Direktor təkzib edir: “Paxıllıqdan irəli gəlir”
Bizi izləyin

Qırmızı.az

Direktor təkzib edir: “Paxıllıqdan irəli gəlir”

Bu gün mətbuatda Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Bəhruz Səlimxanovun işçilərin fəaliyyətini izləmək üçün müəllimlər otağına qanunsuz olaraq gizli kameralar quraşdırması barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, direktor kameralar vasitəsilə müəllimləri izləyir.

Məlumatda həmçinin direktorun şagird və müəllimləri təhqir etməsi, müəllimə yaraşmayan söhbətlər edərək, valideynlər arasında anlaşılmazlıq yaratması, valideynləri, əsasən, gənc anaları müxtəlif yollarla aldadaraq onlardan pul tələb etməsi bildirilir. Direktorun ayda 2-3 dəfə şagirdlərin biliklərini yoxlamaq məqsədilə test yoxlaması keçirərək 1 vərəq kağıza 1 manat qiymət qoyduğu qeyd olunur.

Məsələ ilə əlaqədar olaraq əvvəlcə məktəbin direktoru ilə əlaqə saxladıq.

Direktor Publika.az-a açıqlamasında ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb:

“Məktəbimizdə fond pulu yığılmır, şagirdlərdən hər hansı məqsədlə pul tələb edilməsi mümkün deyil. Şagirdlərin biliklərini yoxlamaq üçün iki aydan bir monitorinqlər təşkil edilir. Lakin onlardan heç bir vəsait toplanmır”.

O, haqqında yayılan bu fikirlərin böhtan xarakterli olduğunu və paxıllıqdan irəli gəldiyini deyir.

Kameralara gəldikdə isə direktor bildirib ki, onlar təhlükəsizlik məqsədilə yerləşdirilib:

“Məktəbdə bir neçə yerdə kamera yerləşdirilib. Burada məqsəd kimisə izləmək deyil, təhlükəsizliyi qorumaqdır. Müəllimlər otağında kamera yoxdur. Əvvəlki direktorun vaxtında 11-ci sinfin jurnalları itmişdi. Bu halların baş verməməsi üçün müəllimlər otağına kamera yerləşdirilməsi barədə əmr imzalamışam. Lakin hələ ki, kameralar yerləşdirilməyib. Hazırda bir sinif otağında və dəhlizlərdə kamera var, ümumilikdə məktəbdə 4 kamera var. Müəllimləri təhqir etməyimə gəldikdə, bu da yanlışdı. Onlara qarşı daim etik qaydalara uyğun davranırıq. Yazılan fikirlər böhtandır və mənim gənc olmağımdan irəli gəlir. Bu fikirləri yayanlar məktəbin daxilində mənə qarşı olan insanlardır. Dörd ildir məktəbdə direktor işləyirəm, müəyyən vaxtlarda mənə qarşı böhtan xarakterli şikayətlər olub. Sonradan onların doğru olmadığı sübut edilib”.

Qeyd edək ki, yayılan məlumatda bildirilir ki, direktor Dağıstan Respublikasındakı universitetlərdən birindən köçürmə yolla Elşad Abdullayevin fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetina daxil olub və oranı bitirib.

Direktor bu iddialar ilə də razılaşmadı.

“Mən Dağıstanda təhsil almamışam. Əvvəldən Azərbaycan Beynəlxalq Universitetində bakalavr, daha sonra Sumqayıt Dövlət Universitetində magistr təhsili almışam. Hazırda disertantam”.

Sumqayıt Təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov Publika.az-a açıqlamasında 9 saylı məktəb barədə onlara şikayət daxil olmadığını bildirib. Lakin o, iddiaların araşdırılacağını deyib:

“Həmin məktəbin direktorunun təhsili barədə dəqiq məlumatım yoxdur. Məktəblərimizdə 6 mindən çox insan çalışır, onların hamısının təhsili barədə dəqiq məlumatım olmaya bilər. Bunu araşdırmaq lazımdır. Bizə məktəblərlə bağlı şikayətlər olanda, araşdırırıq. Bu iddialara gəldikdə isə məktəbdə araşdırma apardıqdan sonra fikir söyləmək mümkündür”.

Məktəbdə kamera quraşdırılmasına gəldikdə, şöbə müdiri direktorun istədiyi yerdə kamera quraşdırmaq səlahiyyətinin olduğunu deyib:

“Məktəb direktorunun səlahiyyəti var ki, məktəbə başdan-başa kamera quraşdırsın. Kameranın gizli quraşdırılması barədə araşdırma aparmadan heç bir fikir deyə bilmərəm. Müəllimin dərs prosesini izləmək üçün sinif otaqlarına da kamera quraşdırıla bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm