsd edən insanların psixi durumu onları ölümə aparan səbəb deyil. İnsan var ki, ağrılara çox dözümsüzdür. Ağrı şiddətləndikcə, eləcə də sonunun ölüm olduğunu bildikdə bu dünyadan vaxtında, yəni əza çəkmədən köçmək istəyir. Belə halda xarici ölkələrdə xəstələrin köməyinə avtanaziya çatır. Bizdə isə cəmiyyətin bunu qəbul etməməsi, xəstəni özünəqəsd etməyə vadar edir".

İlahiyyatçı alim Elşad Miri isə deyir ki, nəinki İslam bütün dinlər evtanaziyanı günah sayır: "İnsanın özünün könüllü şəkildə özünə qəsd etməsi və yaxud onun tələbi ilə ölümünün gerçəkləşməsi dində günah sayılır. Hətta Məhəmməd Peyğəmbər (HZ.sv) belə özünə qıyan insanların cənazə namazını özü qılmayıb. Bu insanları özünəqəsddən çəkindirmək məqsədi daşıyıb. Odur ki,evtanaziyaya Azərbaycanda icazənin verilməsi bu yolla ölümü seçənlərin, özünəqəsd edənlərin sayını artıra bilər".



Mövqe.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm